ABŞ Hərbi Hava Qüvvələrinin B-1B Lancer bombardmançı təyyarələri Baltik və Qara dənizlərində Rusiya donanmasının gəmilərini məhv etməklə bağlı məşq keçib. Qeyd olunur ki, bir cüt B-1B Lancer bombardmançı təyyarəsi 48 uzaqmənzilli gəmi əleyhinə LRASM raketi ilə Baltik Donanmasını vurmaq gücünə malbkdir. Ekspertlər qeyd edirlər ki, bu, bütün donanmanı bir anda batırmağa imkan verir. Bununla da ABŞ-ın və onun bölgədəki müttəfiqlərinin gəmiləri üçün əsas təhlükə aradan qalxmış olur. Eyni tale Rusiyanın Qara dənizdəki donanmasını da gözləyir. ABŞ Hərbi Hava Qüvvələrinin B-1B Lancer bombardmançı təyyarələri NATO hava məkanından çıxmadan Rusiya gəmilərini məhv edə bilər. Rusiya sərhədləri yaxınlığında keçirilən təlimdə iştirak edən 4 ədəd B-1B Lancer bombardmançı təyyarəsi oktyabr ayının əvvəllərində Texasdan Böyük Britaniyadakı hərbi bazaya göndərilib. O zaman ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı bildirmişdi ki, strateji raket daşıyıcıları müttəfiqlərlə qarşılıqlı əlaqə quraraq Baltik və Qara dəniz, həmçinin, Arktika regionunda uçuşlar həyata keçirəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, general Ceff Harriqian bəyan etmişdi ki, "qüvvələrimiz istənilən yerdə, istənilən vaxt istənilən təhlükəyə cavab verməyə hazırdır. Eyni zamanda, müttəfiqlərimiz və tərəfdaşlarımızla təkmilləşdirilmiş təlimlər keçirir, koalisiyanı gücləndirir və bütün təhdidlərə üstün qüvvə ilə cavab vermək qabiliyyətini artırır".
Strateji bombardmançı təyyarələrinin Qara dəniz üzərində təlim uçuşları ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə gəldiyi gün keçirilmişdi. Kiyevə səfəri zamanı Pentaqonun rəhbəri ölkəsinin Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik istəklərinə sarsılmaz dəstəyini bir daha ifadə etmişdi.
ABŞ Hərbi Hava Qüvvələrinin B-1B Lancer bombardmançı təyyarələrinin Qara dəniz üzərindəki uçuşları zamanı onları Ukrayna Hərbi Hava Qüvvələrinin Su-27 və MiQ-29 qırıcıları müşayiət etmişdi.
ABŞ Hərbi Hava Qüvvələrinin bu təlimlərindən dərhal sonra Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələri Avropanın cənub və mərkəzi hissələrinə zərbələrin endirilməsi ilə bağlı məşq keçib.
Bundan başqa, Rusiya ABŞ-ın Alyaskadakı ən böyük bazasını məhv etmək təlimini də həyata keçirib. Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin ən böyük bazası hesab olunan bu bazada F-22 qırıcıları, hərbi nəqliyyat təyyarələri və digər çoxsaylı qüvvələr yerləşir. Rusiyanın Tu-95 strateji bombardmançıları Su-35 qırıcılarının müşayiəti ilə Amerika sərhədi boyunca uçaraq məşq ediblər. Eyni zamanda, Tu-95 strateji bombardmançı təyyarələri ABŞ-ın Alyaskadakı ən böyük hərbi birləşməsi olan "Elmendorf-Richardson" bazasına zərbə təlimini də həyata keçirib. Mediada yer alan məlumatlara görə, Rusiya bombardmançılarının uçuşu ABŞ üçün gözlənilməz olub. Amerika qırıcılarının Rusiya təyyarələrinin qarşısını almaq üçün havaya qalxmamasının səbəbi hələlik məlum deyil. Bəzi ehtimallara görə, bu, ABŞ-ın hava hücumundan müdafiə sisteminin radarının "boğulması"nın nəticəsi ola bilər. Rusiya mənbələrinin məlumatına görə, bombardmançı təyyarələr təxminən 9 saat uçuş həyata keçirib. "Uzaqmənzilli aviasiyanın iki strateji raket daşıyıcısı Tu-95MS Tiksi aerodromundan havaya qalxaraq Çukotka, Berinq və Oxotsk dənizlərinin neytral suları üzərində planlı uçuş həyata keçirərək Ukrainka aviabazasına eniblər. Onları Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Birliyinin Su-35S təyyarələri müşayyiət edib".
Bu təlim və məşqlərlə yanaşı, NATO-nun Qara dənizdə qüvvələrini artırması və Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün sürətləndirilməsi Moskvanın əsəbi reaksiyasına səbəb olur. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin Kiyevdə səsləndirdiyi fikirlər NATO-nun qapılarının Ukraynanın üzünə açılması anlamına gəlir. Bu isə Rusiya üçün real təhlükə deməkdir.
Rusiya xarici işlər nazirinin keçmiş müavini Sergey Orcenikidze ABŞ strateji aviasiyasının regionda uçuşlarını Rusiyaya güc göstərmək cəhdi adlandırıb: "Vaşinqton bununla zəruri saydığı zaman güc tətbiq etməyə hazır olduğunu göstərir".
Ekspertlər hesab edirlər ki, sərhədlərə yaxın istənilən təlim uçuşları və hərbi manevrlər potensial rəqibə münaqişə zamanı hansı silah sistemlərindən istifadə etməyə hazır olduğunu göstərir. Digər tərəfdən bu cür təlimlər həm də müttəfiqi ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.
Moskvada isə hesab edirlər ki, ABŞ bununla Rusiyanın döyüş hazırlığını yoxlayır. Rusiya ABŞ-ın bu addımını təxribat kimi dəyərləndirir və xəbərdarlıq edir ki, uçuşların davam edəcəyi təqdirdə insidentlər istisna edilməməlidir. Ekspertlər isə NATO-nun Rusiya ilə rabitəsinin kəsildiyi indiki zamanda bu hərbi təlimlərin daha çox təhlükəli olacağını qeyd edirlər.
Son illərdə Qara dəniz bölgəsi ABŞ və NATO-ya üzv digər dövlətlərin qüvvələrinin daima peyda olduğu əsas gərginlik nöqtəsinə çevrilib. NATO-nun kəşfiyyat və döyüş təyyarələri mütəmadi olaraq Rusiyanın hava sərhədlərinin yaxınlığında uçuşlar həyata keçirirlər. Paralel olaraq ABŞ və onun NATO-dakı müttəfiqlərinin gəmiləri, o cümlədən, qanadlı raket daşıyıcıları il ərzində bir neçə dəfə Qara dənizə daxil olub. Qərbdə hesab edirlər ki, bu addımla Rusiyanın Qara dənizi daxili dənizə çevirmək niyyətinin qarşısını alırlar. Krımın ilhaqından sonra Rusiyanın Qara dənizi kənar ölkələr üçün qapalı su hövzəsinə çevirmək niyyəti Qərbi ciddi narahat edir. Eləcə də Qara dəniz ölkələri də Rusiyanın bu su hövzəsində hegemon qüvvəyə çevrilməsini istəmirlər. Moskva isə NATO-ya aid hərbi texnikanın Qara dənizdə görsənməsini suverenliyi üçün təhlükə hesab edir. Belə bir vəziyyətdə müharibə bəzən ehtiyatsız bir davranışın, yanlış bir əmrin nəticəsi olaraq baş verə bilər. Ona görə də ABŞ və Rusiyanın strateji bombardmançı təyyarələrin iştirakı ilə təlimlər keçirməsini müharibə öncəsi əsas məşq kimi dəyərləndirmək də olar. Unutmaq olmaz ki, B-1B Lancer və Tu-22M3 nüvə başlığı daşıyan təyyarələrdir.