|
|
|
|

Beynəlxalq münasibətlərdə çox nadir hallarda rast gəlinən dövlətlərarası rəqabət və mübarizənin diplomatların kütləvi şəkildə qovulması hallarını müşahidə etməkdəyik.
Bir zamanlar Moskvanın müttəfiqi olan Praqa Rusiya səfirliyini tam tərkibdə, 18 diplomatı arzuolunmaz şəxs elan edərək qovdu. Buna cavab olaraq Moskva da Çexiyanın 20 diplomatını arzuolunmaz şəxs edərək, 48 saat ərzində Rusiyadan çıxmalarını tələb etdi. Bundan sonra Çexiyanın Moskvadakı səfirliyində cəmi 5 nəfər diplomat qalıb.
Çexiyadan öncə isə Vaşinqton Rusiyanın 10 diplomatını arzuolunmaz şəxs elan etmiş, buna cavab olaraq da Moskva ABŞ-ın 10 diplomatını ölkələrinə göndərəcəyini açıqlamışdı. ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "qatil" adlandırdıqdan sonra Rusiya Vaşinqtondan səfirini geri çağırdı. İndi isə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və ona "məsləhətləşmələr aparmaq üçün evə dönməsi" təklif edilib. Moskvanın bu addımı səfirin qovulması kimi dəyərləndirilir.
ABŞ-la Rusiya arasında "diplomatların qovulması" hadisəsindən əvvəl, ötən ayın sonunda Roma iki rus diplomatını arzuolunmaz şəxs elan etmiş, Moskva da cavab olaraq İtaliyanın iki diplomatından ölkələrinə qayıtmağı tələb etmişdi.
Təxminən ötən bir ay ərzində baş vermiş bu hadisələrin bənzəri üç il öncə baş vermişdi. O zaman Böyük Britaniyada sığınacaq almış rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yulia Skripal Salisberi şəhərində kimyəvi silah olan "Noviçok" zəhəri ilə sui-qəsdə məruz qaldıqdan sonra London 23 rus diplomatını arzuolunmaz şəxs elan etmişdi. Böyük Britaniya ilə həmrəylik göstərən Ukraynada 23, Kanada, Almantya, Fransa və Polşada 4, Çexiya, Litva və Moldovada 3, İspaniya, Niderland, Danimarka, İtaliya, Albaniya və Avstraliyada 2, Macarıstan, İsveç, Xorvatiya, Rumıniya, Finlandiya, Norveç, Estoniya, Latviya və Makedoniya isə 1 rus diplomatı arzuolunmaz şəxs elan olunmuşdu. Rusiya da cavab olaraq həmin ölkələrin eyni sayda diplomatını ölkədən qovmuşdu.
İndi baş verənlərin əvvəlki olaylardan fərqi Rusiya ilə ayrı-ayrı dövlətlər arasında siyasi qalmaqalın baş verməsidir. Yəni əvvəllər rus diplomatlarının qovulması Böyük Britaniya ilə həmrəylikdən irəli gəlirdisə, indi hər bir ölkə Rusiya diplomatlarını Moskvaya qarşı özəl ittihamları səbəbindən qovur. Çexiya hökuməti 18 rus diplomatını 2014-cü ildə Vrbetice kəndindəki sursat anbarında baş verən və iki nəfərin ölümünə səbəb olan partlayışla əlaqələrinin olduğuna görə qovur. Çexiya hökuməti bu diplomatların Rusiyanın iki xüsusi xidmət orqanı - Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olmasından şübhələnir.
Vaşinqton 10 rus diplomatını Rusiyanın ABŞ-a qarşı kiberhücümuna, seçki prosesinə müdaxiləsinə görə qovur. İtaliya isə rus diplomatlarını hərbi sirləri ələ keçirməyə cəhddə ittiham edir.
Rusiya ilə fərqli məsələlərə görə üç ölkənin rus diplomatlarını qovması Qərblə Moskva arasındakı ziddiyyətləri dərinləşdirəcək. Bu qənaəti yaradan məqamlardan biri ABŞ və NATO-nun Çexiyanı müdafiə edərək, rus diplomatların qovulmasını dəstəkləməsidir.
Artıq rəsmi London Rusiya və Çinin hərəkətlərindən artan narahatlıqlara görə "düşmən ölkələr"in təmsilçilərini Böyük Britaniyada olmalarının əsl səbəbini açıqlamağa məcbur edən qanun qəbul etmək istəyir. Bu qanunun qəbulundan sonra Böyük Britaniyadakı Rusiya və Çinin rəsmi təmsilçiləri bu ölkədəki fəaliyyətlərinin əsl səbəbini açıqlamaq məcburiyyətində qalacaqlar. Bunu etməyənlər və ya gizlədənlər cinayət məsuliyyəti daşıyacaqlar. Bundan başqa, rəsmi London dövlət sirri haqqında qanuna dəyişiklik etməklə Böyük Britaniyanın maraq və mənafelərinə zərər vuranlara qarşı mübarizədə daha geniş imkanlar yaratmaq niyyətindədir.
Bundan əlavə, rəsmi London Rusiyanı Böyük Britaniya demokratiyasına müdaxilə və hücum etməkdə ittiham edir. Bununla bağlı Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bəyanatla çıxış edib. Dominik Raabın bəyanatında deyilir ki, hökumət Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin "SolarWinds"ə kiberhücum təşkil etdiyinə və seçki prosesinə müdaxiləsinə əmindir. Dominik Raab bildirir ki, bu faktlar Rusiyanın Qərb demokratiyasına müdaxilə etdiyini təsdiqləyir və bu halların qarşısı alınmalıdır.
Rusiya hakimiyyəti də öz növbəsində NATO üzvü olan ölkələrin Moskvadakı səfirliklərinin fəaliyyətini daha da məhdudlaşdırmaq yolunu seçib. Bundan sonra ABŞ və Çexiya səfirliyinə Rusiya vətəndaşlarının işə qəbul etməsi qadağan olunur. Rusiya Xarici İşlər Nazirliyi bu addımı ölkə vətəndaşlarının ABŞ və Çexiya xüsusi xidmət orqanları tərəfindən ələ alınmasının qarşısını almağa xidmət etdiyini bildirir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bəyan edib ki, Çexiya Rusiya xüsusi xidmət orqanlarnın 2014-cü ildə Vrbetice kəndindəki sursat anbarında baş verən partlayışda əli olması haqqında açıqlamanı ABŞ-ın təzyiqi altında verib.
Diplomatların qovulması Qərblə Rusiya arasında körpülərin tam yanmaq ərəfəsində olduğunu göstərir. Bu mənzərəyə bir sıra beynəlxalq təşkilatların Rusiyanı tərk etmək niyyətində olduğunu da əlavə etsək, Moskvanın tam təcrid olunması yolunun seçildiyi aydınlaşır. Bu isə beynəlxalq münasibətlərə, xüsusilə də Rusiyanın çox böyük həssaslıqla yanaşdığı postsovet məkanında dövlətlərarası münasibətlərə çox ciddi təsir edəcək.



