
Tarix sadəcə zəfərlərin və məğlubiyyətlərin yazıldığı səhifələrdən ibarət deyil, eyni zamanda insan ruhunun uçurumlarını və zirvələrini də yaddaşına həkk edir. Parqalı İbrahim Paşanın hekayəsi bu iki təzad arasında var-gəl edən həyatdır. O, İbrahimdir - köləlikdən imperatorluğun ali məqamına yüksələn İbrahim. Gücün cazibəsi ilə ucalan, ayaqlarının altında dərinləşən çuxurdan qurtula bilməyən İbrahim... Zəkası, uzaqgörənliyi ilə Osmanlının üfüqlərini genişləndirən İbrahim... Oturduğu sarayda gözünü divarlara zilləyib oturmaq kimi asan yolu seçməyən, Avropanın saraylarında, Şərqin yollarında, fırtınalı dənizlərdə Osmanlının nizamını qoruyan İbrahim... Üsyanları yatıran, savaşlara qatılan, zəkası və gücü ilə hər kəsi heyran qoyan İbrahim... Öz dili ilə desək, balıqçı Manolisdən olan, Sofiyadan doğulan Parqalı İbrahimdir o. Lakin tarix heç də həmişə ədalətli olmur. Hürrəmin hiyləgərlikləri, sarayın həsəd və vəsvəsələri bu parlaq ulduzu sönməyə məhkum etdi. Tarixi vərəqlədikcə görürsən ki, onun yoxluğu Osmanlıya heç nə qazandırmır, əksinə, imperatorluğun xarici siyasəti zəifləməyə başlayır. Bir vaxtlar möhkəm dayaqlar üzərində bərqərar olan tarazlıq bir qətl fərmanı ilə kərpic-kərpic uçmağa başlayır.
Sultan Süleymanın dostu, sirdaşı...
Bu yazını yazmaq sevdası Parqalı İbrahimi kəşf etməyimə səbəb oldu. Oxumağa, araşdırmağa başladım. İzlədim, öyrəndim, labrint kimi iç-içə keçmiş, qatbəqat, dolambaclı, bəzən isti, bəzən buz kimi soyuq həyat çıxdı qarşıma. Tanıdıqca heyran qaldım, heyran qaldıqca bir az da dərindən tanımağa çalışdım. Hətta onun sayəsində Sultan Süleyman dönəminə az qalsın öz yaşadığım dönəm qədər bələd olmağa başladım. Daha sonra Sultanəhməddə yerləşən sarayına üz tutdum. Adı dillərə dastan olan Məqbul İbrahim Paşa Sarayına. Sultan Süleymanın ən yaxın adamı, dostu sirdaşı olduğu üçün xalq ona Məqbul İbrahim deyirdi. Qeyd edim ki, bu abidə şəhərin ən gözəl və xüsusi önəmə malik saraylarından biridir. Hazırda Türk İslam Əsərləri Muzeyi adı altında fəaliyyət göstərir. Amma hər kəsin dilində və gözündə bura İbrahim Paşanın sarayıdır. Saray Sultan Süleyman dönəmində sədrazam (baş vəzir) olan Parqalı İbrahim Paşa tərəfindən inşa edilib. Topqapı sarayının arxivindəki 1521-ci ildə padşaha təqdim edilən sənəddə göstərilir ki, saray burada naməlum tarixdə inşa edilən bir köşkün təmiri və binaya edilən əlavələrlə ərsəyə gətirilib.
Kimlər gəldi, kimlər getdi
İçərisində bir qüllə və çardağı, kiçik köşkü, xəzinə otağı, hamamı, anbarı, mətbəxləri, divanxanası və atların saxlanması üçün bir tövləsi olan bu sarayın inşa müddəti olduqca qısadır. Belə ki, Rodos səfərindən dönən padşah bu saraya dəvət olunmuş, sədrazamlığa gətirilən Parqalı İbrahim Paşanın möhtəşəm toy mərasimi burada keçirilib. 16 may 1525 gecəsi baş verən üsyan nəticəsində şəhərin digər saray və köşkləri kimi bu saraya da hücum edilir, qapı və pəncərələri dağıdılır. Sultan Süleymanın şahzadələrinin sünnət mərasimi burada keçirilir. Hətta o vaxtlar sarayın önündə yeni qəsr inşa edilir, dövrün padşahı bir ay davam edən əyləncələri buradan izləyir.

Parqalının ölümündən sonra dövlət saraya əl qoyur. Bir hissəsini Əndəun məktəbinin fəaliyyəti üçün ayrılır, bir qismi isə sədrəzəmlərə və digər məşhur şəxslərə bağışlanır. Daha sonra Misir və Anadolu bəylərbəyi olan Zal Mahmud Paşa Sultan Səlimin qızı Şah Sultanla burada evlənir, ölənədək burada yaşayırlar. Ondan sonra Əndəruna ayrılan hissə İsitsna olmaqla qalan bütün strukturu Sultan Muradın qızı Ayşə Sultanla evlənən sədrazəm İbrahim Paşaya verilir. İbrahim Paşanın vəfatından sonra bütün malları və saray, ertəsi il Ayşə Sultanla evlənən sədrazəm Yemişçi Həsən Paşaya təsis edilir. Heç aradan bir il keçmir ki, Həsən Paşa edam edilir, saray bu dəfə də Ayşə Sultanın üçüncü əri Gözəlcə Mahmud Paşaya verilir. Burada ərə getmə, evlənmə intervallarına fikir verirsiniz? İnsan dəhşətə gəlir. Ümumiyyətlə, Osmanlı dönəmində yaşamaqla ölmək arasında hər zaman incə xətt olub. Tarixi araşdıranda edamla bağlı oxuduğun bütün cümlələr az qalsın insanın canına daraşır. Təsəvvür elə, bu gün baş vəzirsən, sabah ipdən asılan ölü... ölüm demişkən, mütəmadi ərə gedən və ərsiz qalan Ayşə Sultan və əri ard-arda vəfat edir, saray bir müddət boş qalır. Sonra Sultan Əhmədin qızı Gövhər Sultanla kaptan-i dərya Öküz Mehmed Paşa evləndirilir, bu dəfə saray onlara hədiyyə edilir. Ancaq Mehmed Paşanın vəzifədən azad edilməsi və ölümünün ardından saray, Gövhər Sultanın ikinci əri kaptan-ı dərya Rəcəb Paşaya təsis edilir. Bir müddət də Rəcəb Paşanın adıyla anılan saray Paşanın edam edilməsi ilə sona çatır. Ardından Sultan Muradın silahdarı Mustafa ağaya verilir. Sultan Murad vəfat etməsi ilə, saray yeni padşah olan Sultan İbrahimin ən yaxın adamı olan Yusif Paşaya hədiyyə edilir. Bilirsiniz, nəyin qarşılığında? Padşahın beş yaşlı qızı Fatma Sultanla evləndirilməyinin qarşılığında... Yazını qoyub, məsələnin əxlaq tərəfinə yönəlmək istəmirəm. Amma deyim ki, kim deyirsə ki, biz bu gün çox surətli yaşayırıq, deməli, onun tarixdən xəbəri yoxdur. Elektrikin belə olmadığı dönəmdə baş verən hadisələrin xronoloji ardıcıllığını oxumağa mən yetişə bilmirəm çünki. Bu nə surətdir? Bu necə anormal keçidlərdir belə? Nəysə, gələk məsələyə, Yusif Paşa toydan bir il sonra edam edilir. Saray bu dəfə də Fatma Sultanın ikinci əri və Sultan İbrahimin müsahiblərindən Fəzli Paşaya təsis edilir. Bundan sonra XVII əsr boyunca sarayın sahibləri sədrazamlar, kaptan-ı dəryalar, bəylərbəyləri və ya Osmanlı ailəsinə kürəkən olan dövlət adamları olur. Amma saray içindən keçən minlərlə insana rəğmən, hər zaman İbrahim Paşa Sarayı olaraq anılır və tanınır. Məsələn, bu gün Sultanəhmədə gedin, barmağınızı uzadaraq bina haqqında kiməsə sual verin, bir cavab alacaqsınız: "Bura Parqalı İbrahim Paşanın sarayıdır". Övliya Çələbi bu binanın İstanbulda Topqapıdan sonrakı ən böyük saray olduğunu qeyd edir.

Abidə dəfələrlə yanğına məruz qalır. Onlardan ən böyüyü 1652-ci ilin noyabrındakı yanğındır, 1720-ci illərdə Nevşəhərli İbrahim Paşa tərəfindən təmir edilsə də, 1741-ci ildə sarayın yenidən yanması ilə bir daha təmir edilmir. Aradan bir neçə il keçir, bu dəfə də baş verən zəlzələ ilə dağılır. XVII əsrin sonlarında Körpülü Fazil Əhməd Paşa tərəfindən bağlanır və uzun müddət açılmır.
Sərvət üstündə sərvət
Abidə ənənəvi Osmanlı sarayını xatırladan dörd atrium ətrafdan ibarətdir. Osmanlı memarlıq örnəklərinin ən önəmlilərindən biri sayılır. Qalan bütün saraylardan fərqlidir. Saray Roma dönəmindən qalan tarixi Hipodromun qalıqları üzərində qurulub. Hətta yaxın dönəmlərdə altında 15 əsr öncəyə aid Bizans sarnıcı, Osmanlı dönəmində məhzən olaraq istifadə edilən abidə də tapılıb. Kültür və Turizm Nazirliyi tərəfindən gəlinən qənaətə görə, tapılan abidənin genişliyi 600 metr, uzunluğu 6,8 metr yüksəkliyindədir. Təsəvvür edirsiniz, sərvət üstündə sərvət var.
Saray 1983-cü ildən bəri Türk İslam Əsərləri Muzeyi kimi fəaliyyət göstərir. İçəridə Abbasilər, Məmlüklər, Səlcuqlular və Osmanlı dönəmindən qalma nadir əsərlər sərgilənir. Əsərlər İslam dünyasının fərqli yerlərindən toplanıb buraya gətirilib. Muzey dünyanın ən nadir və xüsusi xalça kolleksiyalarının sərgilənməsi ilə də məşhurdur. Xalçalar arasındakı parçalar XIII əsrə aid əsasən Səlcuqlu örnəkləridir. Xalçalar sarayın ən böyük zalında vaxtı ilə Parqalının qonaq otağı kimi istifadə etdiyi yerdə sərgilənir. Xalçaların yanında nadir sənət əsərləri olan əl yazmaları da önə çıxanlar arasındadır. Xalça bölməsinin alt mərtəbəsində isə son bir neçə əsrin Türk günlük yaşantısının etnoqrafif kolleksiyası var.
Həyatın planı daha yaradıcıdır
Gələk Parqalı İbrahim Paşaya... Osmanlı İmperatorluğunun 12 il 8 ay 16 gün baş vəziri olub. Yunanıstanın Parqa qəsəbəsində dünyaya gəlib. Kiçik yaşlarında II Bəyazid dönəmində Osmanlı dənizçilərinə əsr düşür. Daha sonra manisalı varlı və dul bir qadın tərəfindən satın alınır, yetiştirilir, xarici dilləri, musiqini onun yanında öyrənir. Həmin dönəm Manisada sancaqbəyi olan Şahzadə Süleymana elə o qadın tərəfindən hədiyyə edildiyi deyilir. Bəzi mənbələr Şahzadənin ovda olduğu zaman çaldığı kaman səsini eşidib Parqalını həmin vaxt kəşf etdiyini və o gündən sonra yanından ayırmadığını yazır. Ancaq dəqiq olan budur ki, Parqalı Şahzadəlik dönəmində Süleymanın xidmətində idi.

Sonun başlanğıcı...
Qanuni Süleyman taxta oturmaq üçün İstanbula gələndə Parqalını da yanında gətirir. Qanuni ilə olan yaxınlığı onu həmişə ön planda saxlayır. Müxtəlif vəzifələr tutur. Hətta ilk vaxtlar qapı ağası olduğu halda Sultan Süleymanla birlikdə səfərlərə çıxır. Təbii ki, bu vəziyyət dövlət adamlarının xoşuna gəlmirdi, amma padşaha qarşı çıxmaq da hədləri deyildi. 1521-ci ildə Belqrad səfərinə çıxdılar. O dönəmlər padşahın bacısı Xədicə Sultan ilə eşq macəraları başlamışdı, ancaq hamıdan gizlədilirdi. Aradan bir il keçir Rodos səfərinə qatılırlar. Bu savaşdan qayıtdıqdan sonra Süleyman ənənəni pozur və Piri Mehmet Paşanı vəzifədən azad edərək yerinə Parqalını təyin edir. Bu radikal qərar dövlət adamları arasında pıçıltılı narazılığa səbəb olur. Devşirmə olan şəxsin imperatorluğun padşahdan sonra ikinci adam olmağını həzm edə bilmirlər. Təcili divan toplanır, o gün divanı idarə edən də Parqalı olur. Piri Mehmed Paşadan sonra ikinci vəzir olan Əhməd Paşa divanda Misir bəylərbəyi olmaq istədiyini bildirir və istəyi qəbul edilir. Çox keçmədən Əhməd Paşa özünü Misir "fironu" elan edir və Qanuniyə qarşı üsyan qaldırır. Sultan Misiri nizama salmaq üçün İbrahim ora göndərir və vəziyyəti kontrol altına almağı əmr edir. Paşa, Misir də daxil ard-arda böyük uğurlara imza atır və gün keçdikcə daha da yüksəlir. Bütün bu yüksəlişlərin içində ən böyük şansı, bəlkə də şanssızlığı Xədicə Sultan ilə ailə həyatı qurması olur. Evlilik hədiyyəsi olaraq Sultan Süleyman Atmeydanındakı bu sarayı gənc ailəyə hədiyyə edir. İbrahim öz dizaynı, zövqü ilə əvvəllər köşk olan bu yeri saraya çevirir. Xanədan ailəsinin üzvünə çevrilən Parqalı İbrahimin nüfuzu dünyaya yayılır. Məhz onun dönəmində Osmanlının xarici əlaqələri pik dönəmini yaşayır. Parqalı xüsusilə xarici siyasətdə mükəmməl idarəçi idi. Farsça, rumca, italiyanca, serbcə bilməsi isə onun üstünlüyü sayılırdı. Eyni zamanda musiqişünas idi.
Cəhalət hər dövrdə "modadır"
Parqalı o dönəm üçün sənəti, heykəlləri, tabloları dərk edən tək-tük insanlardan idi. Yeniliklərə açıq idi. Qatı islam ölkəsi üçün o dövr tablo, heykəl şeytan işi, Allaha şərik qoşmaq kimi qəbul edildiyinə görə, rədd edilirdi. Elə çaxnaşmalardan biri də cəhalət ucbatından baş verir. Parqalı padşahla birlikdə Budin səfərinə çıxır, qayıdanda xeyli qənimətlə qayıdırlar. İbrahim özü ilə birlikdə gətirdiyi heykəlləri sarayın önünə qoydurur. Tezliklə bütün İstanbulun dilinə düşür. Hamı onun "saxta müsəlmanlığından" danışır. Söhbətlərin alovlanması siyasi rəqiblərinin lehinə olur. Amma bütün bunlara rəğmən, o, böyük üsyanları yatmaqda davam edir. Hətta ikinci Macarıstan səfərinə çıxmazdan öncə Sultan tərəfindən səlahiyyətləri bir az da genişləndirilir və səraskər rütbəsi alır. Vyana mühasirəsi ilə nəticələnən bu səfərdən sonra Zapolya Yanoş Macarıstan kralı seçilir və Osmanlı himayəsində Macarıstan krallığı təsis olunur. Tamamilə Parqalı tərəfindən aparılan danışıqlar, uğurlu siyasət sülhlə nəticələnir. Parqalının Osmanlı İmperatorluğunda uğurları və rolu danılmazdır. Bu gün anımsanmaya bilər, amma tarix öz səhifələrinə hamısını həkk edib. Hətta heç vaxt silinməyəcək şəkildə...

Sultan Süleyman və Parqalı İbrahim gerçəyi
Gələk Sultan Süleyman və Parqalı İbrahim həqiqətinə... Avropalı tarixçilər Parqalı İbrahim ilə Sultan Süleyman arasında duyğusal bağlantı olduğunu yazır. Buna dair kitablar da mövcuddur. Hətta məsələ ilə bağlı verilişlərin birində jurnalist Pelin Batulu söhbət açır, amma ciddi linçə məruz qaldığı üçün söhbət elə ordaca qapadılır. Bunun gerçək olduğunu iddia edə bilmərəm, çünki Qərb tarixçiləri bir şey deyir, Türk tarixçiləri isə bu məsələyə toxunmağa cəsarət belə etmir. Əks halda ciddi hay-küyə səbəb olacağını bilirlər. Ancaq həqiqət budur ki, Parqalı Hürrəm Sultanın bu dünyada ən çox nifrət etdiyi, məhv etmək üçün bütün namərdliklərə əl atdığı adamdır. Danılmaz həqiqətdir ki, Hürrəm Rüstəm Paşa ilə törətdiyi əməllərlə tarixin gedişatını dəyişdirdilər. Halbuki Parqalının xarici siyasəti Osmanlının gücünə güc qatırdı. Parqalı, Hürrəmin planı əsasında Sultan Süleyman tərəfindən boğdurularaq öldürülür. Bu fərman üçün sonralar çox peşman olduğu, Parqalının xiffətini çəkdiyi rəvayət edilir. Hətta bu itki onun üçün ömürlük boşluq olur. Acısını qəzəllərə tökür. Amma iş işdən çoxdan keçmiş olur. Ümumiyyətlə, insanın əli sevdiyi birinin qanına bulaşırsa, bunun ardı mütləq şəkildə gəlir. Xüsusilə, siyasi aləmdə. Qanunidə də belə olur; əvvəlcə Parqalını öldürtdürür, ardınca Paşanın ilmək-ilmək toxuduğu, mükəmməl şəkildə yetişdirdiyi Şahzadə Mustafanı boğdurur. Bu qətlə şahid olan kiçik oğlu Şahzadə Cahangir ağır melanxoliyadan ölür. Dolayısıyla atası onun ölümünə səbəb olur. Mustafanın oğlunu, yəni nəvəsini də öldürdür. Aradan bir müddət keçir digər oğlu Şahzadə Bəyazidi öldürdür. Onunla birlikdə Bəyzidin oğullarını da boğdurur. Qısacası, siyasət belədir, qan qoxusuna bir dəfə alışdınmı, arxası mütləq gəlir. Eynən səhrada önünə çıxan tikanlı otları yeyən dəvələr kimi. Herese deyirlər buna. Dəvələr bu tikanı yedikcə ağzı qanayır, tikana qarışan duzlu qandan həzz almağa başlayır və beləliklə, öz qanının dadına doya bilmir. Əgər dayandırılmazsa, ölə bilərlər.
Parqalı Hürrəmə aşiq idi?
Sultan Süleyman Ramazan ayında Parqalı İbrahimi iftar yeməyinə dəvət edir. 1536-cı ildə martın 14-15-ə keçən gecə onu yatdığı otaqda boğdurur. Yazılanlara görə, İbrahim çox güclü imiş, cəlladlar onu zəbt edə bilmirmiş. Hətta o gecənin səhəri otağın divarları al qan içində imiş. Çünki ölməmək üçün ciddi dirəniş göstəribmiş.
Madəm ki, mövzu açılıb, bunu xüsusilə vurğulamağı gərəkli hesab edirəm. Bəzi "əldədüzəltmə" tarixçilər iddia edir ki, guya Parqalı İbrahim Paşa Hürrəmə aşiq olduğuna görə canından olub. Amma ciddi və dərin tarixçilər, başda Nurhan Atasoy olmaqla bu fikri birbaşa rədd edirlər. Belə bir həqiqət tarixin heç bir səhifəsində olmadığını dönə-dönə vurğulayırlar.
Dağdağan ağacının dibindəki tənha məzar
Saray ziyarətindən sonra Parqalı İbrahim Paşanın məzarının axtarışına çıxdım. Çünki serialdan sonra əldədüzəltmə tarixçilər gündəmdə qalmaq üçün Parqalının məzarı ilə bağlı müxtəlif versiyalar irəli sürmüşdülər. Ən güvəndiyim tarixçi olan Nurhan Atasoyun izi ilə getdim. Çünki Parqalı ilə bağlı ən dəqiq bilgilər ona məxsusdur, hətta paşa ilə bağlı kitabları mövcuddur qocaman tarixçinin. Nurhan xanım deyir ki, Parqalı boğdurulduqdan sonra gecə bir qayığa qoyulur, Karaköy sahilinə gətirilir və burada basdırılır. Məzarın yeri itməsin deyə qəbri dağdağan ağacının altında qazırlar. Bu və bir neçə faktı əldə əsas tutaraq məzarın Fındıqlı ərazisində olduğunu öyrənirlər. Fındıqlı ərazisi hazırkı Qalatportun yanıdır. İndi mərkəz sayılan bu qaynar nötqə o dönəmlər Osmanlı üçün şəhərin uzaq, gözdən iraq yerlərindən sayılırdı. Ona görə də, Parqalı İbrahimi gətirib burda basıdırırlar. Üzərinə heç nə yazmırlar. Baş daşı belə olmur. Sadəcə başının üstündə bir dağdağan ağacı olur. Elə bu ağacla onun məzarını tapmağa müvəffəq olurlar. Qəbir yolun düz kənarında, binaların arasında, dəmir barmaqlıqların içindədir. Burada iki qəbir var, ikincinin kimə məxsus olduğunu öyrənə bilmədim. Amma birinin İbrahim Paşa olduğu dəqiqdir. Üzərində türkcə adının yazılmamağı bir az qəribədir. Nəticədə, nəhəng iperatorluğun 13 illik dövlət adamı olub. Məzarı hər fürsətdə ziyarət edirəm. Bəzən çox təmiz olur, bəzən divarlara spreylərlə yazı yazanların hədəfinə çevrilir. Bəziləri heyvanlara yemək vermək üçün məzarın yanına yörəsinə qoyurlar. Nəticədə Parqalıya yaraşmayan mənzərələr ortaya çıxır. Açığı, böyük əksəriyyət orada Parqalının məzarının, ümumiyyətlə bir məzarın olduğundan belə xəbərsizdilər. Çünki bu boyda zəngin tarixə insanı dəhşətə gətirəcək qədər biganə olan milyonlar yaşayır bu şəhərdə. Bu günlərdə yenə ziyarət etdim. Yazılar silinib, məzar təmizlənib, amma ad hələ də yazılmayıb. Yeri gəlmişkən, Nurhan Atasoy deyir ki, Parqalı Fateh Mehmetə layiq bir sərkərdə olub və Osmanlı üçün ciddi işlər görüb. Amma gəl bu həqiqəti tarixi seriallardan izləyənlərə izah et görüm, necə edirsən!
Uzun sözün qısası, Parqalı İbrahim Paşa danılmayacaq qədər gerçəkdir, Osmanlı qədər unudulmazdır, yaddaş qədər diri həqiqətdir. Parqalı İbrahim Paşa bir taleyin deyil, bir çağın aynasıdır. Və yəqin ki, həmişə də belə qalacaq.




