Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dünən müşahidə olunan kəskin hava şəraiti ilə bağlı məlumat yayıb.
ETSN-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, əvvəlcədən də xəbər verildiyi kimi, martın 30-da hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi rayonlarda yağıntılar intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22, Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Rvarud (Lerik), Altıağacda 13, Şəki, Kəlvəzdə 12 , Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.
Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1-4, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.