|
|
|
|

Avropada sürgündə olan bir dostum var. Türkiyənin mənim gözümdə soyuq, boz, insanı darıxdıran bölgəsində yaşayırdı.
Sonra siyasi səbəblərə görə sürgün həyatı yaşamağa məcbur qaldı və Avropa ölkələrindən birinə üz tutdu. Hərdən hazırda yaşadığı şəhərdən heyrətamiz fotolar göndərir. Elə bil şəhər rəssam əli ilə çəkilib, ya da çox yaxşı bir proqramçı tərəfindən yüksək səviyyədə montaj edilib. Yəni gerçək olduğuna şübhə etdirəcək qədər fövqəladə yerlərdir. Di gəl ki, bunların heç biri onun üçün əhəmiyyət kəsb etmir. Həmişə kədərlidir. Qış kimi soyuq, tutqun ömür yaşayır. Sanki qızmar günəşin altında belə üşüyür. Çünki vücudu deyil, ruhu isinmək bilmir, nə olduğu yerə, nə oranın insanlarına. Elə hey vətəninə dönməyin xəyalını qurur. Bir gün qayıdacağına inamını isə heç vaxt itirmir. Tarixdə çox nadir insanlar sürgün edildiyi yeri sevib. Hətta öz yurduna getmək üçün yaşıl işıq yanmağına baxmayaraq, geri dönməyib.
Son zamanlar yaşadığı həyatla, dözüm, iradə, tükənməz güclə, yürütdüyü siyasət, etdiyi inqilabla və bir an belə olsun zədələnməyən inamı ilə mənə böyük həyəcan yaşadan Trotski ilə tanış oldum. O da sürgün həyatı yaşayırdı. Amma eyni ilə dostum kimi getdiyi yerlərə alışa bilmirdi. Məsələn, böyük inqilabçı İstanbulda dörd il yarım yaşamağına baxmayaraq, bu şəhərə uyğunlaşa bilmədi. Çünki bu ölkənin dilini bilmirdi. Bir insanı yaşadığı yerə bağlayan isə dildir. Bəlkə də, dili yad olan sürgünlərin çəkdikləri əzabın səbəblərindən biri də budur. Trotski dilini bildiyi ölkələrə getmək üçün dəridən-qabıqdan çıxdı. Getdi də. Amma müddət tamam olanda yenə dilini bilmədiyi yerlərə sürgün edildi.
Əsl adı Lev Davidoviçdi. İlk sürgün edildiyi yer milyonlarla insanın cəhənnəminə çevrilən Sibir olur. Tezliklə bir həbsxana nəzarətçisi ona Trotski adının yazılı olduğu saxta pasport düzəldir. O vaxtdan siyasətçi və yazıçı olaraq bu kimliklə tarixə fırtına kimi daxil olur. Mübarizəni bu ada bürünərək aparır.
İstanbulakı sürgün həyatının da digər yerlərdəki kimi qısa olacağını düşünür. Amma bu müddət xeyli çəkir. Əvvəlcə üzünə xoş baxan Rusiyanın İstanbuldakı səfiri tezliklə onu səfirlik binasından çıxardır. O da Böyükadada yerləşən Ərəb İzzət Paşazadə Abid bəyin köşkünə gedir və Natalia Sedova ilə 23 otaqlı bu evdə yaşamağa başlayır.
Özünə iki köməkçi tutur və ard-arda kitablar yazır. Hərdən həyat yoldaşı ilə birlikdə İstanbula enir. Taksimdə film izləyir, Barmaqqapıda müalicə alır, məşhur şəhər tunelində yürüyüşlər edir, Sultanhamamda bazara gedir, silah təlimlərinə qatılır. İlk vaxtlar qayıq kirayələyib balıq ovlayır, sürgün dönəmi uzandıqca qayığı satın alır. Amma həmişə içində dərin bir səksəkə, təlaş olur. Hər an öldürülməkdən, planlarının yarımçıq qalmağından qorxur. Elə buna görə də, tezliklə Avropaya, dostlarının olduğu yerə getmək istəyir. Onların yanında daha rahat olacağını, onu qoruyacaqlarını sanır. Halbuki onun üçün ən təhlükəsiz yer Türkiyə idi, Atatürkün ölkəsi... Çünki Stalinin agentləri əcəl kimi dünyanın hər yerinə yayılıb, onu gözləyirdilər.
Böyükada onun üçün cənnət idi. Yazılarında bunu dəfələrlə qeyd edirdi: "Bura dinclik adasıdır. Dünyanın səsi bura uzun bir gecikmədən sonra, pıçıltı ilə gəlir. Xüsusilə payız, qış aylarında, hər yer tənhalaşanda Böyükada yazmaq üçün ideal bir yerdir. Nə teatrı var, nə kino zalı. Avtomobillərin hərəkəti qadağandır. Evimizdə telefon yoxdur. Eşşəklərin səsi əsəblərimizi sakitləşdirir. Dəniz pəncərəmizin ağzındadır. Bəzən su həftələrlə göl kimi durğun olur. Dünyada neçə belə yer var?"
Amma buna baxmayaraq, yenə də rahatlıq tapa bilmirdi. Daha çox vaxt keçirdiyi otağın pəncərələrini kərpiclə hördürmüşdü. Bəzən oradan bütün gün çıxmadan kitab yazırdı. "Həyatım" və "Rus İnqilabı Tarixi" adlı kitablarını həmin evdə yazmışdı. Bir gecə köşkdə yanğın baş verir. Özünü sözün həqiqi mənasında oda atır və canı bahasına alovların içinə girərək əsərlərini çıxardır.
Nəhayət, 1933-cü ilin iyulunda Fransaya viza almağa müvəffəq olur və Türkiyəni tərk etməyə hazırlaşarkən bu təsirli sətirləri yazır: "Bu səhər balıq yoxdur. Mövsüm qapandı, balıqlar dərinlərə endi. Bir də avqustda qayıdacaqlar. Artıq balıqçı Haralambos balığa mənsiz gedəcək. Bu an açıq pəncərəmdən dövlət məmurlarını İstanbuldan bağ evlərinə gətirən kiçik gəmiləri izləyirəm. Mənə gəldikdə isə... daha yaxşımı olar, daha pismi, bilmirəm, amma "Böyükada" adlı hissə burada sona çatır".
Təəssüf ki, yaxşı olmadı. İstanbulun o vaxtkı polis təşkilatı onu gözü kimi qoruyurdu. Amma sürgün həyatı belədir. Onun üçün yurdundan başqa, hər tərəf qürbət, hamar yer tikanlı, ən gözəl mənzərə mənasızdır. Fransaya getməyinə getdi, amma yenə gərgin, yenə narahat idi. Dünyanı dəyişmək, Stalini devirmək fikri onu rahat buraxmırdı. Fransadan Norveçə, ardınca Meksikaya getdi. Qorxu içində, polis nəzarətində yaşadı. Ta ki, Mesikada Ramon Mercader adlı şəxsin isti bir yay günündə plaşının altında gizləyərək içəri keçirdiyi dəmir alətlə beynini parçalayana qədər... Hər kəsdən seçilən fərqli görüntüsü, hüznlü, amma dərin baxışı, heç bir qüvvənin təsir edə bilmədiyi inamı, dik duruşu, yüzlərlə xətası ilə birlikdə XX əsrin ən böyük şəxsiyyətlərindən biri olaraq tarixdəki yerini aldı və bir əfsanəyə çevrildi. Trotski əfsanəsi!



