Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyevin 85 illiyi tamam olur. O, 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsili həmin kənd məktəbində aldıqdan sonra 1953-cü ildə ali təhsil üçün Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsini seçmişdi. Təhsil illərində istedadı ilə həmyaşıdlarından seçilən T.Hacıyev 1958-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturada saxlanmışdı. Bundan sonrakı ömrünü elmə həsr etdi, dilçiliyin dialektologiya, dil tarixi, ədəbi dil, türkologiya, üslubiyyat, nitq mədəniyyəti və ədəbi tənqid sahələrinə dair bir-birindən dəyərli əsərlər yazaraq türk dilçiliyini zənginləşdirdi.
Alim elmi yaradıcılığa dilçiliyin dialektologiya sahəsi ilə başlamışdı. 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Gənc alim ilk tədqiqatında dialektoloji terminlərin sırasına keçid şivəni də əlavə etmiş, onun mahiyyətini açıqlamış və Cəbrayıl şivəsinin keçid xarakterli olmasını müəyyənləşdirmişdi. Onun qənaətinə görə, qərb və cənub ləhcələrinin sərhədləri bu şivədə birləşir, buna görə də Cəbrayıl şivəsində hər iki ləhcənin xüsusiyyətləri işlənməkdədir. Bu fikri görkəmli dialektoloq, akad. M.Şirəliyev və digər mütəxəssislər elmi yenilik kimi qəbul etdilər. Bundan sonra dialektologiyada keçid şivələr anlayışı geniş şəkildə işlənməyə və tədqiq olunmağa başlandı.
T.Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda əvvəlcə müəllim, sonra dosent (1965-ci ildən) işləyib, 1968-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirib. 1969-cu ildə 32 yaşında "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1971-ci ildə professor elmi adına layiq görülüb, 1984-cü ildən 2015-ci ildək Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Bu illərdə türkologiyanın tədrisində, milli kadrların hazırlanmasında mühüm əməyi olub. Eyni zamanda, 30-a qədər dərslik, monoqrafiya, 500-dən artıq elmi və publisistik məqalə yazıb.
Alim elmi yaradıcılığa dilçi-dialektoloq kimi başlasa da, daha çox dil tarixi və ədəbi dil məsələlərini tədqiq edib. 1976-cı ildə "Azərbaycan ədəbi dili tarixi" kitabı çap olundu. Kitabda öncə xalqımızın və dilimizin tarixi ilə bağlı mövcud saxta, qondarma fikirlər təkzib olunur, tarixi mənbələr və faktlar əsasında Azərbaycan ərazisində ən qədim dövrlərdən türk tayfalarının yaşaması sübuta yetirilir. Bundan əlavə, T.Hacıyev ədəbi dillə bağlı "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" (1977), "Azərbaycan dili tarixi" (1983 - K.Vəliyevlə şərikli), "Azərbaycan ədəbi dili tarixi" (II hissə - 1987), "Azərbaycan dili" (1993 - Z.Budaqova ilə şərikli), "Azərbaycan ədəbi dili tarixi" (1991 - şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
Klassiklərimizin dili-üslubu ilə bağlı "Satira dili" (1975), "Yazıçı dili və ideya bədii təhlil" (1979), "Molla Nəsrəddinin dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları və onlarla məqalələri tarixi üslubiyyat sahəsində ən qiymətli örnəklərdir.
Müstəqillik illərində T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi uzun illər fəal və ardıcıl şəkildə iştirak edib.
T.Hacıyev təkcə dilçiliklə deyil, eyni zamanda, ədəbiyyat məsələləri ilə uğurla məşğul olub. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz, düşüncələrimiz" (1999), "Üzeyir Hacıbəylinin bədii dili" (2014) kitabları, "Türk dünyası ədəbiyyatı tarixi" (30 cilddə - Ankara), "Üzeyir Hacıbəyov ensiklopediyası" (1996), "Azərbaycan ədəbiyyatı tarixi" (6 cilddə - 2004) kitablarında həmmüəllifliyi, kollektiv tərəfindən ali məktəblər üçün hazırlanmış "Azərbaycan Sovet ədəbiyyatı" (1998) dərsliyində müəllif kimi iştirakı onun ümumi filoloji yaradıcılığının nəticəsidir.
"Dədə Qorqud Kitabı" abidəsinin, alimin öz təbiri ilə desək, "Ana kitabımız"ın nəşri, tədqiqi və təbliği onu daim düşündürmüşdür. Son dövrlərdə respublikamızda abidəyə marağın artması, "Dədə Qorqud"un 1300 illik yubileyinin, kollokviumların, konfransların və Dədə Qorqud günlərinin təntənəli keçirilməsi Tofiq Hacıyevin bu sahədəki elmi fəaliyyəti və türkologiyada nüfuzu ilə bağlıdır. "Dədə Qorqud: dilimiz, düşüncələrimiz" (1999) və "Dədə Qorqud Kitabı: tariximizin ilk yazılı dərsliyi" (2014) monoqrafiyalarında, "Dədə Qorqud Kitabı" (ensiklopedik lüğət - 2004), "Dədə Qorqud dünyası" (2004), "Qorqud ədəbiyyatı" (2004), "Kitabi-Dədə Qorqud" (əsli və sadələşdirilmiş mətn - 2004) kitablarında, eləcə də müxtəlif illərdə respublikamızda və xaricdə nüfuzlu toplularda çap olunmuş 30-dan artıq məqaləsində abidənin yazılma tarixi, coğrafi koordinatları, oğuzların mənşəyi, dövlət quruluşu, kültürü və dili ilə bağlı bir çox mübahisəli məsələlər tam elmi həllini tapıb.
Görkəmli alim T.Hacıyev Sovet dönəmində Kişinyov, Odessa, Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa və başqa şəhərlərdə keçirilən ümumittifaq konfranslarında maraqlı məruzələrlə çıxış edib. Sonrakı dövrlərdə isə Kayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994, 1996, 2014), Ankara (1996, 1997, 2002), Urmiya (1997), Bursa (1996), Konya (1998), Təbriz (1998), İzmir (2000), Tirana (2013) və digər şəhərlərdəki beynəlxalq konfranslarda məruzələri böyük maraq və rəğbətlə qarşılanıb.
Alimin tərcümə sahəsində də fəaliyyəti uğurlu nəticələr verib. Türk dünyasının nadir əsərlərindən olan B.Serebrennikov və N.Hacıyevanın "Türk dillərinin müqayisəli tarixi qrammatikası" (2002), Murad Adcinin "Qıpçaq çölünün yovşanı" (1997) və "Dünya və türk: munis tariximiz" (2006), Mikayıl Bastunun "Şan qızı" dastanı və poetikası" (2005), İbn Mühənnanın "Hilyətül-insan və həlbətüllisan" (İnsanın bəzəyi və dilin sahəsi)" (2006) əsərlərini rus dilindən dilimizə tərcümə edib. Atatürk Dil Qurumu B.Serebrennikov və N.Hacıyevanın sözügedən kitabının əhəmiyyətini nəzərə alaraq, T.Hacıyevin tərcüməsində türk nüsxəsini Ankarada nəşr etmişdi. Bunları yalnız tərcümə əsərləri kimi qiymətləndirmək düzgün olmazdı, hər bir kitaba yazılan geniş ön söz və şərhlərdə alim mənbələrdən çıxış edərək türk dillərinin tarixi və mənşəyi ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirib.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən T.Hacıyev 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunur. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, o, respublikamızın ictimai həyatında fəal iştirak edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya üzrə Ekspert Şurasının (2007-2012) və dilçilik üzrə Əlaqələndirmə Şurasının (2008-2014) sədri kimi səmərəli çalışıb. Yazıçılar Birliyinin, Dövlət Dil Komissiyasının və Milli Məclisdə Toponimiya Komissiyasının üzvü, "Türkologiya" və "Dədə Qorqud" məcmuələrinin baş redaktoru olub.
T.Hacıyev sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 6 filologiya elmləri doktoru, 30-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunub. Onun yetirmələri arasında Azərbaycan alimləri ilə yanaşı, xarici ölkələrin elmi mütəxəssisləri də vardır.
T.Hacıyev təkcə ölkəmizdə deyil, dünya miqyasında yaxşı tanınır, əsərlərinə istinad olunur. 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmiş, elmi və ictimai fəaliyyətinə görə 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunmuşdu. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik "Türk dünyası ədəbiyyatı tarixi"nin müəlliflərindəndi. Türkiyənin Sənətçilar və Yazarlar Vəqfinin 2002-ci il üzrə "Türk dünyasına xidmət" medalının sahibidir. 2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, həmin ilin iyulunda da isə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdü.
Akademik T.Hacıyev dünya türkləri arasında ortaq türk dilinin reallaşması üçün çox çalışırdı. Keçən yüzilliyin 80-90-cı illərindən uluslararası türk dili qurultaylarındakı (1996, 1999, 2004) məruzələrində, müxtəlif toplulardakı məqalələrində, gündəlik mətbuatda və kütləvi informasiya vasitələrində çıxış və müsahibələrində, "Türklər üçün ortaq ünsiyyət dili" (2013) monoqrafiyasında ortaq dilin işləkliyini təmin edən vasitələri açıqlamış, türklər üçün əhəmiyyətini və vacibliyini xüsusi qeyd etmişdi. Alim bir çox türkoloqlar kimi məsələnin həllində yeni ədəbi dil yaratmağı məqbul hesab etmir, müasir türk dillərindən birini - Türkiyə türkcəsini ortaq ünsiyyət dili kimi seçməyi zəruri sayır ki, türklər fərqli coğrafiyalarda yaşasalar da, bu dil vasitəsilə bir-birini asan, tərcüməsiz anlasınlar.
2013-cü ildə AMEA Dilçilik İnstitutuna direktor təyin olunan alim, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçildi. T.Hacıyevin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ilin oktyabr ayında 20-dən artıq ölkənin tanınmış türkoloqlarının iştirakı ilə "Sələflər və xələflər" mövzusunda I Beynəlxalq simpoziumu keçirildi. "Bütöv Azərbaycanın dialektoloji atlasının hazırlanması" (5 cilddə) layihəsi çərçivəsində artıq "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası" onun redaktorluğu ilə 4 dildə nəfis şəkildə çap olundu.
Görkəmli alimin ən böyük arzusu doğma Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Çox təəssüf ki, qələbə sevincini yaşamağa ömrü yetmədi. 2015-ci il noyabrın 27-də qəflətən dünyasını dəyişməsi doğmalarını, dostlarını, həmkarlarını və tələbələrini dərindən sarsıtdı. Tofiq müəllim dünyasını dəyişsə də, qətiyyən unudulmadı və onu sevənlərin qəlbində, elmi ictimaiyyətimizin yaddaşında əbədi yaşayacaq. Böyük alimimizə və unudulmaz müəllimimizə Allah rəhmət eləsin!
Məhərrəm MƏMMƏDLİ
BDU-nun Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru