22 İyun 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abas qızı Allahverdiyeva Ukraynada keçirilən professor Sergey Buraqonun xatirəsinə həsr olunmuş XXX Beynəlxalq “Dil və mədəniyyət” konfransında “Nizami Gəncəvinin nəsil şəcərəsi və ədəbi irsi” adlı məruzə ilə çıxış edib.
525.az xəbər verir ki, Azərbaycanlı alimin məruzəsi Kiyevdə, Ukrayna Milli Elmlər Akademiyasının Böyük zalında keçirilən konfransın plenar iclasında yer almış və dinləyicilərin böyük marağına səbəb olub.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının A. A. Potebnya adına Dilçilik İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna Dili İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutu, G.S.Kostyuk adına Psixologiya İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Ali Təhsil İnstitutu, P. I. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası və Dmitri Buraqonun Nəşrlər Evinin təşkilatçılığı ilə keçirilən bu konfransa Ukrayna, eləcə də dünyanın bir çox ölkələrindən alimlər qoşulublar. Konfransda Viktor Malaxov, Semyon Dmitroviç Abramoviç, Vladimir Voznyak, Dina Maqomedova, Viktor Mixayloviç Britsin və başqa tanınmış alimlər iştirak ediblər.
Konfransın Təşkilat Komitəsinin sədri,“Мова i культура” jurnalının baş redaktoru, Ukrayna Yazıçılar Birliyinin üzvü Dmitri Buraqo nizamişünas-alim Zəhra Allahverdiyevanı elmi ictimaiyyətə təqdim edərkən, Azərbaycanın Dövlət başçısı, cənab İlham Əliyevin uğurlu siyasətindən və ölkənin güclü elmi- mədəni potensiala malik olmasından bəhs edib. O, Nizami Gəncəvinin həm Azərbaycan xalqına, həm də bütün dünya mədəniyyətinə məxsus olduğunu və əsərlərinin Ukrayna dilinə yeni tərcümələrinin nəzərdə tutulduğunu da qeyd edib.
Beynəlxalq əhəmiyyətli bu konfransda nizamişünas-alimimizin iştirakıAzərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Xalq Yazıçısı Elmira Axundovanın təşəbbüsü və AMEA-nın vitse- prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri İsa Həbibbəylinintəqdimatı əsasında baş tutub.