|
|
|
|
Bu gün Sərhədçi İdman-Olimpiya Kompleksində VIII “İNEPO-AVRASİYA” Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının açılış mərasimi olub. Olimpiadanın təşkilatçıları Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA kompaniyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, “İnepo-Avrasiya” ekologiya ictimai birliyidir.
Tədbirin açılışı ilə bağlı keçirilən mətbuat konfransında ARDNŞ-nin vitse-prezidenti Rəfiqə Hüseynova bildirib ki, bu il keçiriləcək VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Lay ihə Olimpiadasında 51 ölkədən 500-ə qədər iştirakçı yarışacaq. Olimpiadaya 2013-cü ildə 45 ölkədən 450-dən artıq iştirakçı gəlib. Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından 60 layihə, xarici ölkələrdən isə 58 layihə seçilib. Bu il Azərbaycanla yanaşı 51 xarici ölkədən 425 layihədən 58, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub, onlardan 62-si növbəti mərhələyə keçib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq olimpiadaya 8 ildir ev sahibliyi edir və bu müddət ərzində iştirakçıların sayı ildən-ilə artır. Olimpiadanın məqsədi dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli yetişdirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas,müsbət münasibəti formalaşdırmaq, təbii, mənəvi, tarixi və sosial estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdlərin iştirakı ilə müxtəlif layihələr əldə etməkdən ibarətdir: «2007-ci ildə keçirilən ilk tədbirə 17 ölkə qatılmışdısa, bu il onların sayı qeyd etdiyimiz kimi 51-ə çatıb».
Onu da bildirək ki, aprelin 5-də isə olimpiadanın qalibləri elan ediləcək və mükafatlandırma mərasimi keçiriləcək. Dünya məktəbliləri beynəlxalq olimpiada çərçivəsində 2 gün öz bacarıqlarını nümayiş etdirəcəklər.