|
|
|
|

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən media işçiləri və universitetlərin jurnalistika fakultəsinin tələbələri arasında keçirilən “ZəkaSavaşı” intellektual oyun layihəsi davam edir.
Bu dəfə intellekt savaşına çıxan jurnalistlər Gənclərin Səsi radiosunun əməkdaşı Asim Cəlilov, Space televiziyasından Pərviz Hüseynov, BMM-nin jurnalisti Məsmə Əskərova, Lider televiziyasının işçisi Vasif Acalov, Kanal13 internet televiziyasından Şəfiqə Dadaşova və Nəzərmedia.az saytının müxbiri Cəsarət Yusifov olub.
Bir saatdan artıq davam edən oyunda həyəcanlı anlar, maraqlı məqamlar yaşanıb. İştirakçılar yüksək intellekt nümayiş etdiriblər. "Savaşın" sonunda 6 jurnalist arasında Kanal13 tv-nin əməkdaşı Şəfiqə Dadaşova birinciliyi əldə edib.
Layihənin rəhbəri Rövşən Abdurəhmanlı açıqlamasında qeyd edib ki, kimin birinci yerə çıxmasından asılı olmayaraq layihəni keçirməkdə əsas məqsəd kiminsə savadını və biliyini sınağa çəkmək deyil. "Biz bu layihə ilə jurnalistika sahəsində olan mövcud intellekt probleminə diqqət çəkmək və öz töhfəmizi vermək niyyətindəyik”- deyə, layihə rəhbəri bildirib.
Qeyd edək ki, “Zəka Savaşı” intellektual oyununda iştirak etmək istəyən jurnalistlər [email protected] elektron ünvanına özləri haqqında məlumat yazıb göndərə bilərlər.



