Anar Hüseynzadənin "Abşeron Hekayəsi" rəsm sərgisinə ithaf
Hüzndən bədənlər yoğurdu rəssam
Meqapolisin dərviş ruhu oyandı rəsmdə.
İslandı yağışın rənginə Abşeron yarımadası,
Fatehsiz tikili kimi göründü gözümə Qız qalası.
Yalnızlığın min bir rəngi toxundu kətanda fırçayla,
sevgiliyə gül uzadan əllərin tənhalığı göründü,
İsa on iki həvari arasında yalqız,
Senatda Sezarı bıçaqlar təklədilər...
Troyalı Arqonavtlar dördə böldü qayığı,
macəranın gözləriylə görüldü uzaq yaşıl adalar -
"Şimala doğru" dedi sitarələr.
Gücün qolları avarları çəkdilər -
"Cənuba doğru" dedi küləklər.
Mavi yolun sirrini çözdü xəritələr -
"Qərbə doğru" dedi biliklər.
Duayla doldu göy qübbələr -
"Şərqə doğru" dedi ürəklər.
Yolların falına baxdı qoca şaman
və bu uzun yolların alın yazısında
ikicə söz oxundu: "Çıxıb getmək".
Çıxıb getmək bu almasız nağılın yarımadasından
tərkində armudlar olan atlarla...
Çıxıb getmək bu almasız nağılın yarımadasından
çərçivəyə sığmayan İkarus qanadlarla.
Çıxıb getmək, o yerə ki, yolumuzu gözləyir
bir qadın, səbətində almalarla...
Almanı dişləyib qovulmaq arzusu var canımda
Abşeron cənnətindən, Abşeron təkliyindən.
Abşeron -
küçələri tənhalığın təkrarına qafiyələnmiş
qoca və yorğun şərqin almasız nağılı,
oyan bu yuxunu.
Üzüqara gecələrinə de ki,
utanmasınlar günəşi yandırsınlar,
təkliyin qaradərilisini qaranlıqla qorxutmasınlar!
Gölməçələrinə, şüşəli binalarına və aynalarına de ki,
göstərməsinlər əksimizi,
çoxaltmasınlar yalnızlığımızı,
çoxaltmasınlar Abşeron yarım adamlığımızı...
Rəssam, evlərinə de ki, gözləməsinlər...
Bizi sevənlər getdilər
tərkində armudlar olan atlarla
və onlar birdə qapısı açıq bu ev rəsmlərinə
dönməyəcəklər - gəlməyəcəklər.