|
|
|
|
Gəlin güllü çit donunun qırçınlarını sığallayıb köhnə dəmir vedrələri əlinə götürdü - suyu yenə kəsmişdilər, susuz ev isə rayon yerində elə susuz dəyirman kimi bir şeydir. Gedib "Həcər krantı"ndan heç olmasa 2 vedrə su doldurub gətirsəydi, axşama kimi yarımçıq işlərini qurtara bilərdi. Elə "Ya Allah" - deyib küçə qapısına tərəf dönmək istəyirdi ki, həyətdə cücələrlə oynayan 4 yaşlı oğlu hönkürüb əllərini ona tərəf uzatdı, sonra qışqıra-qışqıra anasına tərəf qaçdı.
Gəlin uşağın belə yeyin qaçdığını görməmişdi, ona görə də əvvəlcə təəccübləndi:
- Ağrın mənə gəlsin. Nə olub, niyə ağlayırsan?
Uşaq anasına çatıb onun qırçınlı donunun ətəyindən yapışdı və bu dəfə aydın səslə zarıdı:
- Getməə.., getməə...
"Buna nə oldu birdən-birə? - gəlin fikirləşdi. - Elə bil əvvəlki uşaq deyil".
- Qadan alım, sən bacınla oyna, beş dəqiqəyə gəlirəm. Su gətirməsəm, çay qoya, xörək bişirə bilmərəm axı.
Sifəti göyərib qəribə hala düşmüş uşaq kirimək bilmirdi və nəyə görəsə gəlinə elə gəldi ki, uşağın barmaqlarını güllü donundan qoparsa, neçə ildən sonra nəzir-niyazla tapdığı yeganə oğlu ağlaya-ağlaya elə həyətin ortasındaca canını tapşıracaq.
Birdən-birə vahimələndi, sinəsindən yüngül, amma buz kimi soyuq bir gizilti keçdi. Əyilib oğlunun çirkli yanaqlarını sildi, sonra gözlərindən öpüb dedi:
- Yaxşı da, sakit ol. Dayan, şalvarını dəyişim, birlikdə gedək.
Tələsik eyvana qalxıb köhnə divar şkafını açdı, bir-birinə qarışmış paltarların arasında axır ki, axtardığını - aşırma qayışlı şalvarı tapıb həyətə düşdü. Əyilib uşağın əynindəki köhnə şortiki çıxartdı. Anasının boynunu qucaqlamış uşaq növbə ilə ayaqlarını qaldırıb şalvarın içinə saldı. Gəlin qayışları bərkidəndən sonra qalxıb fərəhlə, qürurla oğlunu süzdü - uşaq elə bil bircə anın içində buğda dənəsi boyda böyümüşdü.
- Bəh-bəh, indi oldun noğulbala Oğulsan ey!!! - Sonrakı sözləri uşağın saçlarını qarışdıra-qarışdıra dedi:
- Donumdan bərk tut, məndən aralanma ha.
Hönkürtüsünü kəsən uşaq içini çəkə-çəkə çit parçanı tutan barmaqlarını daha bərk sıxıb küçə qapısına tərəf addımlayan anasının dalınca getdi.
Qapıdan çölə çıxanda uşaq anasının güllü donu və o donun qırçınlarından bərk-bərk yapışmış əllərindən başqa indiyə qədər nə bilirdisə hamısını dərhal unutdu, gördüklərindən elə təəccübləndi, elə heyrətləndi ki, sanki dünyaya təkrar doğuluşunun hər anını öz gözlərilə izləyirdi. O, ilk dəfə idi ki, həyətlərindən çölə ayaq basırdı və evlərinin qabağındakı akasiya kolları, səkidən o tərəfdəki maşın yolu, o yolda hərdən o tərəf-bu tərəfə şütüyən maşınlar, atasına, anasına oxşayan və oxşamayan xalalar, dayılar, öz darvazalarına, evlərinə bənzəyən və bənzəməyən evlər, qapılar - hər şey indiyədək tanıdığı balaca dünyanı onun gözlərində, beynində zərrə-zərrə böyüdürdü. Ağzı o dərəcədə açıla qalmışdı ki, ağaclarda civildəşən sərçələrdən biri gəlib ora girsəydi, hiss eləməzdi.
Gəlin əvvəllər bu yolu öz iti yerişi ilə gedib-gəlirdi, amma indi oğluna görə addımlarını yavaşıtmışdı - uşaq yıxılıb ağız-burnunu əzə bilərdi.
Bu yolda həmişə sevdiyi mahnılardan birini ürəyində, yaxud dodaqları altında astadan zümzümə edə-edə addımlamışdı. İndi isə bir az qayğılı, fikirli idi deyə susurdu. Uşağın bayaqkı hərəkətindən dilxor olmuş, bir az da vahimələnmişdi, üstəlik, başa çatdırmadığı xeyli işi tökülüb qalmışdı. Gün isə yavaş-yavaş əyilirdi, bir azdan əri, çox güman, yenə də əli ətəyindən uzun qayıdacaq, hirsini evdəkilərin üstünə tökəcəkdi. Neyləsin, axı, yaşamaq gündən-günə çətinləşir, o isə özünə fərli bir iş tapa bilmirdi. Ev tikən, barı hörən ustaların yanında fəhləlik edə-edə qazandığı qəpik-quruş gündəlik yeməklərinə zorla çatırdı. Bəlkə elə buna görə neçə gündən bəri ərinə demək istədiyi sirri - artıq üç aydır uşağa qaldığını açıb-ağarda bilmirdi. Qorxurdu, əri əsib-coşa: "İkisini zorla saxlayırıq, üçüncünü necə doyduracağıq?"
Gəlini qayğılandıran, narahat edən də elə bu idi. Qorxurdu əri uşağı tələf etdirmək fikrinə düşə. Ona görə də istəyirdi canını dişinə tutub, bu axşam hər şeyi desin, məsələni biryolluq aydınlaşdırsın, bəd ayaqda ərinin ürəyini yumşaldıb yola gətirsin. Deyəcəyi sözləri də əzbərləmişdi: "Qorxma, uşağı verən Allahdır. O, həmişə verdiyinin ruzisini də yetirir".
Nəyə görəsə əmin idi ki, boynundakı körpə də oğlan uşağıdır. Deməli, indi onun donunun ətəyindən yapışıb arxasınca addımlayan yeganə oğlunun qardaşı da olacaqdı.
Bu fikirdən gəlinin kefi bir az duruldu, sevdiyi mahnılardan birinin melodiyaları yenə içinə axdı, sözləri dilinə, dodaqlarına qondu:
Mənim əziz, gül oğlum,
Gül oğlum, bülbül oğlum..
Gəlin bu yolu hər gün gedib-gəlirdi. Amma son bir ildə hər dəfə vedrələri əlinə götürəndə diksinir, içindən qəribə bir gizilti keçirdi. Ötən il elə bu vaxtlar olardı. Günortaya yaxın qızı təngnəfəs özünü həyətə salıb qaça-qaça eyvana qalxdı, corab yamayan anasına yaxınlaşıb yumduğu ovcunu açanda gəlinin ürəyi elə bil tappıltı ilə ayaqlarının altına düşdü - uşağın ovcunda qızıl bir onluq parıldayırdı. Bircə anın içindəcə gəlinin dili, ağzı qurudu, onluğu qapıb kal səslə soruşdu: "Bu nədi, aaaz?" Uşaq dedi ki, Həcər krantından su içəndə bərənin içindən tapıb. Gəlin əvvəlcə bilmədi neyləsin. Sonra onluğu donunun yaxalığından liftçiyinin içinə atıb qıza bərk-bərk tapşırdı ki, heç kimə heç nə deməsin. Əvəzində ona bantlı ayaqqabı da boyun oldu... Və həmin o onluqla gələn həyəcan, sarsıntı, əzablı gümanlar düz üç gün gəlini az qala dəli olmaq dərəcəsinə gətirdi. Nəyə görəsə ona elə gəlirdi ki, elə indicə kimsə qapını açacaq, Allahın qisməti olan bu onluğu dartıb onun əlindən alacaq. Bilmirdi hara qoysun, harda gizlətsin ki, ürəyi bir az toxdasın.
Gəlin halal adam idi, əgər bilsəydi ki, onluğu kim itirib, gedib qapısını açar, kamali-səliqə ilə onluğu qabağında yerə qoyub deyərdi ki, götür malını, halal mal itməz. Amma indi vəziyyət başqa cür idi. Gəlin elan verəsi deyildi ki, ay qonşular, qızım filan yerdə qızıl onluq tapıb, kimindirsə, gəlib aparsın?
Əlqərəz, üç günün götür qoyundan sonra başa düşdü ki, bütün bu əzablardan, iztirablardan xilas olmağın bircə yolu var - onluğu evdən yox eləmək! Əri ilə məsləhətləşib belə qərara gəldilər ki, zərgərlərdən, ya da diş həkimlərindın birinə lom qiymətinə satıb puluna uşaqlara pal-paltar alsınlar. Əri onluğu cibinə qoyub gedəndə gəlin hiss elədi ki, əməllicə yüngülləşdi və hələ də cavabını tapmadığı həmin o sarsaq sual da beyninə elə onda sancıldı: "Balam, tapdığım onluq az qala axırıma çıxmışdı. Bəs hökumətin bu qədər pulunu yeyənlər, o qədər rüşvət alanlar bu zıppıltıya necə dözür"?
Amma zıppıltının böyüyü qabaqda imiş.
Əri bir saatdan sonra təpəsi üstə qayıdıb dedi ki, özünə gəl, aaaz, üç yerdə yoxlatdırdım - qıxıl-mızıl deyilmiş bu, adicə sarı metaldır.
Bax belə.
Gəlin fikirləşdi ki, uşağın qismətinə çıxan elə sarı metal olar da... Əsl onluğu o özü tapacaq, özü də elə orada, krantın başında...
Tinə - keçəl Salmangilin qapısının ağzına çatanda mahnının melodiyaları içində, sözləri isə dodaqlarında dondu və gəlin duruxub ayaq saxladı. Bu, elə qəfildən oldu ki, böyür-başına baxa-baxa ağzını əvvəlkindən də geniş açmış uşaq az qaldı ki, anasının ayaqları arasından sivişib onun qarşısına keçsin. Darvazadan 3-4 addım o yanda səkiyə bir maşın daş tökmüşdülər. Gəlin anladı ki, keçəl Salman nuh əyyamından qalmış və uçmaq üçün bir himə bənd olan uçuq-sökük barısını axır ki, dəyişmək qərarına gəlib. Lap yaxşı da eləyib. Amma daşı belə tökməli deyildilər axı. Yolu tamam kəsmiş, keçməyə dar cığır belə qoymamışdılar.
Gəlin yenə dilxor oldu. Gərək səkinin qırağındakı su bərəsini adlayıb maşın yoluna çıxa, 4-5 addım gedib yenidən səkiyə qayıdaydılar ki, tindən sola burulub yollarına davam etsinlər. Ən yaxşı variant bu idi. Ona görə də irəli yeriyib bərənin qırağına gəldi, əvvəlcə ehtiyatla sağ ayağını atıb maşın yolunun kənarına çıxdı və sola burulub bir addım atmışdı ki, arxadan yenə uşağın qışqırtısı gəldi. Cəld dönüb baxdı - oğlu bərənin içində otutub ağlayırdı. Vedrələri yerə qoyaraq geri qayıdıb uşağı qaldırdı. Könlünü almağa vaxt yox idi, ona görə də tələsik vedrələri götürdü, donunun qırçınlarını yenə də uşağın əllərinə verib səkiyə qayıtmaq üçün bərənin üstündən az qala yüngülcə tullandı və tələsdiyindənmi, ya dilxorluğu son həddə çatdığındanmı ağlına gəlmədi ki, səhv edir - uşaq ən yaxşı halda yenə bərənin içinə yıxılacaq.
Amma oğlu bu dəfə ora yıxılmağa macal tapmadı, çünki anasının qəfil, kəskin hərəkətindən əlləri donun qırçınlarından çıxdı və o bu dəfə bərəin içinə yox, yolun qırağından bir az irəli - maşınlar şütüyən tərəfdə yerə yıxılıb ağlamağa başladı və yenə də bayaq həyətdəki kimi "Getməəə, getməəə" - deyərək şivən saldı.
Gəlin arxaya çevriləndə tindən iri bir yük maşını çıxıb sürətlə sağa buruldu. Gəlinin damarlarında qanı dondu, ayaqları yerə yapışdı və boğazından dəhşətli bir qıyya çıxdı. Həmin o anda hansısa bir qüvvə sanki bu səsi eşitdi, onu yüngül top kimi qaldırıb uşağın yanında yerə endirdi və gəlin elə həmin o bircə anın içindəcə uşağın qolundan yapışıb geriyə - bərənin içinə atmağa macal tapdı. Dikəlib sola çevriləndə gördüyü mənzərə - üstünə yeriyən maşın, sürücünün dəhşətlə açılmış gözləri, eşitdiyi göy gutultusu kimi qulaqlarında əks-dəda verən "Getmə" hayqırtısı oldu...
Gücü ona çatdı ki, sinəsini qabağa versin, əllərini çarpazlayıb "dayan!" işarəsi verirmiş kimi başı üzərinə qaldırsın.
Sürücü yolda heykəl kimi donub qalmış qadını görəndə "Allah, özün kömək ol" - deyə pıçıldadı və bütün ağırlığını sağ ayağına verərək əyləc pedalını sonadək basdı, eyni vaxtda bədənini arxaya verib sükanı var gücü ilə özünə tərəf çəkdi - elə bil təkərləri asfaltın üztündə sürüşərək tükürpədici səs çıxaran bir tonluq maşını bu tövrlə cilovlamaq istəyirdi.
Və möcüzə baş verdi.
Qadına çatmağa bir-iki addım qalmış maşın kuzasındakı yükün - üst-üstə yığılmış kubik daşlarının ləngərinə tab gətirməyib böyrü üstə aşdı və səkiyə tökülmüş daş topasına dirənərək yanböyürtü qaldı.
Birinci özünə gələn sürücü oldu, kabinənin qapısını açıb yerə hoppandı, əvvəlcə bərənin içində yıxılıb qalmış uşağı qaldırıb səkiyə ötürdü, sonra heykəl kimi donub qalmış gəlinə yaxınlaşdı:
- Şükür bacı, - dedi. - Allahın bizə yazığı gəldi.
Gəlin hiss elədi ki, deyəsən, əzalarının sinirləri oyandı və başını çevirib qəribə nəzərlərlə sürücüyə baxdı.
Elə o andaca qarnındakı körpənin tərpəndiyini hiss elədi...