Mayın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ili münasibətiylə “Heydər Əliyevin mədəniyyət konsepsiyası” adlı tədbir keçirilib.
Mövcud pandemiya qaydalarını nəzərə alaraq onlayn şəkildə keçirilən tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.
525.az-a verilən məlumata görə, tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, universitet hər il ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində xatirəsinə həsr olunmuş tədbirlər, konfranslar, dəyirmi masalar keçirir:
“Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçməklənə Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğıyla yanaşıb. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr Müavini Jalə Əliyeva çıxışında Ümummilli lider Heydər Əliyevin mədəniyyətə və incəsənətə olan yüksək münasibəti haqqında geniş bəhs edib:
“Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyətə, incəsənətə böyük qayğıyla yanaşıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu qayğıdan kənarda qalsın. Heydər Əliyev mədəniyyətimizi yaradan və inkişaf etdirən bütün sənətkarların əməyini yüksək qiymətləndirir, diqqət və qayğısını əsirgəmirdi. O, rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və layiqli təklifləriylə onları ruhlandırır, stimul verirdi. O, bir çox tamaşaların premyeralarında iştirak edir, tamaşa sonrası səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. O, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Bu gün Mədəniyyət və İncəsənət Universitetində dərs deyən, hazırda bu tədbirdə iştirak edən Azərbaycan mədəniyyətinin ikonlarına çevrilmiş sənətkarlarımız var ki, həm onların, həm də bizim Heydər Əliyev dühasıyla bağlı xatirələrimiz çoxdur. Biz onun bu qayğısının, diqqətinin canlı şahidləriyik. Ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltəraşlıq, teatr, kino və sair mədəniyyət sahələrimizin hər biri Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib və inkişaf yolu keçib. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”.
J.Əliyeva Ümummilli liderin zamanında mədəniyyətə olan meylini və arzusunu da xatırlayıb, onun incəsənətə olan bu qayğısının məhz həmin sevgidən gəldiyini vurğulayıb:
“Heydər Əliyev özü də incəsənətə meyilli insan idi. Memar olmaq onun gənclik arzusu olub. Amma zaman Ulu Öndəri siyasətin, böyük bir ölkənin memarına çevirdi.
Hələ Sovetlər dönəmində Heydər Əliyev mədəniyyətin maddi-texniki bazasının inkişafına xüsusi diqqət yetirirdi. O, bu sahədə istedadlı və savadlı kadrların hazırlanmasına xüsusi diqqət göstərirdi. Çünki bilirdi ki, yaxın gələcəkdə müstəqil Azərbaycan Respublikası mütləq olacaq və həmin Azərbaycanın inkişafında, tanınmasında bu kadrlar önəmli rol oynayacaq”.
Millət vəkili Heydər Əliyevin səyi və bilavasitə tapşırığı ilə dramaturq Hüseyn Cavidin nəşinin Naxçıvana, Qarabağ müharibəsində Şuşada Üzeyirin Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin Bakıya gətirilməsi məsələlərini xatırlayıb və bu faktları onun mədəniyyətə olan diqqətinin əsas nümunələrindən biri kimi dilə gətirib.
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun siyasi xadim kimi fəaliyyətindən söz açıb, Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafındakı rolundan danışıb:
“Heydər Əliyevi səciyyələndirən əsas xüsusiyyətlərdən biri budur ki, onun fəaliyyəti bir-birinə zidd olan iki ictimai-siyasi sistemin qovuşağından keçib. Lakin onun uzaqgörənliyi, böyüklüyü, qüdrəti ondan ibarət idi ki, o, bir-birinə zidd olan ictimai-siyasi quruluşların hər birindən məharətlə istifadə edib Azərbaycan Respublikasının və Azəraycan xalqının hərtərəfli inkişafını təmin etdi. Mənim həyatımın böyük bir hissəsi Heydər Əliyevin siyasi fəaliyyətinin araşdırılmasına sərf olunub və mən bundan böyük şərəf duyuram. Çünki mən bunu Ulu Öndərimizin sağlığında etmişəm və onun haqqında Azərbaycanda ilk dəfə olaraq fundamental elmi əsərin-doktorluq dissertasiyasının müəllifi olmuşam.
Heydər Əliyevin tariximiz və xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, ən çətin zamanlarda bizim dövlətçiliyimizi qoruyub saxlayıb. Dövlətçiliyimizin qorunub-saxlanması azadlığımızın, müstəqilliyimizin qorunması demək idi. O vaxtdan etibarən Azərbaycanda bir çox sahələrdə demokratik dəyişikliklər baş verdi. İstər mədəniyyət, istər elm-təhsil sahələrində, istərsə də siyasətdə bir çox pozitiv dəyişikliklər baş verdi. Demokratik təsisatların da təşəkkül tapması məhz o dövrə təsadüf etdi. Azərbaycan artıq dünya siyasətində də silki, demokratik, müstəqil dövlət kimi özünü təsdiqləyə bildi. Bunlar hamısı Heydər Əliyevin ideyalarının təzahürü idi. Bu ideyaların bu gün yüksək səviyyədə daşıyıcı bu ocaqdan bəhrələnən, dövlətimizin keşiyində möhkəm dayanan cənab Prezident İlham Əliyevdir. Heydər Əliyevin qəlbində yaşatdığı və həllini hər şeydən çox istədiyi Qarabağ problemini məhz onun layiqli davamçısı İlham Əliyev həll etdi. Xalqımızın əzmi, ordumuzun rəşadəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində biz böyük qələbəni əldə etdik. Heydər Əliyev gənclərin, qadınların da inkişafına çox böyük önəm verirdi və onların özünüinkişafı üçün hər cür şərait yaradırdı”.
ADMİU-nun professoru, Xalq artisti Oqtay Mirqasımov çıxışında Heydər Əliyevlə şəxsən tanış olduğu və onun dövründə yaşadığı üçün özünü çox şanslı sənət adamı hesab etdiyini deyib:
“Heydər Əliyev unikal insan və rəhbər idi. O, mədəniyyət və incəsənəti strateji istiqamət kimi görür və buna birinci növbədə siyasətçi kimi əhəmiyyət verirdi. O, yaradıcı insanların iradəsinə azadlıq verirdi. Bu da bütün sahələrin inkişafına bilavasitə təsir edən amil idi. Kinoya təsiri isə daha çox idi”.
Əməkdar İncəsənət xadimi, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli çıxışında Heydər Əliyevin mədəniyyət siyasəti, onu istiqamətləndirmək bacarığını xüsusi bir qabiliyyət, istedad kimi dəyərləndirib və onun teatra qayğısından ayrıca söz açıb:
“Heydər Əliyev öz çıxışlarında dəfələrlə teatra olan sevgisini və diqqətini bildirib, teatrın onun üçün nə qədər önəmli bir yer olduğunu vurğulayıb. O, teatrda çalışan insanları fədakar hesab edir və yaradıcı şəxslərin həssas ruhunu dərindən duyurdu. O, yeniyetməlik illərindən-13-14 yaşlarından teatrı çox sevirdi və Naxçıvan teatrının ən böyük pərəstişkarlarından biri idi. O deyirdi ki, biz mədəniyyətə nə qədər qayğı göstərsək, inkişaf etdirsək, mədəniyyət xadimlərimizin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını da daha yüksəklərə qaldıracağıq. O, 1990-cı illərdə-Azərbaycan iqtisadiyyatının ən çətin zamanlarda belə teatra olan diqqət, qayğısını əsirgəmirdi”.
Sonda rektor C.Mahmudova çıxışçılara və iştirakçılara öz təşəkkürünü bildirib və Heydər Əliyevin qəlblərdə, xatirələrdə və Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.