“Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaqdır”.
525.az-ın xəbərinə görə, bunu Prezident, Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı:
“Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq”.
“Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var”.
Dövlət başçısı vurğulayıb ki, vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat veriləcək:
“Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. İndi onları əfv etmək istəyirlər. İndi 5 minini əfv etmək istəyirlər. Bəs, qalan 5 min? Yəqin ki, çıxıb gedib, artıq Ermənistanda yoxdur. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir, peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh. Onlar bizi görəndə qabağımızdan qaçırdılar, biz onları hər gün qovurduq”.
Ali Baş Komandan qeyd edib ki, bütün əməliyyatlar düşünülmüş şəkildə aparılıb:
“Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha da tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi. Ancaq bu, müharibədir, onu planlaşdırmaq mümkün deyil. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi. On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir. Onlar öz əsgərlərini döyüş məntəqələrində zəncirlərlə bağlayırdılar ki, qaçmasınlar. Bu, vəhşilikdir, öz əsgərinə qarşı vəhşilikdir”.
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik”.
Azərvaycan Prezidenti deyib ki, Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq:
“Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil”.
Dövlət başçısı bildirib ki, bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi:
“Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək”.
“Bu təntənəli mərasim bu gün keçirilir. Bunun səbəbləri yəqin ki, sizə bəllidir. İlk növbədə, bu yeni hərbi mükafatlar hazırlanmalı idi, onlar yox idi. Onların dizaynı hazırlanmalı idi, onların hazırlanması təşkil edilməli idi. Bu, vaxt apardı”.
Prezident qeyd edib ki, eyni zamanda, pandemiyaya görə qapalı yerlərdə belə mərasimlərin keçirilməsi mümkün deyil və hava şəraiti də uyğun olmalı idi:
“Bir də ki, Hərbi Qənimətlər Parkı hazır olmalı idi. Mən istəyirdim ki, biz Parkın açılışı günüdə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və Parkın ilk ziyarətçiləri siz olasınız. Buna görə bir qədər vaxt apardı. Ancaq bu gün bu mərasim keçirilir. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün tük dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.
Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”