|
|
|
|

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində işlədiyim 15 il müddətində bir çox dəyərli insanlarla yaxından ünsiyyətdə oldum, onlardan çox şey görüb-götürdüm, ibrətamiz söhbətlərini yaddaşımda saxladım.
Həmin dəyərli insanlardan biri də 60 ildən artıq bir dövrdə respublikamızda rabitənin inkişafına böyük töhfələr vermiş ləyaqətli ağsaqqalımız, ağır taxtalı, köhnə kişilərdən sayılan dostum Camal Allahverdiyev idi. Əslən Şuşadan olan Camal müəllim əsli-nəcabəti yüksək dəyərləndirilən Kəblə (Kərbəlayı) Eyvazın dörd övladından biridir. Onun böyük qardaşı tanınmış alim, akademik Cəlal Allahverdiyevdir. Camal müəllimin fenomenal yaddaşında həkk olunmuş xatirələrdə Azərbaycan tarixinin son 80 ilinin maraqlı tarixçələri - epizodları, dövrün nüfuzlu şəxsiyyətləri barədə şəxsən şahidi və iştirakçısı olduğu əhvalatlar özünə yer tapmışdı. Xüsusən də, vaxtilə Şuşada birgə yaşayarkən xain ermənilərin törətdikləri vəhşiliklər onun yaddaşına möhkəm həkk olunmuşdu.
Şuşanın mənfur ermənilər tərəfindən işğalından sonra mən Camal müəllimi qanadları sınmış qartala bənzədirdim. Şuşa onun ata və anasının, ümumiyyətlə mənsub olduğu nəslin əbədiyyət dünyası, ilk dəfə ayağını torpağına basdığı doğma vətən idi. Hər dəfə Şuşadan danışanda onu qəhər boğurdu... Mən ondan eşitdiyim xatirələri hələ sağlığında diktofona yazmışdım. Çox təəssüflər olsun ki, Azərbaycanın və anadan olduqları Şuşanın fəxri sayılmağa layiq olan Cəlal və Camal Allahverdiyev qardaşlarına doğma Şuşanın erməni işğalından azad olunmasını görmək qismət olmadı. Allah rəhmət eləsin!
Camal müəllimin maraqlı və düşündürücü, ibrətamiz məzmunlu bu yaddaş lövhələrini burada onun öz üslubunca oxuculara çatdırmağa çalışmışam.
Hikmət ƏBDÜLHƏLİMOV
***
Camal ALLAHVERDİYEV
... Uşaq vaxtımdı, Şuşada atamın dostlarından biri bizə bir arı səbəti bağışlamışdı, içində də arılar. Adətən, arını səbətdə də saxlayırlar, yeşikdə də. Qonşular dedilər ki, bu, beçə verəcək, siz bir dənə də səbət hazırlayın. Evdə də məndən başqa bu işlərlə məşğul olan yox idi. Nəysə... Tanışlardan xahiş elədim, kənddən bir səbət gətirdilər. Arı olan və ehtiyat səbəti həyətimizdəki iki tut ağacının arasına qoymuşduq. Evimiz Şuşanın mərkəzində, Xan qızı bulağının yanında idi. Küçəyə çıxarkən yaxınlıqdakı meydanda cökə ağaclarının altında xeyli adam toplaşdığını gördüm. Cökə ağacının birindən bir topa asılmışdı. Yaxınlaşdım ki, görüm nə olub, baxdım, ortalıqda arılar qaynaşır, vızıldaşır, adamlar da bilmirlər neyləsinlər. Hərə birtəhər üz-gözünü arılardan qoruyur. İndi ona deyirəm, ə, dəymə, bizimdi, buna deyirəm, ə, dəymə, bizimdi... Bu vaxt "Lenin" küçəsindən bizim tərəfə gözəl, boz rəngli atın üstündə yaraşıqlı, görkəmli bir kişinin yaxınlaşdığını gördüm. O, Üzeyir bəyin "Koroğlu" operasında Koroğlu obrazında, at belində səhnəyə çıxan SSRİ Xalq artisti Bülbülə oxşayırdı. Yaxınlaşıb soruşdu ki, a bala, nə olub, nə yığışmısınız? Sonra atdan düşüb yenə soruşdu ki, axı nə olub? Dedim ki, bizim arı beçə verib, yığışdıra bilmirik. And olsun Allaha, bu kişi qollarını çırmalayıb arı topası olan budağı kəsdi. Deməli, ana arı hara uçursa, balaları da onun dalınca uçuşur və topa-şan əmələ gətirirlər. Kişi arı şanı ilə budağı əlində tutaraq dedi ki, a bala, eviniz hardadı? Birlikdə evimizə tərəf gəldik. Evi görəndə dedi, a bala, bura ki Kəblə Eyvazın evidi, sən kimsən? Dedim, mən onun oğluyam. Dedi, mən bu evdə çox çörək yemişəm. Qapını açdım, içəri girdik. Dedi, a bala, get bir dənə ləmbəki gətir, bir az da "pesox". Soruşdum, ləmbəki nədir, dedi, nəlbəki. Gedib gətirdim, "pesox"u su ilə qarışdırıb təzə yeşiyin qabağına qoydu. Soruşdu ki, bəs bu evin külfəti haradadır? Dedim, Bakıda. Dedi, sən burda məni gözlə, gəlirəm. Bu gedir bazara, yarım meşok kartof, soğan və sair bazarlıq edərək hambala verib gətirdir bizə. Hambal gətirdiklərini evin birinci mərtəbəsinə qoydu, kişi də bir mənə, bir də evə baxıb dərindən ah çəkərək çıxıb getdi...
İllər ötdü. İş elə gətirdi ki, bacım Tibb İnstitutunu bitirib Şuşanın Şirvan kəndinə həkim göndərildi. Böyük qardaşım Cəlal da onunla qalırdı. Orada məlum olur ki, həmin bizə gələn kişinin adı Ağadır, bu kənddə yaşayır, üç qardaşdırlar. Biri kənd Sovetinin sədridir, biri kolxoz sədri, bizə gələn kişi isə meşə idarəsində işləyir. Danışdığım əhvalatdan onillər keçdi. Mən orta məktəbi bitirib sonra Moskvada ali təhsil almışdım, Rabitə Nazirliyində işləyirdim. Ağdama növbəti ezamiyyətə getmişdim. Adətim üzrə, getdiyim yerlərdə bazara baş çəkirdim. Burada da bazarı gəzib girdim çayçıya. Qaymaq, şirin çay və təndir çörəyi sifariş etdim. Üzüm divara tərəf oturmuşdum. Qapının yanında oturan bir kişi səsləndi ki, ay bala, dilim ağzımda yandı, mənə bir stəkan çay ver. Çayçı da qayıtdı ki, borcunu verərsən, sonra çay alarsan. Kişi dedi, olanda gətirərəm pulunu, indi yoxumdur. Çayçı dirəndi, yox, olmaz. Mən çayçıya səsləndim ki, o kişiyə bir çörək, qaymaq, bir çaynik də çay ver, pulunu məndən alarsan. Çevrilib kişiyə baxdım ki, cır-cındırın içindədir, amma görkəmi, boy-buxunu var. Çayçı çayniki, qaymağı, çörəyi onun qabağına qoyanda kişi təəccüblə soruşdu, bunu kim göndərib? Çayçı məni göstərdi. Kişi ayağa qalxdı, bir əlinə qaymaq piyaləsini, bir əlinə isə çörəyi alıb: "A kişilər, çörək özü mənim qabağıma gəlib", - deyərək oynamağa başladı. Sonra mənə yaxınlaşıb soruşdu ki, a bala, sən kimsən? Dedim, mən Bakıdan ezamiyyətə gəlmişəm, özüm şuşalıyam, Kəblə Eyvazın oğluyam. Dedi, sənin böyük qardaşın məni tanıyar, bir dəfə arınız beçə vermişdi, sizə getmişdim. Cavab verdim ki, sən görən uşaq elə mən olmuşam. Sonra da dedim, Ağa əmi, çayını iç, məni burda gözlə. Bazardakı poçta girib, "posılka" üçün nəzərdə tutulan bir neçə qat xüsusi qalın kağızdan hazırlanmış kisə alıb bazarlıq edərək geri qayıtdım, aldıqlarımı kişiyə verəndə dedi ki, a bala, mən bunu hara aparacam, mənim heç gecələməyə yerim də yoxdur...
Xidməti işimlə əlaqədar ayda iki dəfə Ağdama ezamiyyətə gedirdim. Çayçıya pul vermişdim ki, həmin kişi nə qədər çay içsə, bundan çıx, onu qovma. Növbəti dəfə Ağdama gedəndə çayçıdan həmin kişini soruşdum. Dedi, xeyli vaxtdır, bura gəlmir. Mən belə güman elədim ki, ölüb. Sonralar Şuşada olarkən onun düçar olduğu vəziyyəti araşdırdım. Məlum oldu ki, müharibə vaxtı bir qrup avara Şuşa ziyalısı ilə əhali arasında şayiə yayaraq almanların Mozdoku aldıqlarını, Hitlerin artıq müharibədə qalib gəldiyini təbliğ elədiklərinə görə həbs olunaraq sürgün edilib, əmlakı müsadirə olunub, dilənçi vəziyyətinə düşüb...
***
1969-cu ilin axırları - 70-ci illərin əvvəllərində Şuşaya gedən yollara Sovet tankları nəzarət edirdilər ki, ermənilər ixtişaş törətməsinlər. Bunu gözümüzlə görmüşük. Şuşada Ələkbər adlı bir kişi vardı, qısaboy adam idi. Yaxşı rəsmlər çəkirdi, pannolar yaradırdı. Həm də yaxşı heykəltəraş idi, qəbirüstü abidələr düzəldirdi. Şuşada mənim atamın da qəbirüstünü, başdaşını o hazırlamışdı. Qəbirüstü adidələrin altında da öz adını yazardı. Bir dənə ceyranı vardı, əlində böyütmüşdü, harasa çıxanda da yanında gəzdirirdi. Bir gün şəhərə xəbər yayıldı ki, gecəliklə gəlib Ələkbərin də, ceyranın da başını kəsiblər. Sonra məlum oldu ki, bunu ermənilər edib. Ermənilərin quduz təşkilatçıları, istiqamət verənləri vardı. Məsələn, heç vaxt "Stepanakert"də (bundan sonra Xankəndi - red.) birinci katib ermənidən başqa digər millətin nümayəndəsi olmazdı. "Oblispolkom"un sədri azərbaycanlı olub, amma birinci katiblər yalnız ermənilər olardı. Ələkbərin öldürülməsilə əlaqədar işin gedişini "Stepanakert"dəki erməni rəhbərlik öz əlinə aldı. Nəticədə istintaq aylarla süni şəkildə uzadıldı və saxta bir rəy verildi ki, "bu, adi xuliqanlıqdır". Beləcə, ermənilər bu ağır cinayəti ört-basdır elədilər getdi...
***
Şuşanın ermənilər yaşayan yuxarı hissəsində "pedşkola" deyilən pedaqoji məktəb vardı, orda Raya adlı bir azərbaycanlı qız uşağını axşam dərsdən qayıdanda öldürmüşdülər. Şuşanın həmin hissəsi əsasən uçub-dağılmış haldaydı. Amma görünürdü ki, o binaların tikintisində çox yaxşı sənətkarlar işləmişdi: evlərin damı dağılıb-tökülsə də, divarlar qalmış, yağışın, küləyin, qarın altında divardakı rəsmlər, naxışlar getməmişdi. O uçuq evlərin birində ermənilər Raya adlı qızı öldürmüşdülər, dərsdən qayıdanda. Bu qızın da qohumları həm fiziki cəhətdən sağlamdılar, həm də əqidə nöqteyi-nəzərindən. Qardaşı əjdaha oğlanıydı... İş verildi məhkəməyə. Ermənilər bu işdə də hiyləgər davrandılar, cinayətlərini ört-basdır edə bildilər. Məhkəmə ermənilərin tərəfini tutaraq bu işi çox uzatdı, yekunda da qərar verdi ki, qızı guya tələbə yoldaşları öldürüblər. Qızın qohumlarından biriylə - yaşda məndən bir az böyük olardı - yaxın idik, ondan soruşdum ki, ay Zakir, səncə, Rayanı kim öldürmüş olar? Zakir dedi ki, tələsmə, tapılacaq, tapılacaq... Hadisənin üstündən bir müddət keçdi. Bir gün xəbər yayıldı ki, yuxarıda, şəhərin ermənilər yaşayan hissəsində bir erməni ailəsini baltalayıblar. Aləm tökülüşüb gəldi. Onda bu işi Bakı nəzarətə götürmüşdü, "Stepanakert" yox. Ona görə Bakıdan xüsusi komissiya gəlmişdi. Zakir hərdən bu işin gedişi barədə mənə danışırdı. Deyirdi, bizi də çağırmışdılar, dedik ki, bizim nə xəbərimiz ola bilər. Qızımızı öldürüblər, dövlət baxar bu işə. Hadisə törədilən erməni evindən silah-sursat tapılmışdı. Deyildi ki, evlərində silah ola-ola müqavimət göstərə bilməyiblərsə, deməli, hadisəni törədən bu erməni ailəsinə yaxın adam olub, gəlib-gedənmiş, şübhələnmədən evə buraxıblar, o da bu qətli törədib.
***
Şuşanın aşağı hissəsində, yolun kənarında məşhur "türmə" var, oranın mühafizəsi möhkəmdi, qaçmaq mümkün deyildi. O "türmə"dən Xankəndiyə maşın yolu 10 kilometr qədər olar. Amma Şuşadan piyada düşürsən çayın qırağına, oradan Xankəndiyə 4 kilometr ola-olmaya. Xankəndidə həmişə idman yarışları keçirilərdi. Biz xəlvəti o yolla gedib voleybol oynayan qızlara baxıb qayıdardıq. Bir dəfə də oradan gəlirdik, yay vaxtıydı. Bizimlə gedən uşaqların arasında Kolya adlı bir oğlan vardı, anası rusdu, atası erməniydi, poliklinikada "registratura"da işləyirdi. Kolya çox sağlam oğlanıydı. Təyyarəçilər hazırlayan məktəbə getmiş, lakin keçə bilməmişdi, sanatoriyanın mətbəxi üçün fəhləlik edirdi, Orda iri qazanlar vardı, bunun da işi elə "Kolya bu qazanı ora qoy... Kolya o qazanı bura gətir"iydi. Nəysə, həmin gün Kolya da bizimlə getmişdi Xankəndiyə. Qayıdanda gördük ki, ermənilər yolqırağı zəmidə arpa biçir. Birdən eşitdim ki, ermənilərdən biri dedi, ara, türk uşaqları gəlir... Üç erməni kişi idi. Mən dedim, gəlin qaçaq. Kolya qayıtdı ki, qələt eliyirlər. Körpünün bu tərəfində dayandıq. Ermənilər gəldilər, əllərində oraq. Kolya irəli yeriyib ermənilərdən birini körpünün üstündə tutdu, altdan da çay axır ha, qaldırıb atdı çaya. O biri qaçmaq istəyirdi, dalınca qaçıb onu da tutdu. Üçüncüsü qaça bildi. Bizə bir ziyan dəyməmişdi. Amma bir də Stepanakertə getmək söhbəti olmadı.
Bir dəfə, yenə uşaq vaxtlarımızdı, "türmə"nin yanında oynayırdıq, yanımda qəssab Fərmanın qardaşı uşaqları da var. Gördük yenə həmin ermənilər gəlirlər. Yaxınlaşıb bizi əhatəyə aldılar. İstəsəm də, qaçmaq mümkün deyildi, çünki Şuşa tərəfi kəsmişdilər, Xankəndiyə sarı qaçmağın da nə xeyri vardı... Həmin ermənilər bizim uşaqlardan birini - qəssab Fərmanın qardaşı oğlunu tutub elə ordaca boğazını kəsdilər, düz mənim gözümün qabağında! Sonralar bu hadisə üzündən gecələr vahimələnir, yata bilmirdim. Nəysə, birtəhər qaçıb gəldik şəhərə, hay saldıq. Artıq hava qaralmışdı. Bizimkilər getdilər, uşağın meyitini götürüb gətirdilər. Yenə də istintaq, məhkəmə uzandıqca uzandı, qatil ermənilər guya "tapılmadı". Öldürülən uşağın valideynləri də şikayət vermədilər nədənsə. Bu hadisədən bir ildən artıq vaxt keçmişdi. Bir gün xəbər çıxdı ki, bu gecə Arşakı da, bütün ailəsini də doğrayıblar. Hamı şübhələndi ki, bu, qəssab Fərmanın işi olar, yəqin uşağın intiqamını alıb. Amma bunu ona sübut edə bilmədilər. Bilet təqdim edib özünü təmizə çıxartdı ki, həmin gecə Bakıdan Yevlaxa gəlib, oradan da səhər Şuşaya çatıb. Yəni hadisə vaxtı yolda olubmuş. Odur ki, ona heç nə edə bilmədilər.
***
Şuşadan aşağı düşüb xeyli dərinə gedirsən, Aşağı Daşaltıya, oradan da yuxarı Füzuliyə gedən yoldu. Bu yolnan aşağı düşüb bir də qalxanda Muxtarkənddi, orda ermənilər yaşayırdı. Deməli, Şuşada bizim evin balkonundan binoklla baxanda çox uzaq bir məsafə görünürdü. O Muxtarkənddə 2 -3 erməni vardı ki, bizim evə odun gətirirdilər. Odunu eşşəynən gətirir, milis də bunları tuturdu ki, meşəni qırmaq olmaz. Ona görə bu ermənilər odunu gecələr gətirərdilər. Gecə kim durub onlara qapı açacaqdı ki. Onlar binanın küçə hissəsindən odunu həyətimizə atıb gedərdilər. Səhər durub görərdik ki, gecə vaxtı həyətə bir neçə eşşək yükü odun atılıb. O ermənilərin özləri danışırdılar ki, bizim, yəni erməni millətinin kökü kəsiləsidi...
Bir Şuşa ermənisi müharibədən sonra Almaniyada qalmış, sonra, yaşlı vaxtında Şuşaya qonaq gəlmişdi. Onun şərəfinə qonaqlıq verilirdi. Mən də ordaydım. Həmin erməni gələn qonaqlarnan bir-bir maraqlanıb soruşurdu ki, bu kimdi? Deyirdilər, məsələn, Seyran. Neçə uşağı var? Üç. Oğlandı, qızdı? İkisi oğlandı, biri qız. Başını narazılıqla bulayırdı... Biri vardı, qoltuğunda iki dənə araq gətirib gəlmişdi. Soruşdu ki, bu kimdi? Dedilər, Vartandı, filankəsin qohumudu... Bunun neçə uşağı var? Üç. Oğlandılar, qız? Oğlan. Yenə başını narazılıqla tərpətdi. Lap axırda birisi gəldi. Xankəndidə elektrotexnika zavodu vardı, onun direktoruydu, KP MK-nın üzvü, Ali Sovetin deputatıydı. Qonaq soruşdu ki, bu kimdi? Dedilər, bəs filankəsdi, Qareginin oğludu. Evlidi, neçə uşağı var? Üç. Oğlandı, qız? İkisi oğlandı, biri qız. Başını buladı, vay-vay-vay... Axırda bunların qohumlarından yaşlı-başlı bir arvad bu qonaqdan soruşdu ki, sənə nə oldu, niyə belə elədin? Qonaq dedi ki, çox pis gələcək bu işlərin axırı, müharibə olacaq... bax beləcə də dedi, o işıq haqqı! Hamımız təəccüb içində donub qaldıq. Sonra da dedi ki, bu qədər erməninin oğlan uşaqları varsa, mütləq müharibə olacaq, mən bu milləti yaxşı tanıyıram...
Bir müddət sonra maraqlandım ki, o zavod direktorunun iki oğlu necə oldu? Dedilər ki, göndərdi Moskvaya. Demə, həmin məclisdəki ermənilər bu kişi ilə məsləhətləşdikdən sonra oğlanlarını Qarabağdan, Şuşadan uzaqlaşdırıb, Rusiyanın müxtəlif şəhərlərinə oxumağa, işləməyə göndəribmişlər.
***
Mən Şuşada orta məktəbi qurtaranda üç fəndən yazılı imtahan vardı: riyaziyyat, ədəbiyyat və rus dili. Riyaziyyat və ədəbiyyat yadımda qalmayıb, amma rus dilindən "Slovo o polku İqoreve" düşmüşdü. İmtahanların üçündən də beş qiymət almışam, qızıl medala namizədəm. Amma mənimlə bərabər bir oğlan da var, mənim nəzərimcə, o, əzbərçi idi, oxumaqdan gözləri tutulmuşdu. O vaxtlar qızıl medala namizədlərin yazılarına Maarif Nazirliyində baxaraq yekun qiymət verirdilər. Dedim, ola bilməz, mən bilirəm nə yazmışam. Nəysə, gəldim Bakıya çıxdım. Bakıya gəlməyimin səbəbi də bu idi ki, qiymətimin aşağı salınmasının səbəbini öyrənim. Gəldim, getdim Maarif Nazirliyini axtardım, girdim içəri, dedilər, çıx ikinci mərtəbəyə. Soruşdular, nədir şikayətin, dedim, üç yazılı imtahandan qiymətimi kəsiblər. Dedilər, nazirin yanına girəcəksən. Qəbul otağında bir az gözlədim, sonra çağırdılar Maarif naziri Mehdi Mehdizadənin yanına. Nazirə dedim ki, bax belədi, mən bilirəm bu predmetləri, dörd almamalıyam. Saat 4-ə komissiya təşkil elədi. 4-ə qədər mən şəhəri gəzdim. Baksovetin ətrafında kioskdan bir dənə "Ədəbiyyat" qəzeti aldım. Gəldim, pioner parkına, giriş bir manat idi. Məndə də o qədər pul yoxdu ki, bir manat ora ver, bir manat bura ver... Hasardan aşıb girdim parkın içinə. "Ədəbiyyat" qəzetini oxudum, burada mənim nəzərimi əsas cəlb edən elə Ədəbiyyat sözü oldu. Bizim yazılı imtahanımızda da bu söz olub, iki "y" hərfilə yazılır, deməli. Saat 4-də oldum komissiyanın iclasında. Soruşdular ki, nədən başlayaq? Riyaziyyatdan. Mehdizadənin kabinetində qara bir "daska" vardı. Komissiyanın sədri də elə Mehdizadə idi. Dedilər, çıx "daska"ya. Çıxdım. Yazdım, pozdum, nəysə, dedilər, düzdü. "Düzdü" sözünü eşidəndə məni qəhər boğdu. Götürdüm əskini, "daska"nı sildim, keçib oturdum. Nazir soruşdu ki, təklif... Komissiyanın iki üzvü "əla" dedi. Qayda da belədir ki, bir dörd qiymətə gümüş medal verirlər, iki dördə yox. Gəldik ədəbiyyatdan yazılıya. Mən ədəbiyyat sözündə iki dənə "y" yazmışam, dedilər, düz yazmamısan. Əlimdəki qəzeti göstərib dedim ki, əgər "Ədəbiyyat" qəzeti də öz adını səhv yazırsa, ta mən neynəyim. Qəzeti alıb baxdılar, gülüşdülər. Dedilər, əla. Qaldı rus dili. Dedilər, bəs bu, kimin səhvidi? Dedim, bu, mənim müəllimimin səhvidir. O nə verib, mən də onu köçürmüşəm. Gülüşdülər, dedilər, dörd. O dördnən mən gümüş medal aldım. Demokratiya, obyektivlik, dürüstlük belə olar: Şuşadan gələn bir yeniyetməni Maarif naziri şəxsən qəbul edir, şəxsən onun şikayətinin araşdırılmasına baxır və haqq-ədalət bərpa olunur.
***
Şuşada yaxın qonşuluğumuzda yaşayan bir ailə Bakıya köçərək burda bizə yaxın yerdə ev almışdı. Bizimki "Sovetski-Kamo 15" idi, onlarınki "Sovetski 131" ya da 132. "Kamo" ilə "Sovetski"nin tinində olurdular. O evin arvadı həmişə bizə gələrdi. Bir gün gəldi ki, ay Camal, Məcid əmin ağır xəstədi, həkimə aparmışıq, deyir, sanatoriyada müalicə lazımdı, həkimdən kağız ala bilmirik, evdə də pulumuz yoxdu... Bunların bir övladı vardı, Sabunçu vağzalının yanında tramvayın altına düşüb ölmüşdü, çox ağır vəziyyətdə qalmışdılar. Çox cavanıydım onda. Qonşu arvaddan soruşdum, bəs həkim nə deyir, cavab verdi ki, həkim deyir, get "Dom pravitelstva"ya. Mən durub evimizdən piyada ora getdim. Vəli Axundov onda Səhiyyə naziri idi. Heç bir maneə olmadan binaya girdim. Mühafizəçi soruşdu ki, hara gedirsən, dedim, Səhiyyə Nazirliyinə. Nə cür gedəcəyimi başa saldı. Dediyi kimi gedib Vəli Axundovun kabinetini tapdım. Qəbul otağındakı qadın nəyə görə gəldiyimi öyrənib dedi ki, otur, gözlə. Beş-on dəqiqə keçəndən sonra dedi, keç içəri. Birinci dəfəydi ki, nazir görürdüm, "jivoy" Vəli Axundovla üz-üzə dayanmışdım. Soruşdu ki, nə məsələdi. Vəziyyəti danışdım. Ünvanı xəbər aldı, dedim. Dərhal öz köməkçisinə tapşırdı ki, həmin sahənin poliklinikasının baş həkimi ilə birləşdirsinlər. Telefonda baş həkimə göstəriş verdi ki, yanınıza gələn adama tələb olunan sənədləri verərsiniz. Soruşdum, yoldaş Axundov, mən hardan sanatoriyaya "putyovka" tapa bilərəm. Bu dəfə "trubka"nı qaldırıb rusca dedi ki, mənim qəbulumda bir gənc var, onun dayısı ağır xəstədir, müvafiq sənədləri hazırlayıblar, ona sanatoriyada müalicə olunmaq üçün "putyovka" lazımdı. Sonra da şəxsən özü məni başa saldı ki, gedərsən Həmkarlar İttifaqları Şurasına, orda sənə "putyovka" verəcəklər. Getdim əvvəlcə poliklinikadan o kağızı aldım, ordan da birbaş Həmkarlar Şurasına. Gördüm məni gözləyirmişlər, dedilər, Vəli Yusifoviç göndərən adam sənsən? Təsdiqlədim. Tez "putyovka"nı verdilər. Yolda məni fikir götürmüşdü ki, maşın yox, pul yox, mən xəstəni Mərdəkana necə aparacam. Elə "Həmkarlar"da həmin adama bunu dedim ki, bəs belə-belə... Nəysə, maşın da təşkil elədilər, ordan gedib Məcid əmini götürüb apardıq Mərdəkana. 20 gün müalicə olunub sağalanandan sonra qayıdıb gəldi evinə...
Dediyim odur ki, dünyada elə şəxsiyyətlər vardı: Vəli Axundov kimi bir adam heç bir tapşırıq olmadan, tanımadığı bir cavanın müraciətinə o cür həssas yanaşdı, 5 dəqiqədə bir xəstənin həyatı müsbət yöndə həll olundu.



