Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi ilə ölkənin vergi sektorunda müxtəlif istiqamətlərdə bir sıra önəmli islahatların həyata keçirilməsi prosesinə başlandı.
Nazirliyin ƏDV ilə bağlı kampaniyası isə, sözün həqiqi mənasında, yenilikçi və təqdirəlayiq bir addım oldu. Bir mexanizmin işə salınması dövlət strukturu ilə vətəndaş arasında birbaşa ünsiyyətə körpü salmaqla bərabər, həm də illərdən bəri həllini tapmayan önəmli bir problemin, əslində, necə sadə və innovativ üsullarla həll edilməsi mümkünlüyünü ortaya qoydu. Böyük bir dövlət strukturunun buna qədər primitiv üsullarla, zorakılıq və təzyiq vasitəsilə çözməyə çalışdığı bir məsələ vətəndaşlarda maddi maraq yaratmaqla, sivil qaydada, həm də asanlıqla öz həllini tapdı.
Ötən ilin may ayından ölkəmizdə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasına başlanılıb. Bu məqsədlə istehlakçıların müraciətlərinin qeydiyyata alınması üçün "www.edvgerial.az" portalı istifadəyə verilib.
ƏDV-nin qaytarılması mexanizminin tətbiqi pərakəndə ticarət və ictimai iaşə sektorunda dövriyyələrin real həcminin müəyyənləşdirilməsinə, bu yolla vergidən yayınma hallarının qarşısını almağa imkan yaradır. Vergi sistemində işin səmərəliliyinin artırılması üçün atılan bu addım artıq öz müsbət nəticələrini verir. Həm vergi ödənişlərinin həcmi artır, həm də istehlakçılar bu məsələ ilə bağlı dövlət maraqlarının təmin olunmasında fəal iştirak edirlər.
Bəs necə oldu ki, vergi sistemində uzun illərdir həlli müşkülə dönən və müxtəlif primitiv fırıldaqlara yol açan problem kreativ bir yanaşma ilə aradan qaldırıldı?
Bəri başdan deyək ki, Fazil Məmmədovun Vergilər Nazirliyinə rəhbərliyi dövründə sahibkarları vergiyə cəlb etmək üçün dövriyyəyə buraxılan kustar üsullarla müqayisəyə gəlməyəcək yeni mexanizm əhali arasında xüsusi maraq doğurdu. Amma vergi ödənişinin keçmişdən miras qalan "sərfəli və rahat" qaydalarından bir çox iş adamının imtina etməsi o qədər də asan iş deyildi. Uzun illər ərzində bir sıra ticarət və ictimai iaşə müəssisələri alıcılara çek verməməklə dövriyyəsini süni yolla azaltamağa, dövlət büdcəsinə mümkün qədər az vergi ödəməyə çalışırdı. Vergi orqanları isə belə halların qarşısını almaq üçün zorakı metodlardan və ibtidai üsullardan istifadə edirdi. Vergi müfəttişlərini ticarət və iaşə obyektlərinin önündə və ya kassa aparatlarının yanında səhərdən-axşama qədər keşikçi qoymaq, öyrədilmiş adamları obyektlərə yollayıb sonra onların şahidliyi ilə guya çek verilməyib deyə cərimələr yazmaq, xəfiyyəçilik oynamaq, hədə-qorxu gəlməklə, zorakı yollarla cərimələr tətbiq etmək çıxış yolu deyildi. Müəssisə rəhbərləri bir çox hallarda vergi müffəttişləri ilə "dil taparaq" aylıq "ödəniş-şirinlik" müqabilində qanuni vergi yükündən asanlıqla canlarını qurtara və büdcəyə ödəməli olduqları böyük məbləğləri asanlıqla gizlədə bilirdilər. Nəticədə isə zərbə dövlətə və onun büdcəsinə dəyirdi.
Etiraf edək ki, artıq xeyli müddətdir bu sahədə müsbət mənada tamamilə fərqli mənzərə yaranıb. Pərakəndə ticarət subyektlərində alış-veriş zamanı ödədikləri ƏDV-nin bir hissəsini geri almaq şansı qazanan alıcılar indi kassalarda ödəniş çeklərini tələb edir, bu yolla özləri qazanmaqla yanaşı, həm də dolayısı ilə bir vətəndaş kimi dövlət büdcəsinə çatası verginin öz ünvanına yetişməsinə dəstək verirlər. Hansısa inzibatı cəza metoduna əl atmadan, reallığı, düzgün qiymətləndirilməsi nəticəsində verilən məntiqli bir qərar sayəsində şəxsi maraq vətəndaşı bilavasitə ictimai və dövlət marağının müdafiəçisi məqamına çatdırır.
Ölkədə fəaliyyət göstərən potensial vergi ödəyiciləri - sahibkarlar, iş adamları, bir sözlə, özəl sektor subyektləri ilə sivil münasibətlərin formalaşmasını hədəf seçən belə mütərəqqi islahatlara 2017-ci ilin sonlarında Vergilər Nazirliyi rəhbərliyində aparılan kadr dəyişikliyindən sonra start verildi. Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi ilə bu sektorda müxtəlif istiqamətlərdə bir sıra önəmli islahatların həyata keçirilməsinə başlandı. Nazirliyin ƏDV ilə bağlı kampaniyası isə, sözün həqiqi mənasında, yenilikçi və təqdirəlayiq bir addım oldu. Bir mexanizmin işə salınması dövlət strukturu ilə vətəndaş arasında birbaşa ünsiyyətə körpü salmaqla bərabər, həm də illərdən bəri həllini tapmayan önəmli bir problemin, əslində, necə sadə və innovativ üsullarla həll edilməsi mümkünlüyünü ortaya qoydu. Böyük bir dövlət strukturunun buna qədər primitiv üsullarla, zorakılıq və təzyiq vasitəsilə çözməyə çalışdığı bir məsələ vətəndaşlarda maddi maraq yaratmaqla, sivil qaydada, həm də asanlıqla öz həllini tapdı.
Artıq təxminən bir ildən çoxdur ki, istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsini geri ala bilirlər. Vergi Məcəlləsinə görə, fiziki şəxslər pərakəndə ticarət obyektlərindən, iaşə müəssələrindən, restoran və kafelərdən alınmış mallara və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini geri almaq hüququna malikdirlər.
Xidmətin nə dərəcədə effektiv olub-olmadığını öyrənmək üçün isə uzağa getməyə ehtiyac yoxdur, sadəcə, qısa vaxt ərzində büdcəyə vergi daxilolmalarındakı artıma və "ƏDV geri al" mexanizminə marağın gündən-günə çoxalmasına diqqət yetirmək kifayətdir. Dövlət Vergi Xidmətinin məlumatına görə, 2020-ci ilin may ayından indiyədək "www.edvgerial.az" portalında 1 milyon 340 min nəfərdən çox istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin birinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin birinci rübü ərzində çek tələb edən müştərilərin sayında artım dinamikası müşahidə olunub. Bundan əlavə, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb. Bütövlükdə, 2021-ci ilin birinci rübü ərzində 67.101.388 kassa-nəzarət aparatı çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
Ən əsası isə oldur ki, innovativ yanaşma ilə formalaşdırılan bu nəzarət mexanizmi ƏDV ödənişlərində şəffaflığı tam təmin etməkdən əlavə, həm də vətəndaşlara prosesi nəzarətdə saxlamaq imkanı yaradır. Bu mexanizm həmçinin, son illərə qədər vergidən yayınmaq üçün müxtəlif əyri yollara baş vuran bir çox işbazların əl-qolunu buxovlayır, onları dövlət qarşısındakı vergi öhdəliklərini qanuna müvafiq qaydada yerinə yetirməyə vadar edir. Ölkə iqtisadiyyatının şəffaflaşmasına yönələn çoxşaxəli islahatların tərkib hissəsi olan bu mexanizmin uğurla tətbiqi, sistem istifadəçilərinin sayının və geri qaytarılan ƏDV məbləğinin artımı əhali arasında bu innovativ qaydaya marağın get-gedə daha da geniş miqyas almasından xəbər verir.
Təsadüfi deyil ki, ölkə əhalisi arasında olduqca müsbət qarşılanan bu mexanizm dövlət və hökumət orqanlarının da diqqətindən kənarda qalmadı. "ƏDV geri al" portalı ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan İnnovasiya Mükafatı"nın "İlin innovasiya layihəsi nominasiyası" üzrə qalibi oldu. Portalın yaradılması həm biznes ictimaiyyəti, həm də vətəndaşlar tərəfindən Dövlət Vergi Xidmətinin ötən ildə uğurlu layihələrindən biri kimi qiymətləndirildi.
Cəmiyyət, ictimai rəy təkcə neqativ hadisələrə reaksiya vermir. İstənilən müsbət iş, dövlətin və vətəndaşların mənafeyi naminə həyata keçirilən istənilən layihə mütləq diqqəti cəlb edir, cəmiyyətin ən fərqli təbəqələrinin rəğbətini qazanır. Bunun üçün hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq, hər kəsin öz işinə ciddi yanaşması, üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməsi yetərlidir. Öz fəaliyyətində bu prinsiplərə dəqiq əməl etmək məsuliyyəti isə daha çox hökumət və dövlət strukturlarına aiddir. Bu mənada, İqtisadiyyat Nazirliyinin, onun tabeçiliyində olan Dövlət Vergi Xidmətinin son illər həyata keçirdiyi və uğurlu nəticələr verən innovativ layihələr, xüsusilə də, ƏDV-nin qaytarılması mexanizmi ilə bağlı ictimaiyyət arasında müsbət rəyin formalaşması digər dövlət və hökumət strukturları üçün örnək və güclü stimul sayıla bilər.
Natəvan ABDULLA