İrlandiyanın hava yolları şirkəti “Ryanair”ə məxsus Afina-Vilnüs reysi ilə uçan təyyarənin Belarus üzərində istiqamətini məcburi şəkildə dəyişməyə vadar edilməsi, Minsk hava limanına eniş edən təyyarədəki “Nexta Teleqram” kanalının qurucusu Roman Protaseviçin həbs olunması Avropanın gündəminə bomba kimi düşdü.
Bu olaya görə Belarus hakimiyyətinin ünvanına öncə sərt tənqidlər səslənməyə, ardınca qadağalar tətbiq olunmağa başladı. Öncə Latviya Belarus diplomatlarının ölkədən çıxmasını tələb etdi. Buna cavab olaraq Belarus Latviya diplomatlarına qarşı eyni addımı atdı. Beləliklə də, Latviya ilə Belarus arasında diplomatik münasibətlər ən aşağı səviyyəyə düşdü.
Digər keçmiş Sovet respublikası Litva isə Belarusun hava məkanından keçən təyyarələri qəbul etməyəcəyini açıqladı. Ukrayna prezidenti Vladimir Zelenski Belarusa uçuşların dayandırılması ilə bağlı hökumətə göstəriş verdi. Rəsmi London Belarusun hava yolu şirkəti “Belavia”nın İngiltərəyə uçuşuna qadağa qoydu. Bundan başqa, Böyük Britaniya Belarusun yüzə yaxın şirkətinə və fiziki şəxsinə qarşı sanksiya tətbiq etdi.
Bunlar Minskə qarşı tətbiq edilən ilk qadağalardır və davamının da gələcəyinə şübhə yoxdur. Qərb ölkələrinin tələbləri üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Belarusa yönəlik tədbirlərini müəyyən etmək üçün mayın 27-nə təcili toplantı keçirmək qərarı verib. Bununla bağlı məlumatı ICAO-nun prezidenti Salvatore Şakkitano açılayıb. Belarusun qurumdan kənarlaşdırılma ehtimalı çox yüksəkdir. Bu isə Belarusun hava yolu şirkəti “Belavia” üçün ölüm qərarı olacaq. Artıq Avropa Birliyi köhnə qitənin hava limanlarını “Belavia”nın üzünə bağlamaq təşəbbüsü ilə çıxış edib. Belə bir təkliflə Belçikanın Baş naziri Alexander De Croo çıxış edib. Bundan başqa, Avropanın hava məkanı da Belarusun hava yolları şirkətinin üzərinə bağlanacaq.
Bu qadağalarla yanaşı, Avropa Birliyi Belarus üçün nəzərdə tutduğu 3 milyard avroluq sərmayə paketini dondurub. Avropa Komissiyasının başçısı Urusla fon der Layen bildirib ki, Belarusa iqtisadi yardım bu ölkədə demokratikləşmə prosesi başlayana qədər dayandırılır. Brüssel Belarusun neft məhsullarının idxalatına da qadağa qoymağı müzakirə edir. Əgər belə bir qərar qəbul olunsa, bu, Belarus üçün çox ağır iqtisadi nəticələr doğuracaq.
Lakin prosesin bununla bitməyəcəyi, siyasi nəticələr doğuracağı ehtimalı da böyükdür. Çünki Avropa Birliyinə üzv olan iki ölkənin paytaxtları arasındakı təyyarə reysinin Belarus tərəfindən təhlükəli şəkildə durdurulması bütün Avropada çox ağır təəssürat doğurub. Litvanın prezidenti Qitanas Nauseda isə baş verənləri hərbi güc tətbiq etməklə insan oğurluğu adlandırıb. Prezident bildirib ki, təyyarədə onun ölkəsinin 94 vətəndaşı olub və Belarus hökumətinin qərarına görə onların həyatı təhlükəyə düşüb. Litvanın xarici işlər naziri Qabrilius Landsberqis baş verənləri Avropa Birliyinə qarşı amansız hücum adlandırıb və buna qarşı ən qəti cavab verilməli olduğunu bildirib. Litvanın Baş Prokurorluğu hadisə ilə bağlı təhqiqata başlayıb. Avropada isə hadisənin Beynəlxalq Cinayət Məhkəməsində araşdırılması təklifi də səslənir. Fransanın xarici işlər naziri Jan-İv Le Drian baş vermiş hadisəyə görə Avropanın cavabının sərt olacağını bəyan edib. ABŞ isə təcili şəffaf və etibarlı beynəlxalq araşdırma tələb edib. Prezident Co Bayden Belarusa qarşı iqtisadi sanksiyaların və digər qadağaların hazırlanması ilə bağlı administarsiyasına göstəriş verib.
Latviyada xokkey üzrə dünya çempionatında iştirak edən idmançıların yaşadığı otelin yanında iştirakçı ölkələrin bayraqlarının qaldırıldığı dirəklərdən Belarusun rəsmi bayrağı endirilib, əvəzinə isə müxalifətin simvolu olan ağ-qırmızı-ağ rəngli bayraq qaldırılıb. Riqa bələdiyyəsinin başçısı Martins Stakis və Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Belarus bayrağının dəyişdirilməsi aksiyasında iştirak ediblər. Martins Stakis deyib ki, dövlət terroru ilə məşğul olan rejimi simvolizə edən bayraq Riqa şəhərin mühitinə uyğunsuzdur, buna görə onu endirdik: "Siyasi müxalifətin təmsilçisini həbs etmək məqsədi ilə bir sərnişin təyyarəsinin qaçırılması, Belarus diktatorunun legitimliyinin son qalıqlarını məhv etdi".
Avropadan Belarusla yanaşı, Rusiyanın da ünvanına təhdidlər səslənib. Böyük Britaniyanın Baş naziri Dominik Raab bildirib ki, İrlandiyanın hava yolları şirkəti “Ryanair”ə məxsus təyyarənin Belarus hökumətinin qərarı ilə enməyə məcbur edilməsinə görə Rusiya da məsuliyyət daşıyır. Buna görə Böyük Britaniya parlamenti "Şimal axını-2" və "Yamal-Avropa" qaz kəmərlərinə qarşı sanksiya qəbul edə bilər. Sərnişin təyyarəsinin qaçırılmasının Rusiyaya da aidiyyatı olduğunu düşünən isə təkcə Böyük Britaniya rəsmiləri deyil. Avropa Parlamentinin deputatı Robert Bedron deyib ki, bu hadisənin Moskvanın bilgisi və razılığı olmadan həyata keçirilməsi mümkün görünmür.
Rusiya xarici işlər naziri Sergey Lavrov hadisəni tələsik qiymətləndirməyin əleyhinə olduqların bəyan edib. Bundan başqa, Rusiya rəsmisi baş verən hadisənin bir ilk olmadığını, hələ 2013-cü ildə ABŞ-ın təkidi ilə Avstriyanın Boliviya prezidenti Xuan Moralesin təyyarəsini enməyə məcbur etməsini, buna görə hətta üzr istəməsi kimi məqamın olduğunu da qeyd edib. Bununla nazir ikili standartların mövcud olduğuna işarə vurub.
Rusiyanın nə deməsindən, Belarusun hansı dəlillər gətirməsindən asılı olmayaraq Avropa Belarusla arasına "dəmir pərdə" çəkəcək. Bu, onsuz da ağır olan Belarus iqtisadiyyatını tamamilə çökdürücək. Rusiya isə Belarusun bütün ehtiyaclarını qarşılamaq iqtidarında deyil və heç belə bir istəyi də yoxdur.