|
|
|
|

ABŞ prezidenti Co Baydenin 24 aprel münasibətilə etdiyi çıxışda "soyqırımı" ifadəsini işlətməsi türk dünyasında təəssüflə, Türkiyə və Azərbaycanda ciddi narazılıqla qarşılandı.
Bölgənin iki önəmli ölkəsini - Türkiyə və Azərbaycanı narazı salmaq hesabına ermənilərin etimadını doğrultmağın Vaşinqtonun maraqlarına uyğun olmadığı çox aydın göründüyü üçün ABŞ hakimiyyətinin üzrxahlıq ifadə edəcək addım atacağı gözlənilən idi. ABŞ dövlət katibi Antoni Blinken əcnəbi jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransının yaratdığı imkandan istifadə edərək ABŞ prezidentin 1915-ci il hadisələrindən bəhs edərkən "soyqırımı" ifadəsini işlətməsini şərh edib. Bir çoxları, xüsusilə də ermənilər üçün çox gözlənilməz olsa da, dövlət katibi Antoni Blinken ABŞ prezidentin 1915-ci il hadisələrindən bəhs edərkən "soyqırımı" ifadəsini işlətməsini Co Baydenin uzun illik dünyagörüşünü ifadə etməsi kimi dəyərləndirib. Xatırlatmaq yerinə düşər ki, ötən yazılarımızın birində Co Baydenin "soyqırımı" ifadəsini işlətməsinin əsas səbəbi kimi ABŞ prezidentinin bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutmasını qeyd etmişdik. İndi də dövlət katibi Antoni Blinken diplomatik ifadə ilə eyni məsələyə işarə edir.
Dövlət katibinin bu açıqlaması üç cəhətdən önəmlidir. Birincisi, təcrübəli diplomat və siyasətçi olan Antoni Blinken bu açıqlama ilə prezidentin "soyqırımı" ifadəsinin hüquqi dəyərləndirmə deyil, Co Baydenin subyektiv fikri olduğunu ifadə edib.
İkincisi, Antoni Blinkenin fikirlərindən aydın görünür ki, Co Baydenin açıqlaması ABŞ dövlətinin və hətta hökumətinin də mövqeyi deyil. Burada haşiyə çıxaraq bir məsələni qeyd etmək istərdik ki, ABŞ hökumətinin hər hansısa bir hadisə ilə bağlı mövqeyi, qərarı və qiymətləndirməsi bir qayda olaraq Dövlət Departamenti tərəfindən rəsmi sənəd kimi yayılır. Məsələn, uyğurların və digər tük xalqlarının Çində soyqırıma məruz qalması haqqında sənəd Dövlət Departamenti tərəfindən yayılmışdı. Həmin sənəddə uyğurların soyqırıma məruz qaldığı çoxsaylı dəlillərlə əsaslandırılmış, hüquqi məsuliyyət isə Çin dövlətinin və Çin Kommunist Pariyasının üzərinə qoyulmuşdu. Dövlət katibi Antoni Blinkenin prezident Co Baydenin "soyqırımı" adlandırdığı 1915-ci il hadisələrinə görə Türkiyənin hüquqi məsuliyyət daşımadığını qeyd etməsi də bu baxımından çox diqqətçəkicidir. ABŞ prezidentinin türkiyəli həmkarı ilə görüşü səbirsizliklə gözlədiyini qeyd edən dövlət katibi Antoni Blinken Vaşinqtonla Ankara arasında "soyuq müharibə" olmadığını nümayiş edirib.
Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasını ABŞ hakimiyyətinin mövqeyi olmadığını təsdiqləyən ikinci məqam isə dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon əlaqəsi yaradaraq ikitərəfli tərəfdaşlıq əlaqələri və bir sıra müxtəlif məsələləri müzakirə etməsidir. Dövlət katibinin Tvitter hesabından yaydığı bir açıqlamada Azərbaycan Prezidenti ilə söhbəti "yaxşı fürsət" kimi dəyərləndirməsi də rəsmi Vaşinqtonun Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasının ABŞ-ın maraqlarına uyğun olmadığının, bunun ancaq zərərli ola biləcəyinin fərqində olduğunu göstərir.
Dünya liderliyini qoruyub saxlamaq uğrunda Çin və Rusiya ilə sərt mübarizə dövrünə qədəm qoymuş ABŞ bölgənin iki önəmli ölkəsini - Türkiyə və Azərbaycanı itirməyin nə qədər ağır nəticələr doğuracağının fərqindədir. Çin "Bir kəmər, bir yol" layihəsi ilə özünün qloballaşma niyyətlərini həyata keçirməyə çalışır. Rəsmi Pekin bu layihəyə dünya dövlətlərinin əksəriyyətinin dəstəyini təmin etsə də, Azərbaycan və Türkiyənin xüsusi önəminin fərqindədir. Çünki Çinin dünya liderliyini təmin edəcək "Bir kəmər, bir yol" layihəsini Azərbaycan və Türkiyə olmadan həyata keçirmək çox çətin olar. Çini Avropa ilə bağlayacaq yollar və nəqliyyat infrastrukturu Azərbaycan və Türkiyədən yan keçməklə də yaradıla bilər, amma bunun effekti olmaz. Buna görə də Çin son zamanlar Türkiyəyə xüsusi rəğbət göstərməyə başlayıb. Vaşinqtonda da bunu çox aydın görürlər və prezident Co Baydenin erməni sevgisinə görə Ankara ilə münasibətləri tam korlamaq istəmirlər.
Rusiya ilə Qara dəniz bölgəsində və Cənubi Qafqazda sərt rəqabət aparan ABŞ Türkiyə və Azərbaycan olmadan uğur qazana bilməyəcəyini aydın görür. Qara dəniz hövzəsində indi elə bir vəziyyət yaranıb ki, Türkiyə bölgədə ağırlıq mərkəzini istənilən tərəfə əyəcək dövlətə çevrilib. Əgər Türkiyə Rusiyaya dəstək versə, ABŞ Qara dəniz hövzəsində əlverişsiz vəziyyətə düşəcək. Geosiyasi önəminə görə dünyanın üç əhəmiyyətli su hövzəsindən biri olan Qara dənizdə üstünlük qazanmaq istəyən dövlətin Türkiyəyə ehtiyacı var. Xəzər dənizindəki enerji daşıyıcılarının dünya bazarlarına daşınmasında müstəsna mövqeyə sahib Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu da vazkeçilməzdir.
İranın nüvə proqramı ətrafında yaranan gərginlik Türkiyənin və Azərbaycanın əhəmiyyətini daha da artırıb. İranın nüvə proqramından imtina etməyəcəyi halda yaranacaq yeni vəziyyətdə ABŞ-ın Türkiyə və Azərbaycana ehtiyacı daha da artacaq. ABŞ-ın siyasi, iqtisadi və hərbi maraqlarını Co Baydenin tarixi səhvinə qurban vermək Vaşinqtonun böyük strateji səhvi olardı. Belə bir səhvə yol verən siyasi komandanı isə ABŞ-ın siyasi, iqtisadi və hərbi elitası əfv etməzdi. Buna görə də, dövlət katibi Antoni Blinkenin Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" adlandırmasının ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətlərində daha dərin yaralar açmasına imkan verməmək üçün atdığı addımlar ən doğru qərardır.



