Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!
***
Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub. 6 yaşı olanda atasını itirən Abbas Qasımov ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilir və Qasımovlar ailəsi Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.
Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Abbas Qasımov və baş leytenant Xalid Gözəlov müharibənin ilk şəhidləri oldular.
Ailəli olan şəhidimizdən Vətənə əmanət 2 övladı qaldı.
Abbas Qasımov şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Amin Mayis oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə Culfa rayonun Saltaq kəndində anadan olub.
Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib.
2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirib. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini alıb.
Nümunəvi xidməti onu 27 sentyabr 2020-ci ildə başlanan Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərib. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşub və noyabrın 4-də şəhidlik məqamına yüksəlib və dekabrın 28-də Culfa rayon Saltaq kənd qəbiristanlığında dəfn olunub.
Amin Gülməmmədov şəhadətindən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
***
Amid Müqabil oğlu Məmmədov 1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
Amid Məmmədov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Məmmədov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.
Ailəli olan şəhidimizdən Vətənə əmanət 2 qız övladı qaldı.
Amid Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Bayram Çərkəz oğlu Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi.
O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Bayram Orucov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Elvin Azim oğlu İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almaqla yanaşı, Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil alıb. 2018-ci ildə kollecə qəbul olub. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Elvin İsizadə şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Elsevər Eyvaz oğlu Paxırov 1997-ci il iyulun 19-da Balakən şəhərində anadan olub. 2004-2015-ci illərdə Hənifə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Elsevər Paxırov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Hafiz Xalid oğlu Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabir kəndində anadan olub.
1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S.Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə gedib, 2005-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub, 2008-ci ildə liseyi bitirib. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil alıb.
2013-cü ildən Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini alıb.
2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirib.
2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirib.
2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini alıb.
Azərbaycan Ordusunun kapitanı olan Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb və noyabrın 2-də Ağdərə döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəmkir rayonunda dəfn olunub.
Hafiz Abdurrəhmanov şəhadətindən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
***
Hikmət Şubay oğlu Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açıb. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 3 il Füzulidə xidmət edib. 2014-cü ildə kapitan rütbəsi alıb.
Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanıb və reanimasiyaya yerləşdirilib. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olub.
Ailəli olan şəhidimizin 7 yaşlı oğlu və 2 yaşlı qızı Vətənə əmanət qaldı.
Hikmət Hacıyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
İmran İlqar oğlu Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində, Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açıb. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olub. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirib. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlayıb. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirib. Hərbi xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsinin də iştirakçısı olub. 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İmran Qurbanov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2005-2006-cı illərdə isə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.
İngilis, rus, erməni dillərini mükəmməl bilirdi.
Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək - qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda, Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.
O, xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edib, Azərbaycan bayrağını şərəflə daşıyıb.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizin 3 övladı yadigar qaldı.
Rəhim Hüseynov şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Rüfət Mürvət oğlu Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.
"Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.
Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin, Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin, üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. II Fəxri xiyabanda dəfn olunub.
Ailəli olan şəhidimizdən Vətənə əmanət 2 övladı qaldı.
Rüfət Əsgərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Ramiz Vaqif oğlu Qasımov 1975-ci il fevralın 17-də Beyləqanda doğulub. 1981-1992-ci illərdə Beyləqanda 4 nömrəli tam orta məktəbində, 1992-1997-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində ali təhsil alıb.
1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər rayonu ərazisində yerləşən Qala aviabazasında xidmət edirdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip vertolyotlarda uçuşlar etmişdi.
2020-ci il iyul ayındakı Tovuz döyüşlərində igidliklə döyüşüb. Ermənistan Ordusunun dayaq məntəqələrinə və canlı qüvvələrinə zərbələr, məhz R.Qasımovun idarə elədiyi "Mi-17" döyüş vertolyotu tərəfindən endirilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov Vətən müharibəsi zamanı "SPAYK" uzunmənzilli raketlərilə silahlanan "Mi-17" vertolyotunun heyətində Madagiz və Talış istiqamətlərində Ermənistan Ordusunun hərbi hədəflərini məhv edib.
Ramiz Qasımovun rəhbərliyi altında "Mi-17" hücum vertolyotu ilə "Dağlıq Qarabağ" separatçı rejiminin Müdafiə Ordusunun arsenalında olan üç ədəd "9K33 OSA" ZRK məhv edilib və qarşı tərəfə ümumi olaraq 31 milyon dollar məbləğində ziyan dəyib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin "Rəşadət" ordenli zabiti Coşqun Rüstəmovun sözlərinə görə, R.Qasımov idarə etdiyi "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv eləmişdi. Onun idarə etdiyi "Mi-17" hücum vertolyotu təyin olunan vaxtdan 20 dəqiqə tez havaya qalxıb. Hava hücumu zamanı "SPAYK" uzun mənzilli raketlərilə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) üç ədəd "OSA" ZRK və bir ədəd Repellent "P-19" Radiolocation stansiyası dəqiq atəş zərbələri ilə məhv edilib.
Onun rəhbərliyi altında məhv edilən dörd qurğudan üçü motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qoruyan "9K33 OSA" özüyeriyən Zenit Raket Kompleksidir. Bu qurğuların məhv edilməsi, Tərtər-Madagiz-Talış istiqamətlərində Azərbaycan Ordusunun artilleriya üstünlüyünə sahib olmasına şərait yaratmışdı.
R.Qasımovun rəhbərliyi altında məhv edilən 4-cü qurğu isə Rusiya istehsalı olan Repellent "P-19" radiolokasiya stansiyasıdır. Həmin qurğu uzaq məsafədən Pilotsuz Uçuş Aparatlarının (PUA) idarəetməsini ələ alır, onun iş rejimini pozur və məhvinə səbəb olur. Müharibə zamanı Azərbaycan Ordusunun arsenalında olan PUA-dan geniş istifadə olunduğunu nəzərə almaqla həmin qurğuların məhv edilməsi önəmli hədəflərdən biri idi.
Sentyabrın 27-də səhər saatlarında Hərbi hədəflərin məhv edilməsindən sonra R.Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu aviabazaya geri dönür. Vertolyot Tərtərin Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan HHM bölmələri tərəfindən vurulur. Nəticədə vertolyot sürətlə hündürlüyünü itirməyə başlayır. R.Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verir. Özü isə "Mi-17" hücum vertolyotunun 1500 nəfərin yaşadığı Azad Qaraqoyunluda yaşayış evlərinə düşməməsi üçün sürətlə hündürlüyünü itirən vertolyotu xüsusi ustalıqla boş sahəyə tərəf istiqamətləndirməyə başlayır və bunu bacarır. O, son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alaraq əvvəlcə Bərdə Rayon Xəstəxanasına, sonra isə Silahlı Qüvvələrin Baş Hospitalına aparılır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də şəhid olur. Qəhrəman pilot II Şəhidlər xiyabanında dəfn edilib.
Günel Qasımova adlı xanımla ailəli olan şəhidimizin Gülanə və Gülay adında qızları, Vaqif adında isə oğlu yadigar qalıb.
Ramiz Qasımova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin, o, "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Xaliddin Zəkər oğlu Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub.1987-1998-ci illərdə S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.
Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə və bu xalqa əmanət bir qızı və bir oğlu qaldı.
Xaliddin Veyisli şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.