|
|
|
|

Bilirəm ki, növbəti Qarabağa səfərimdə yaşadığım hissləri olduğu kimi yazmaqda acizəm. Bəlkə də, bu hisslərin adı yoxdur, bəlkə də bu hisslərin əllinci, yüzüncü, ya da birinci tonudur. Ən tündü... Bunu o adamlar bilər ki, keçmişinə qayıdıb didərgin düşmüş uşaqlıq xatirələrini tapıb toplaya, qırılanı birləşdirib böyüdə, itəni tapa... Mən Qarabağda çox qiymətli itirdiyimi axtardım, təkrarsız xatirələrimi tapdım. Xəyallarıma daldım, arzularımı yaşadım. Hər dəfə Ağdama gedəndə doğulduğum evin xarabalığını ziyarət edirəm. Həyətdə otururam, samovar qaynadıram, çay süzüb ölümsüzlük şərbəti kimi ləzzətlə içirəm. Həyətdə ora-bura qaçan, o ağacdan bu ağaca dırmaşan dəcəl uşaqlığıma baxıram. Baxıram, uşağım boydadır uşaqlığım. Nə boyu artıb, nə yaşı. Onun yaddaşını yaşayıram həyətdə. Bu günləri görməyə ömürləri çatmayan nənəmin, babamın, əmilərimin səsləri gəlir qulağıma. Babamın üç oğlu bir böyük həyətdə özlərinə ev qurmuşdular, bağ salmışdılar, uşaq böyüdürdülər. Biz bu həyətdə göz açanda bir-birimizi tanıdıq. Əmiuşaqları - hamımız bir yerdə yedik, bir-birimizin paltarında böyüdük, oynaşdıq, küsüşüb-barışdıq.
Həyətimizin az qala hər qarışından xatirələr boy verir. O xatirələrdə hamı var, hamı diridir, hamı xoşbəxtdir. Biz bu həyətə bağlıyıq, yanıb kötüyü qalmış nəhəng tut gövdəsi kimi. Mərmilərin dağıda bilmədiyi, çay daşlarından atamın babası tikən evimizin təməli, divarları kimi, bu torpağın dərinliyindən gəlmişik. Fərqimiz ondadır ki, dinsiz-imansız mərmilərin altından biz canımızı qaçırtdıq, onlar əsir qaldı. Amma nə illər yaddaşımızı silə bildi, nə düşmən izlərimizi. Biz yenə burdayıq. Xaraba da olsa, evimizə qayıtmışıq. Evimizin xarabası da mənim üçün əzizdir, diridir.
Bu dəfə evi çətinliklə tapdıq. Bir həyətdə doğulub-böyümüş əmioğlanları - biz geri qayıtmışdıq. Baxmayaraq ki, həyətimizdə son illər üç dəfə olmuşam, bu dəfə istiqaməti təyin eləməkdə, yolu, izi tapmaqda mən də aciz idim. Amma şimalı axtaran kompasın əqrəbi kimi ürəyimiz bizi bir tərəflərə dartırdı, qazıntı yerlərindən keçirdik... Çətinliyin səbəbi adamın ürəyini açırdı, xoş gəlirdi: Ağdam tikilir! Ağdam yerin dərinliyindən boy atır! Ağdam vurulub yerə sərilmiş nəhəng kimi özündə güc tapıb ayağa durur. Bütün yollar, küçələr, məhlələr yenidən salınır, dəmir əllər yorulmadan çalışır, isti ürəklər canyandırır. Alın təriylə suvarılır Ağdam. Bircə Ağdama baxmaq kifayətdir ki, Azərbaycan dövlətinin qüdrətini görəsən, bizə təptəzə Ağdam quran cənab Prezidentin böyük diqqətini, qayğısını hiss edəsən. Adamın fərəhdən ürəyi dağa dönür. Təsəvvür edəndə ki, bir gün geri qayıdacaqsan, yaraları sağalmış, yolları ütülənmiş, evləri çiçək-çiçək bir şəhərin olacaq, kürəyindən qanadların çıxır az qala, o dərəcədə qürurlanırsan! Utana-utana, sıxıla-sıxıla yaşadığın köçkünlük ayların, o həsrətli illərin ovuclarından yuyulub gedir. Bir başqa adam olursan: öz içindən doğulan biri!
lll
Bu dəfə qarşımıza çıxan hər hansı "məramlı" olmadı. Torpaqlarımızın halal övladları kimi üz tutduq dağlara. Uşaq vaxtı gördüyümüz, həm də görmədiyimiz yerlərə. Ağdam ötürdü bizi, Əsgəran qarşıladı. Hər tərəfə qəribə bir sakitlik çökmüşdü. Evlər, yollar, ağaclar, quşlar azadlığını yaşayırdı. Dərindən içini çəkib əyləşmişdi Əsgəran. Üzü yaşıl dağlara tərəf sıralanmış evlər mürgüləyirdi. Hasarlardan boylanan ağacların meyvələri körpə kimi gülümsəyirdi. Qucaq istəyən uşaq kimi dərilmək istəyirdi. Döyülməyə, açılmağa yerikləyirdi qapılar.
Qala qapıları, məğrur hasarlar bizi Xocalıya yola saldı. Yaddaşımda Xocalı yox, xocalılılar var; yaralı, gözüyaşlı, üzü cırılmış, saçları didilmiş, ayaqları yalın, doğmasını ağlayan, ölüsünü axtaran xocalılılar. Ağdam məscidinin qarşısında ölü xocalılılar. Həmyaşıdlarım - uşaq xocalılılar... Bizdən əvvəl köçkünlüyün ən dəhşətlisini yaşamış xocalılılar. Xocalı - yarası sağalmış, dirilmiş, dikəlmiş, balası qayıtmış Xocalı. İndi hər küçəsində daş üstünə daş qoyulur, ev qurulur, ağac əkilir. Şəfalı əl yaralarına məlhəm qoyur. Didilmiş saçına tumar çəkir, çırılmış yanaqlarını oxşayır. Üzünə təbəssüm qondurur Xocalının.
Qəribə hisslər məni haldan-hala salırdı. Boğazımda düyünlənmiş qəhər, gözlərimə pərdə çəkmiş kirpiklərimin şehi, ürəyimin sinəmi içəridən döyməsi, qanımın beynimə düşən ritmi elə bil məni başqa bir varlığa çevirirdi. Bədən dəyişdirirdim, yeni bir ruh doğulurdu, hansısa zaman tunelindən keçirdim, nə idisə bilmirəm. Hər nəfəs dərəndə arınırdım, durulurdum.

Bir də gördüm, qarşımdakı göy lövhədə ağ hərflərlə Xankəndi yazılıb. Xankəndi düşmən kəndinə çevriləndən biz elliklə ardan-abırdan düşmüşdük, əslində. Burda bizim olanları ev-ev əlimizdən almışdı düşmən. O vaxtdan bu şəhərdə bizə düşmən gözüylə baxırdı pəncərələr, eyvanlardan düşmən ayaq açıb boylanırdı küçələrə. XIX əsrdə İrandan Rus çarının fərmanıyla köçürülən hayların nəvələri XX əsr boyu özlərini də, daha kimlərisə də aldadıb, nəhayət, XXI yüzilin əvvəlində "inanmış", arxayın düşmüşdülər ki, bura onların "qədim şəhəridi". Amma Xankəndini gəzəndə görürsən ki, düşmən heykəlləri bura yamaqdır, abidələr gözdən asılan pərdədir, qondarma binalar qulpdur. Xankəndinin təməli elə bir ruhla atılıb ki, bütün bu düşmən "bər-bəzəyinə" baxmayaraq, öz ruhunu, milli kimliyini sonadək saxlayıb. Məncə, Xankəndi insanın, daha dəqiqi, Azərbaycan türkünün şəhərləşmiş halıdır. Bizim kimi məğrur, dəyanətli, amma hərdən düşmən qılığına aldanan, gözü pərdələndiyi üçün tora düşən...
Küçə-küçə, ev-ev özünə qayıdır Xankəndi. Hara baxsan, iş gedir, hər addımda doğma üzlər görürsən, rastlaşdığın adamlar ana dilimizdə salamlayır səni. Adını bilməsə də, hamı bir-birini tanıyır. Burda doğmadır hamı. Hamının içi çiçəkləyib Xankəndidə. Elə bil bu qarşılaşdığın adamları - ustanı, sürücünü, satıcını ilk dəfə yox, illərdən bəri görürsən, tanıyırsan. Bu ovqatla Xankəndi bağrına basır adamı.
İçimin həyəcanından rahatlaşıb yata bilmirdim gecə. Pəncərədən dağlara, meşələrə, talalara baxmaq doyurmurdu məni. Gəzmək istəyirdim küçələri. Nə qədər uzun yol gəlsəm də, yorğunluq bilmirdim. Hər yerin səsini dinləmək istəyirdim. Gözümün, əlimin, qulağımın, ayağımın yaddaşına köçürürdüm Xankəndini. Xankəndini nəfəs-nəfəs, görməmişcəsinə ruhuma çəkirdim. Bu da bir növ qucaqlaşmaq idi. Beynimin radiosunda bir xanım Dəmir Gədəbəylinin sözlərini oxuyurdu:
...Dağlarına düşən şehdən,
Çöllərinə əsən mehdən,
Doya bilmirəm, doya bilmirəm,
Ey Vətən!!!
lll
Şuşanın ayağından başına qalxdıq, keçib getdik Turşsuya doğru. Biz uşaq olanda böyüklərimiz, əsasən, babam əmimlə Turşsuya gedərdi, yalın döşündə, Laçına gedən asfalt yolun altında evimiz boyda çadır qurardılar. Böyük əmim taxta kuzalı maşın gətirərdi. Yığardılar yorğan-döşəyimizi, qab-qacağımızı. Biz də qalxardıq kuzaya. Mir-mitilin üstündə gedərdik. Dolama yollar yavaş-yavaş arxada qalardı. Taxta kuzanın kənarından tutub, qorxa-qorxa aşağı boylanardıq. Dərələrin yaşıl dərinliyi, qayaların boz hündürlüyü heyrət doğurardı içimizdə. Maşın yırğalandıqca ürəyimiz əsərdi. Amma yenə də sevinərdik ki, bu yay da Turşsuya gedirik. Çadırda qalmaq daha əyləncəliydi. Babam polad məftildən sancağa oxşayan "tapança" düzəldərdi. Biz ona "bıtırqan atan tapança" deyərdik. Bıtırqan atıb bir-birimizin paltarına yapışdırardıq. Şəriddəki təzə yuyulmuş paltarların üstünü bəzəyərdik. Kərpiç rəngli cürdəyimiz vardı, çığırla aşağı düşüb Turşsuyun qaynamağını gözləyərdik. Nə möcüzədirsə, əsrlərdir vaxtını, dəqiqəsini dəyişməyən turşsu hər iki saatdan bir, yeddi dəqiqə axıb dayanardı. Bu müddət ərzində kim cürdəyini, bidonunu doldurardısa, irəli düşərdi. İllər sonra həmən yerə qayıtmağın hissi içimi uçalandırırdı. Dağların, qayaların, təpələrin başına dönə-dönə gedirdik. Zarıslı bulağının soyuq suyunda nəfəsimiz genəldi. O vaxtlar da atamgil burda nəfəs dərərmişlər. Maşınlara su tökülürdü. Qurthaqurt içirdik. Boş qablar doldurulurdu. Bura çatanda bilirdik ki, Turşsudayıq. Bir neçə dolamadan sonra ağ çadırlarımız boy göstərəcək. Babamın oduna çırpılan baltasının taqqıltısı gəlib tutacaq qulağımızdan. Buludlara çərpələng ipi kimi bağlanmış samovar tüstüsünü görəcəyik.

İllər sonra qayıtdıq Turşsuya. Həmən dağ, həmən dərə, həmən yaşıllıq. Hər tərəfdən uşaqlığımızın səsi gəlirdi. Qışqıra-qışqıra oynaşırdıq. Hələ də səsimizin əks-sədası dərələrdə qalmışdı. Bu, zaman tunelindən keçib keçmişə qayıtmaq idi, xatirələri yaşamaqdı. Arzuya çatmaqdı. Ömrün uzanmasıydı. Günə gün calamaqdı. Ondakı çadırlarımızın yerində tikinti işləri gedirdi, dedilər, burda evlər tikiləcək. Köhnə cığır vəfalı dost kimi bizi bulağa apardı. Oturub iki saat suyun qaynamasını gözlədik. Əmioğlular öz aramızda xatirələrimizi danışa-danışa uşaqlaşdıq. Babamızın ruhunu sevindirdik. Qaynadı turşsu. Köpükləndi. İllərdi ciyəri yanan səhra yolçusu kimi içdik turşsuyu. Qüsullandıq, paklandıq. Sağ qalanlarımız üçün qablarımızı doldurduq. İndiyəcən burdan o yana getməmişdik. Bu dəfə həddimizi keçdik.
lll
Üz tutduq Laçına. Nə dolamalar tanış idi, nə dağlar. İlk dəfə görürdüm. Heyrət başımı döndürürdü. Bu nə möcüzəydi? Bu nə aşırımlar, qayalardı? Pətəkdən süzülən bal kimi sərt qayalardan sular axırdı. Çöllərin ortasında tapılmayan su, bu sıldırım dağların başına hardan dolurdu, üzü minilliklər görmüş qayaların arasından necə süzülürdü? Harda bitirdi bu dərələr? Nə vardı dibində? Kəklikotunun, itburnu çiçəyinin, adını bilmədiyim gül-çiçəklərin ətrini yayırdı sərin meh. Gəlin otağıydı sanki bu yerlər.
Bu da Laçın: damları narıncı ovuc-ovuc evlər dağların döşündə pətək-pətək görünürdü. Laçın geridə qoyduğumuz heç bir şəhərə bənzəmir. Bir başqa duruşu var Laçının. Belə bir söz deyilir: "Filankəsin Laçın vaxtları". Boynuma alım ki, bu sözün tam dərinliyini hələ də bilmirəm. Cavanlığın, şuxluğun, yaraşığın ifadəsidir, bildiyim qədər. Amma əsl mənası nədir? Niyə laçın? Şəhər Laçınla, dövr, zaman laçın niyə eynidir? Ya niyə ayrı? Elə şəstli, elə məğrur duruşu var ki, dörd göz istəyir tamaşasına. Bu şəhər başqa şəhərlər, elə Ağdam kimi düzən yerdə, gen meydanda salınmayıb. Şuşa kimi qayanın üstünə də qonmayıb. Bu şəhər ayaq üstə durub-dayanıb. Ayağından başına kimi evlər sanki bir-birinin üstündədir. Dağların üzündə, sinəsindədir şəhər. Ayağından Həkəri axır, başından topa-topa, lay-lay buludlar keçir Laçının. Baxa-baxa ağlımdan bir fikir süzülür: dəyər, bu torpaq, bu vətən üçün ölməyə, dəyər, ölüb bu vətənin torpağına qarışmağa dəyər!

Ayağına əyildim Laçının. Həkərisində yuyundum. Ağacının kölgəsinə sərildim. Otundan yalın ayaqlarım öpdü. Ürəyimdə sözlər dualandı: "Azadlığın mübarək, Laçın! Yaşıllığın, kölgəliyin, Günəşin mübarək! Sənə qayıdan doğmaların mübarək!"
Laçın da bəzənir hələ, Laçın da qurulur. Yenidənqurma, bərpa işlərinin sürəti, miqyası elə bütün Qarabağdakı kimi yüksəkdir, genişdir. Bəzən paytaxtda nəyinsə bahalığından, nəyinsə əskikliyindən şikayətlənirik. Qınayırıq da bəzən Dövlət Babanı, gileylənirik. Amma Qarabağda hər şeyi anlamaq imkanın olur. Hadisələrə başqa gözlə baxırsan, zehnin aydınlanır, qənaətin dəyişir. Bu gün ən vacib olan bu əziz məmləkətin yaralarını sağaltmaqdı. Düşmənin başına qalxan Dəmir Yumruq indi şəfqətli ələ dönüb Qarabağın yaralarına sığal çəkir, məlhəm qoyur...
lll
Təəssüf ki, səfər vaxtımız bitdi. Geri qayıtmağa məcbur idik. Bu dəfə də köçkün olduğumu hiss elədim. Evimi, dağlarımızı, meşələrimiz qoyub gedirdim axı. Bu dəfə mizrab könlümün sarı simlərinə vurulurdu, Zəlimxan Yaqubun misralarını oxuyurdu dilim:
Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi
Bölüb, elə bu yerlərdə qalardım.
Nəfəsimdə yaşadardım ətrini,
Əzizlərdim çiçəklərin xətrini.
Ömrün-günün qiymətini, qədrini
Bilib, elə bu yerlərdə qalardım...
Ölüb qalınası yurd yerimizdən məcburən uzaqlaşırdım. Yollar uzandıqca göbəyimin kəsildiyi, astarı üzünə çevrilmiş şəhər geridə qalırdı. Hiss eləyirdim ki, bu ayrılıq içimi ağrıdır, kövrəldir məni. Aid olduğum yerdən uzaqlaşdıqca zəifləyirəm, acizləşirəm. Bakı məni böyütsə də, oxudub iş versə də, göbəyimin kəsildiyi yerə aid olduğumu bütün hüceyrələrim bilir. Bakı dizinə başımı qoyub dərdimi ağladığım pasibanım olsa da, bir gün geri dönəcəyim, lap tezliklə evimə qayıdaçağım günün ümidiylə təsəlli tapıram. İlk köçənlərin sırasında olmağın xəyalını qururam...
lll
Bakıya qayıtdım, bir gün ağzımı bıçaq acmadı. Danışmaq gəlmədi içimdən, eşitmək də istəmədim. Gözümü yumub yaşadıqlarımı yaddaşımda yenidən yaşayırdım. İstəyirdim, gördüyüm heç nə yaddaşımdan silinməsin. Şüurumun ən dərin qatınacan kök atsın. Çöksün, durulsun. Keçdiyim o dağlardan, dolamalardan, yollardan xəyalən bir də keçirdim. Məni məndən başqa heç kim başa düşmürdü, heç evdəki doğmalar da. Hissimin adını bilmirdim ki, adıyla deyəm. Bilməsinlər, nə yaşadığımı özüm ki bilirəm. Bu, xarabalıqda tapılan xoşbəxtlikdi!



