|
|
|
|
Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açır. Sian Gömrük İdarəsinin rəsmi saytındakı açıqlamaya görə, yeni marşrut xəttinə əsasən, Çindən yüklər qatarla, Xəzər və Qara dənizləri vasitəslə Almaniyaya çatdırılacaq.
Yeni marşrutun əvvəllər Çin-Avropa istiqaməti üzrə az sayda qatarın keçdiyi ölkələri və regionları əhatə edəcəyi, həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacağı bildirilir.
Rusiya-Ukrayna müharibəsi qonşu ölkədən keçən nəqliyyat dəhlizlərinin qapanmasına gətirib çıxarıb. Bu isə quru yollar üzərindən Avropa-Çin və yaxud əks istiqamətdə digər dəhlizlərə marağı artırıb. Hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin digər hissəsi olan Trans Xəzər Nəqliyyat Marşrutu üzrə yüklər göndərilir.
Çinin təklif etdiyi multimodal daşımalar iki formada həyata keçirilə bilər. Birincisi, yükdaşımaların Xəzər dənizi üzərindən həyata keçirilməsidir. Bu halda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yüklər Qara dəniz boyunca daşınacaq, oradan isə Bolqarıstan, Rumıniya, Çexiya və Almaniyaya göndəriləcək. İkinci multimodal alternativ isə Qara dəniz variantıdır. Yüklər Çin istiqamətində Azərbaycana gəlir və burdan Gürcüstan limanlarına, oradan da Rumıniyanın Konstanta limanına, Macarıstan, Çexiya və Almaniyaya göndərilir.
Bəs yeni marşrut Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?
Məsələ ilə bağlı “525”in suallarını cavablandıran Milli Məclisin üzvü, iqtisadçı Vüqar Bayramov yeni marşrutun Azərbayanın iqtisadi mövqeyini gücləndirəcəyini və dövlət gəlirlərinin armasına imkan yaradacağını vurğulayıb: “Rusiya və İrana tətbiq edilən sanksiyaların fonunda regiondan yükdaşımaların həcmində artımların olacağı gözlənilir. Azərbaycan da yükdaşımalar baxımından regionda vacib ölkələrdəndir. Xüsusən son regional layihələrin reallaşması bir daha təsdiq edir ki, Azərbaycan bütövlükdə beynəlxalq yükdaşımalar baxımından regional gücə çevrilməkdədir.
Eyni zamanda, Bakı-Tbilisi-Qars da sözügedən dəmir yolu xəttinə inteqrasiya olunacaq.
Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qarsın reallaşması ilə bağlı həmin zaman bir sıra Qərb ölkələrinin ciddi təzyiqləri vardı. Buna rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində həmin dəmir yolu xətti reallaşdı. Bu gün artıq həmin dəmir yolu Asiya ilə Apropanı birləşdirən ümumi nəqliyyat xəttinin bir elementinə çevrilir və beynəlxalq yükdaşımalarda xüsusi paya malik olur. Bu baxımdan təbii ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar olacaq, bütövlükdə Azərbaycanın dövlət gəlirlərinə, eləcə də valyuta daxilolmaların artmasına imkan verəcək”.
Ekspert bu hadisənin iqtisadiyyatımızın neftdən asılılığının azalmasına və qeyri-neft sektorundan büdcəyə daxilolmaların artmasına da zəmin yaradacağını qeyd edib.
“2019-cu ildə pandemiyadan əvvəl Azərbaycan üzərindən daşınan qeyri-neft məhsulların həcmində 65 faiz artım qeydə alınmışdı. Bu isə ondan xəbər verir ki, mövcud infrastruktur, həmçinin beynəlxalq yükdaşımalarla bağlı praseduraların elektronlaşdırılması nəticə etibarilə Azərbaycandan keçəcək və Çindən Almaniyaya qədər uzanacaq yolun Azərbaycan iqtisadiyyatına xüsusi töhvəsinin olmasına imkan yaradacaq. Nəticədə də təbii ki, Azərbaycanın dövlət gəlirlərinin artması üçün qeyri-neft sektorundan daxilolmalarda xüsusi mənbələrdən birinə çevriləcək”.
"Çindən Almaniyaya yeni marşrut xəttinin açılması Azərbaycanın yerləşdiyi bölgə üçün yeni imkanlar yaradır, bu yolun potensialı böyükdür". Bunu isə "Report"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib: "Yeni marşrut xəttinə əsasən, Çindən yüklər qatarla, Xəzər və Qara dənizləri vasitəslə Almaniyaya çatdırılacaq. Rusiya- Ukrayna mühaibəsi qonşu ölkədən keçən nəqliyyat dəhlizlərinin qapanmasına gətirib çıxarıb və quru yollar üzərindən Avropa-Çin və yaxud əks istiqamətdə digər dəhlizlərə marağı artırıb”.
Ekspertin sözlərinə görə, hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin digər hissəsi olan Trans Xəzər Nəqliyyat Marşrutu üzrə yüklər göndərilir: “Əgər Çinin təklif etdiyi multimodal daşımalar Xəzər dənizi üzərindən həyata keçirilsə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklər Qara dəniz boyunca daşınacaq, oradan isə Bolqarıstan, Rumıniya, Çexiya və Almaniyaya göndəriləcək. Yenə bu yolun multimodal alternativi Qara dəniz üzərindən davam edir, yüklər Çin istiqamətində bizə gəlir və bizdən Gürcüstan limanlarına, oradan da Rumıniyanın Konstanta limanına, Macarıstan, Çexiya və Almaniyaya göndərilir”.
Qeyd edək ki, 316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb. Qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə çatacaq.