|
|
|
|
Sahilə AĞAYEVA
Oğuz rayonu Calut kənd Körpələr evi-uşaq bağçasının müdir
Əslən Qərbi Azərbaycandanam. 1963-cü ildə Ermənistan Respublikası Çəmbərək (Krasnoselsk) rayonunun Gölkənd kəndində anadan olmuşam.
Qaraqoyunlu elinin bir parçası olan, Ermənistan SSR-in Mixaylovka - Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunun şimal-qərbində, Tərsəçay sahilində, meşə ilə örtülü səfalı bir yerdə yerləşən, azərbaycanlıların yaşadığı Gölkənd kəndinin azərbaycanlı əhalisinin sayı 1831-ci ildə 357 nəfər idisə, 1979-cu ildə bu rəqəm 2022 nəfər təşkil edirdi. 1988-ci ilin faciəli olayları zamanı Gölkəndin azərbaycanlı əhalisi kənddən bütünlüklə qovuldu və həmi ərazidə ermənilər məskunlaşdırıldı. 1991-ci ildə isə kəndin adı dəyişdirilərək "Ayqut" adlandırıldı.
Gölkənd öz adını bu ərazilərdə yerləşən təbii göllərdən almışdı. Gölkənddə dörd göl vardı - Uzungöl, Göygöl, Çatalgöl və Tağılar gölü. 1951-1953-cü illərdə kənddə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə işıq verilmişdi. Ümumi sahəsi 55 kvadratkilometr olan Gölkənd camaatının əsas məşğuliyyəti əkinçilik, bağçılıq və heyvandarlıq idi.
Qərbi Azərbaycanda "Kiçik akademiya" adını almış orta məktəb də bu kənddə yerləşirdi. Gölkənd kənd orta məktəbinin iyirmi nəfərdən çox məzunu elmlər doktoru, yüzdən çoxu isə elmlər namizədi elmi dərəcəsi alıb.
Mən də bu məktəbin məzunu olmuşam. 1981-ci ildə bu məktəbi bitirmişəm, 1982-1988-ci illlərdə Bakı şəhərində ali təhsil alıb təyinatla Gəncə şəhərinə göndərilmişəm. 1991-ci ildə Oğuz rayonunun Calut kəndinə köçmüşəm, 2004-cü ildən kəndin Körpələr evi-uşaq bağçasında işləyirəm, 20 ilə yaxındır həmin bağçanın müdiri vəzifəsində çalışıram.
1988-ci ilin noyabr ayı idi. İşimlə bağlı sağlamlıq arayışı lazım idi, Gölkəndə getmişdim, sənəd rayon xəstəxanasından alınmalı idi. Heç vaxt unutmaram, rayonla bizim kəndin arasında yerləşən Martuni kəndində yaşayan ermənilər yolda zorla getdiyim avtobusa girərək azərbaycanlılara qarşı kobudluq etməyə başladılar. Onlar erməni dilində danışırdılar, başa düşdüm ki, söhbət Sumqayıt hadisələrindən gedir. Sonra Azərbaycan dilində bizə dedilər ki, ayağa qalxın, avtobus boş olsa da, siz otura bilməzsiniz, çünki bura sizin vətəniniz deyil, çıxın gedin. Həmin il ermənilər Dilicanda Gölkənddən olan bir neçə nəfər azərbaycanlını döyüb və yaraladılar, kənd sakini Cahan Qocayev vəhşicəsinə qətlə yetirildi.
Yaşadığım kəndin əhalisinin 90 faizi azərbaycanlılar olsa da, hər gün kəndə gələn ermənilər azərbaycanlıları hədələyir, çıxıb getmələrini tələb edirdilər. Buna görə də gecələr kənd sakinləri növbə çəkir, ermənilərin hücum etməsindən ehtiyatlanırdılar. Rayonun partiya komitəsi katibi azərbaycanlı olsa da, o da gəlib xəbərdarlıq edirdi ki, vəziyyət çox pisləşib, qocaları və uşaqları çıxartmaq lazımdır. Ona görə də qocalar və uşaqlar Qazax və Tovuz rayonlarında qohum və tanışların evlərində yerləşdirildilər.
1988-ci il noyabrın sonlarında kənd növbəti və sonuncu dəfə ermənilərin soyqırımına məruz qaldı. Əhali zorla qovulub kənddən çıxarıldı. Bu vaxt kənddəki 470 təsərrüfatda 2700 nəfər (1350 nəfər də kənddən kənarda yaşayırdı) azərbaycanlı əhali yaşayırdı.
1988-ci ilin dekabrında ailəmiz doğma kəndimizi tərk etdi (Qarabağ müharibəsində Gölkənd kəndinin 7 nəfər sakini şəhid olub, itkin düşüb).
Bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir, Azərbaycan yeni reallıqlar formalaşdırır. Ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycana qayıdış konsepsiyasını uğurla həyata keçirir. Qərbi Azərbaycan layihəsini başladan dövlətimizə və möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildirir, fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq.