Qadın xislətinin kişi xislətindən nə qədər fərqli, rəngarəng olduğu yəqin ki, heç kimə sirr deyil. Qadınların emosiyaları daha güclü, daha çox şeyə fokslanan, hadisələri daha çox sorğulayan, empatiyası daha dərin olur. Kişilərin isə həyat tərzinin daha çox düz məntiqə söykəndiyi söylənilir.
Kişi dünyası haqqında çox məlumatım olmasa da, sizə saatlarla qadınların nə qədər rəngarəng olduğundan danışa bilərəm. Bu deyilənlər, əlbəttə, içindəki dişilik immunitetini qoruya bilən, cəmiyyət tərəfindən manipulyasiya olmayan qadınlara aiddir. Digər bir qrup da var bu cəmiyyətdə, çoxluq təşkil edən qadın qrupu. Gəlin onlar haqqında danışaq. Danışaq ki, ölkəmizdəki qadınların reallıqlarını, həyat tərzini anlamağa bir az da yaxınlaşaq.
Ötən illərdə müvəqqəti yaşadığım aran kəndlərinin birində qadınların öz fikirlərini səsləndirmədiyini, daha çox ərlərinin dilindən danışdıqlarını müşahidə etmişdim: Kişi bunu dedi, kişi onu dedi, kişi qoymaz, kişi aşağı-kişi yuxarı... "Görəsən, bu qadınların öz fikri, öz zikri, öz arzuları yoxdumu?" -deyirdim. Kənddə tək yaşayan qadınların da daha çox kişi kimi formalaşdığını, onlarda zəriflikdən əsər-əlamət qalmadığını görürdüm. Bu haqda bir böyüyümlə danışanda, "Ay qızım, qadınlar burada ailənin hər yükünü çəkirlər. Uşağı da onlar böyüdür, mal-qaraya da onlar baxır, traktorun belinə oturub pambıq yığımına gedir, sezondan-sezona evə pul da gətirirlər. Kişiləşməyib neynəsinlər?"- demişdi.
Biz qadınlardakı bu xüsusiyyətlərin təkcə ölkəmizə xas olduğunu deyə bilmərik. Oxuduğum bir çox araşdırmanın da bu nəticəyə gəldiyini görürəm. Bir çox şərq cəmiyyətində qadınların duyğu və düşüncə cəhətdən kişilərə daha yaxın olduğu aparılan araşdırmalarla da öz təsdiqini tapıb. Onlardan biri, 2001-ci ildə 26 ölkədən olan 23 min qadın və kişi arasında aparılan anket-sorğudur. Bu anket-sorğunun nəticəsinə görə, cəmiyyətlərdəki kişi və qadın xarakterlərində olan bənzərlikdə sosial faktorlar daha çox önəm daşıyır.
Cinsi bərabərliyin daha çox inkişaf etdiyi Avropa və Amerika kimi inkişaf etmiş bölgələrdə, kişilər və qadınlar arasındakı şəxsiyyət xüsusiyyətlərindəki fərq, gender bərabərliyinin daha az olduğu Asiya və Afrika ilə müqayisədə daha çox hiss olunur.
Araşdırmaçılar ehtimal edirlər ki, şüurlu yanaşmaların standart anketlərin nəticələrinə təsiri ola bilər. Yəni insanların düşünmədən cavab verməli olduqları testlərdə qadın və kişi arasındakı şəxsiyyət fərqləri üçdə birə düşür. Ancaq bu vəziyyətdə də, qadınlar duyğusal qeyri-sabitlik və manipulyasiya olunma baxımından daha çox bal toplayırlar. Başqa sözlə, qadınların bizim kimi, bənzər mədəniyyətlərdə kişilərin duyğusal təsiri altında qaldığı, öz həyatlarını və düşüncələrini kişilərin düşüncə tərzlərinə görə formalaşdırdığı məlum olur.
Yuxarıda haqqında danışdığım aran kəndinə qayıtsaq, qadınlarının sübh tezdən qarışqa kimi işəməyə başlayıb ancaq gecələr dincələ bildikləri həmin kənddə, kişilər daha çox ağac kölgəsində, çayxanada nərd atır, kəndin küçələrində avaralanırlar. Onların işi ancaq taxıl yığımlarında olur və bir sezonda bitir. Sonra yenə çayxana, yenə domino-nərd ilə əyləncə tərzinə davam edirlər. Bu kənddə qadınların fürsət tapıb danışa bilmədiyi, qeybətini edə bilmədiyi hər mövzunu kişilər o çayxanalarda axşama qədər edir, filankəsin qızından bəhmənkəsin oğluna qədər hamının arxasınca danışmağa vaxt tapırlar. Ona görə də bu kənddə nə kişilər kübar, nə qadınlar zərifdir. Sanki bir gün dövran dönüb, bir hadisə baş verib. Düz gedən sistemin bir qolu qırılıb, sonra da səhv qaynayıb. Beləcə, illərdir bu yalnış sistem, bu yalnış gedişat belə də davam edir.
İnsan daha mədəni şərtlər altında yaşaya biləcəyinin, özü üçün daha yaxşı seçimlər edə biləcəyinin fərqində olduğunu dərk etdikcə dəyişə, çevrilə, öz yaradılışına sadiq bir formada inkişaf edə bilir. Bunun üçün sistemin, yaşadığın mühitin səni bir azca dəstəkləməsi kifayət edir. Bu həyat yolunda böyüklərin aça bildiyi bircə cığır - ensiz, amma düz yola aparan cığır bəs edir ki, arxadan gələnlər də o cığırın iziylə hərəkət edə bilsinlər. Amma əgər o cığırdan əsər-əlamət yoxdursa, bu kənddəki kimi, insan yaşayışında, həyat tərzində misgin bir mənzərə müşahidə olunur.
Bu kəndin adını qeyd etmirəm, amma simvolik bir ad da vermək lazımdır. Qoy, bu kəndin adı "Kişiləşmiş qadınların kəndi" olsun. Bu gün istər dağ, istərsə də aran kəndi olsun, hansına baxsaq, eyni mənzərəni görəcəyimizi düşünürəm. Sanki bu kəndlərdə qadınlar kişilərin kölələri kimi yaşayırlar. Onların dilindən danışır, bir yandan kişiləri əsəbiləşdirməməyə çalışır, bir yandan da bütün işləri öz çiyinlərinə yüklənirlər. Bağa da baxır, bostana da, tarlaya da gedir, mal-qaranı örüşə də çıxarır. Hələ bir fürsət tapıb uşaqlara da baxır, yemək bişirib qonaq da qəbul edirlər.
Düzdür, əmək ən gözəl ibadətdir. Amma bu qədəri köləlik deyilmi? Fikrimcə, bir qadına gün ərzində saçlarına daraq çəkməyi unutduracaq qədər ağır həyat şərtləri yüklənməməlidir.
Bizim kimi cəmiyyətlərdə qadın-kişi bərabərsizliyinin əsas göstəricilərindən biri də məhz bu, ailədə, cəmiyyətdə düzgün iş bölgüsünün aparılmamasıdır. Yəqin elə buna görə kəndlərdə qadınlar haqqında ən güclü bənzətmələr "kotan kimi qadın", "tank kimi arvad" bənzətmələridir. Qadınlar da evlərinə gəlin seçəndə məhz bu xüsusiyyətlərə diqqət edirlər. Yəni hələ də bəzi ucqar kəndlərdə xanımlıq yox, "kotan kimi qadınlıq" önəm daşıyır. Evin bütün yükünü çiyinlərinə ala bilən qadın modeli ən çox təqdir olunan qadınlardır bu kəndlərdə.
Biz gender bərabərliyindən, insan haqlarından nə qədər yazsaq da, bunun sistemin içində əyri birləşən qolu düzəltmədən düzəlməyəcəyinin də fərqindəyik. Bəs, o əyri birləşən qolu necə düzəltmək olar? İnsanları illərlə öyrəşdikləri bu əzici sistemdən necə çıxarmaq, öz həyat tərzlərinə ayna tutmaq olar?
Əlbəttə ki, kəndlərə mədəniyyət daşımaqla.
Kəndlərimizə sənaye, fabrik, mədəniyyət evləri, kitabxanalar, kinoteatrlar getmədikcə, biz oralarda heç bir qadın haqqından, heç bir düzgün qurulmuş sistemdən danışa bilmərik.
İnsanlar arasında birlik və bərabərliyi bərpa etməyin tək yolu onların həyat tərzinə ayna tutmağı bacarmaq, onlara özlərini, həyat tərzlərini göstərmək, yanlış gedən şeylər haqqında fərqindəlik yaratmaqdır. Bu, sənətlə, mədəniyyətlə, kinoyla, teatrla mümkündür. İnsanlar həyatlarındakı yanlışları gördükcə onu dəyişdirməyin, yenidən formalaşdırmağın yollarını axtarmağa başlayırlar. Bu məsələdə isə onlara fabriklər, yeni sənaye mərkəzləri, iş yerləri ilə dəstək olmaq lazımdır.
Təəssüf ki, bütün bunlar olmadığı müddətdə biz heç bir bərabərlikdən danışa bilmərik. Nə qədər ki özümüz deyib, özümüz eşidirik, özümüz yazıb, özümüz oxuyuruq və bunun həmin o kənddəki qadınlara, insanlara heç bir faydası yoxdur, deməli, danışmağımız da, yazmağımız da əbəsdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub