Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı prezident Vladimir Putin bəyan edib ki, hökumət və Mərkəzi Bank "incə" işləməsə, iqtisadiyyat çökə bilər. Rusiya rəsmiləri iqtisadiyyatın çökə biləcəyi ilə bağlı ekspert xəbərdarlıqlarını qətiyyətlə rədd edirdilər. Hətta Kreml rəsmiləri və rəsmi orqanlar Rusiya iqtisadiyyatının inkişafı, Ümum Daxili Məhsulun artması ilə bağlı iddialar da səsləndirirdilər. Məsələn, Rusiya Dövlət Federal Statistika Xidmətinin rəsmi məlumatında ötən il ÜDM-in 4.1 faiz artdığı qeyd olunurdu. İndi isə iqtisadi çöküş təhlükəsi gündəmə gəlib.
Prezident Putinin iqtisadi çöküşlə bağlı narahatlıqlarının olması haqqında məlumatlar hələ 2025-ci ilin başlanğıcından yayılmağa başlanmışdı. O zaman adlarının açıqlanmasını istəməyən məmurlara istinadən "Reuters" kimi nüfuzlu xəbər agentliklərində belə məlumatlar yayılırdı ki, Putin iqtisadi böhran təhlükəsinin artmasından çox narahatdır.
Sovet İttifaqının çöküşündən bəri ilk dəfədir ki, kömür mədənləri bağlanmaq və kütləvi iflas təhlükəsi ilə üzləşiblər. Rusiyanın əsas kömür hasilatı regionu olan Kemerovo vilayətində maliyyə problemləri səbəbindən 8 kömür müəssisəsi fəaliyyətini dayandırıb. Vilayətin qubernatoru İlya Seredyuk etiraf edib ki, yüzlərlə mədənçi bir neçə aydır maaşlarını ala bilmirlər. Qubernator mədənçilərin ödənilməmiş əmək haqqı borclarının 200 milyon rubldan çox olduğunu bildirib. Oxşar vəziyyətlə sanksiyalara görə ixrac bazarlarını itirən və hasilatı azaltmağa məcbur olan metallurgiya zavodları üzləşib. Silah istehsalının kəskin artmasına baxmayaraq, metallurgiya zavodları ciddi problemlərlə üzləşiblər.
Kreml rəsmilərini ən çox narahat edən məsələ isə Rusiyanın qaz nəhəngi "Qazprom"un üzləşdiyi vəziyyətdir. "Qazprom"un xalis zərəri ötən 2024-cü ildə 1.08 trilyon rubl təşkil edib. Ondan öncəki il isə "Qazprom"un xalis zərəri 695 milyard rubldan çox olmuşdu. Rusiya iqtisadiyyatını ayaqda neft sənayesi də təhlükəli vəziyyətlə üzləşib. OPEC+ ölkələrinin neft hasilatının artması və Donald Trampın başlatdığı ticarət müharibəsi qlobal iqtisadiyyatın artımın zəifləməsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub. "Citigroup" və "JPMorgan Chase"nin proqnozlarına görə, Brent neftinin qiymətinin bu il ərzində 60-65 dollara düşəcəyi gözlənilir. Rusiya neftinin bir barrelinin qiymətinin isə 50 dollardan aşağı düşmə qorxusu var. Belə olacağı halda Rusiya iqtisadiyyatının çöküşü daha tez baş verə bilər. Şaxtaların bağlanması və əmək haqlarının ödənilməməsi ölkədə böyük etirazlara səbəb ola bilər. Təhlilçilər Sovet İttifaqının son illərində müşahidə olunan kütləvi etirazların, mədənçilərin yürüşünün təkrar oluna biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Rusiyada elə bir vəziyyət yaranıb ki, dövlət rəsmiləri də çıxış yolu görmürlər. Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Putin bəyan edib ki, Ukraynada müharibəyə son qoyulacağı halda belə artıq əvvəlki kimi olmayacaq. Putin bildirib ki, tam ticarət azadlığına, ödənişlərə və kapital axınına ümid etməyin mənası yoxdur.
İlk dəfədir ki, Putin bu qədər bədbin fikirlər səsləndirir. Ekspertlər bunu vəziyyətin təssəvvür ediləndən də pis olması ilə izah edirlər.