|
|
|
|

Günəbaxan Azərbaycan fermerlərinin maraq dairəsinə get-gedə daha çox nüfuz edən bitkilərdən birinə çevrilib. Becərilməsinin nisbi sadəliyi, məhsul itkisinə səbəb olan amillərin minimallığı bu müsbət statusu şərtləndirir. Vətəni Amerika qitəsi olan günəbaxanın Azərbaycanın əksər rayonlarında klassik növləri əkilir. Faydalılıq əmsalı yüksək sayılan günəbaxanın tumlarından geniş miqyasda yeyinti sənayesində, boyaq maddələri istehsalında, təbabətdə və digər sahələrdə istifadə edilir. Günəbaxanın yaşıl hissəsi isə heyvandarlıqda yem kütləsi kimi yüksək qidalı məhsul hesab olunur.
Yayın son ayının gəlməsi ilə Respublikamızın günəbaxan sahələrində məhsul yığımına start verilir. Əksər bölgələrimiz üçün rayonlaşdırılmış bitki sayılan günəbaxanın əkin sahələrinin çoxu Gəncə-Daşkəsən, Qarabağ və Qazax-Tovuz iqtisadi rayonlarının ərazisindədir.
Bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Əkin sahələrinin 2525 hektarı Goranboy, 2331 hektarı Tərtər, 1791 hektarı Samux, 979 hektarı Ağstafa, 935 hektarı Şəmkir rayonunun payına düşür. Bu da Respublikada günəbaxan üzrə ümumi əkin sahələrinin 77 faizidir.
Emal imkanları baxımından, necə deyərlər, çoxprofilli məhsul hesab olunan günəbaxanın tədarükü də asan və sərfəli olduğundan, yerli fermerlər bu bitkinin əkin sahələrini ildən-ilə genişləndirirlər.
Samux rayonunda da gün ərzində kombaynların günəbaxan sahələrində məhsul yığdığını müşahidə etmək olar. Rayonun Sərkar kəndində bu il yerli fermerlər 220 hektar sahədə günəbaxan əkiblər. Onlardan biri, kənd sakini Rövşən Məmmədov məhsulunun bol olacağına ümid edir.
"Bu il 18 hektarda günəbaxan əkmişəm. Bu, ötənilkindən bir neçə hektar artıqdır. Güman edirəm ki, məhsuldarlıq göstəricimiz də daha yüksək olacaq. Bu mövsümdə hər hektardan 22-23 sentner məhsul gözləyirəm. Ümumiyyətlə, dövlətimizin qayğısı istənilən məhsul istehsalçısı olan fermerləri sanki özlərinin ötən ildəki göstəriciləri ilə bir növ, yarışa sövq edir", - deyə R.Məmmədov razılığını bildirir.
Qeyd edək ki, ötən il Azərbaycanda 11016 hektar sahədə günəbaxan əkilib. Mövsümün sonunda sahələrdən 24574 ton məhsul yığılıb. Günəbaxan üzrə orta məhsuldarlıq 22,4 sentner təşkil edib.
Günəbaxan aqrar istehsalın ən gəlirli və əməktutumlu bitki növlərindən sayılır. Bu bitkinin becərilməsi kənd yerlərində gəlirlərin formalaşmasında və məşğulluğun artmasında əhəmiyyətli rol oynayır.
Zakir MURADOV,
Samux-Gəncə



