|
|
|
|
ELMİRA AXUNDOVA: "HƏRBİ QULLUQÇULAR ÜÇÜN MƏNZİL TİKİLMƏSİ PROSESİ SÜRƏTLƏNDİRİLMƏLİDİR"
"Müsbət haldır ki, Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı iqtisadi, sosial, müdafiə və digər sahələrdə hər dəfə ölkəmizin inkişafının əyani şahidi oluruq. 2013-cü ildə əvvəlki illə müqayisədə ümumi daxili məhsul 5.8 faiz artıb".
Bu fikirləri millət vəkili Elmira Axundova səsləndirib. Onun sözlərinə görə, ixracın strukturunda xam neft və neft məhsulları hələ ki, böyük üstünlük təşkil edir: "Halbuki digər sahələrdə böyük potensialımız var və onları daha yüksək templə inkişaf etdirmək lazımdır. İdxalın strukturunda isə ərzaq məhsulları, qara metal və məmulatları, sement idxalı xüsusi yer tutur. Lakin bu məhsullar bizim özümüzdə istehsal olunmaqdadır. Hesab edirəm ki, bu sahədə daxili istehsalın artımını təmin etməklə idxaldan asılılığı aradan qaldırmalıyıq". Sosial sahəyə diqqət çəkən deputat bildirib ki, 2003-cü illə müqayisədə 2013-cü il dövlət büdcəsinin cari xərclərində sosialyönümlü xərclərə 7 dəfədən çox vəsait sərf edilib:
"Diqqəti başqa qrup vətəndaşların mənzil şəraitinə yönəltmək istərdim. Millət vəkili olaraq seçicilərlə keçirdiyim görüşlər zamanı qəbuluma gələn Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, məhdud sayda Çernobıl və Əfqanıstan veteranları mənzil problemi ilə bağlı müraciətlər edirlər. Artıq 20 ilə yaxındır ki, bu insanlar mənzil növbəsindədir. Əksəriyyəti də əsəb və digər xəstəliklərdən əziyyət çəkən insanlardır. İstərdim ki, nəhayət sayı yüzlərlə olan bu insanların mənzil problemini biz "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na daxil edək və hər il heç olmasa 100-120 ailəyə fərdi evlər və mənzillər tikməklə bu məsələni də bir dəfəlik kökündən həll edək. Mənə elə gəlir ki, indiki inkişaf mərhələsində bu, tamamilə mümkündür. Həmçinin, hərbi qulluqçuların mənzil problemini həll etmək məqsədilə onlar üçün mənzil tikilməsi prosesi də sürətləndirilməlidir. Məni narahat edən digər bir məsələ isə sahil ətrafı ərazilərin, xüsusən ictimai çimərliklərin vəziyyəti ilə bağlıdır. Gəlin Şüvəlan, Mərdəkan, Buzovna qəsəbələrindəki ictimai çimərliklərə nəzər salaq. Deyərdim ki, Balaxanıdakı zibilxana oradan daha səliqəli və təmizdir. Çimərliklərin bu hala düşməsində camaatla yanaşı, dövlət qurumları da məsuliyyət daşıyır. Xəzər rayon İcra Hakimiyyəti, bələdiyyəsi mütəmadi olaraq həmin əraziləri təmizləməli olduğu halda, məsələn, keçən il ərzində mən bir dəfə də olsun orada təmizlik işi aparılmasını görmədim. Halbuki ictimai çimərliyə bitişik olan özəl çimərliklərdə daim təmizlik təmin olunur. Qarşıdan yay mövsümü gəldiyi üçün ictimai çimərliklərin, ümumiyyətlə Xəzər sahil ətrafı ərazilərin ekoloji vəziyyəti daha böyük aktuallıq qazanır. İstərdim ki, təmizliyə riayət olunması işində hər bir qurum Təmiz Şəhər ASC-dən ibrət götürsün. Qısa bir zaman ərzində mövcud olmasına baxmayaraq bu təşkilat Bakı şəhərinin tullantılardan təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür. Əlbəttə, bu qədər geniş miqyaslı işin görülməsi üçün ölkə rəhbərliyinin dəstəyi və iradəsi böyük rol oynayır. Bununla yanaşı şadam ki, həmin təşkilatda bacarıqlı, səriştəli gənc kadrlar çalışır. Məsələn, 2013-cü ildə Bərk məişət tullantılarının yandırılması zavodu 350 tondan çox tullantı yandırmaqla əldə etdiyi xeyli həcmdə elektrik enerjisini Bakıelektrikşəbəkəyə satmış və 4 milyon manata yaxın vəsait əldə etmişdir. Eyni zamanda Bakı və ətraf rayonlarda təmizliyin təmin olunması, məişət tullantı, texniki və s. suların göllərə axıdılmasının qarşısının alınması, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması üzrə Təmiz Şəhər ASC tərəfindən geniş miqyaslı tədbirlərə başlanılmışdır. Buna görə istərdim ki, ictimai çimərliklərin təmizlənməsi də bu quruma etibar edilsin".
KAMİL