Fransa prezidenti Emmanuel Makron Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisindəki hərbi hədəflərə zərbə endirmək imkanının verilməsinə çağırıb. Ukraynanın Qərb silahları ilə Rusiyanın beynəlxalq hüquqla tanınan ərazisinə zərbə endirməsinə imkan verilməsi son zamanlar Avropa və ABŞ-da qızğın müzakirələrin mövzusudur. Fransa prezidentindən əvvəl müxtəlif səviyyəli siyasətçilər Ukraynaya Rusiya ərazisinə zərbə endirməsinə imkan verilməsinin tərəfdarı kimi çıxış etsə də, Emmanuel Makron belə bir təşəbbüslə çıxış edən ilk dövlət başçısıdır. Fransa prezidenti bəyan edib ki, Ukraynaya Rusiya ərazisindəki hərbi obyektləri məhv etməyə icazə verməliyik, ona görə ki, oradan Ukrayna ərazisi raketlərlə atəşə tutulur.
Fransa prezidenti belə bir bəyanatla Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edib. Məlum olduğu kimi, Almaniya kansleri Ukraynaya Rusiya ərazisinə Qərb silahları ilə zərbə vurmaq hüququnun verilməsinin əleyhinədir. Kansler Olaf Şolts hesab edir ki, Ukraynanın Rusiya ərazilərinə zərbə endirməsi hərbi münaqişənin daha da şiddətlənməsinə və müharibəni sərhədlərinin genişlənməsinə səbəb ola bilər. Çünki Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ukrayna Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirsə, Moskva buna Avropa şəhərlərinə zərbə endirməklə cavab verə bilər. Rusiya rəsmiləri hətta taktiki nüvə başlıqlarından istifadə edə biləcəkləri ilə bağlı təhdidlə də çıxış edirlər. Ən son olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedyev Qərbin Kiyevə "getdikcə daha uzun mənzilli silahlar" verməsini şərh edərkən qeyd edib ki, Rusiyanın nüvə başlıqları ABŞ-nin 1945-ci ildə Yaponiyaya atdığı "Körpə" və "Gombul" atom bombalarından xeyli güclüdür.
Nüvə təhdidləri də daxil olmaqla Moskvadan səslənən sərt xəbərdarlıqlara baxmayaraq, Qərbin aparıcı siyasi paytaxtlarında Ukraynaya Rusiyanın daxilindəki hərbi hədəflərə zərbə vurmaq hüququnun verilməsi ilə bağlı müzakirələr qızışıb. Mayın 22-də bir qrup amerikalı konqresmen müvafiq tələblə Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib. Müraciətdə qanunvericilər Xarkov vilayətində gedən döyüşlər fonunda Bayden administrasiyasının Ukrayna tərəfinin Amerika silahları ilə "rus qoşunlarını dəf etmək" imkanlarını məhdudlaşdırdığına etiraz ediblər. Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin sədri, NATO Parlament Assambleyasında ABŞ Nümayəndə heyətinin rəhbəri Mark Turnerin də imzasının olduğu müraciəti bütövlükdə hər iki partiyadan olan 13 konqresmen imzalayıb. Konqresmenlərin müraciətində deyilir ki, ukraynalılar ABŞ-nin hazırkı administrasiyasının siyasəti ucbatından özlərini müdafiə edə bilmədikləri qeyd olunur. Konqresmenlərin fikrincə, Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin pisləşməsi də Bayden administrasiyasının Ukraynanın Amerika silahlarının köməyi ilə "rus qoşunlarını dəf etmək" imkanlarını məhdudlaşdırmasının nəticəsidir. Konqresmenlər müdafiə nazirini F-16 qırıcılarını idarə edəcək ukraynalı pilotların sayının artırılmasına da çağırıblar. Onların fikrincə, ilin sonunadək hazırlanması planlaşdırılan 12 pilot kifayət etməyəcək. Konqresmenlərin digər tələbi Kiyevə lazım olan sayda "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsidir.
Konqresmenlərin bu müraciətindən bir qədər əvvəl Pentaqon rəhbəri Lloyd Ostin bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın ona verilən silahlardan "Ukrayna daxilində" istifadə edəcəyinə ümid edir. Konqresmenlər isə istəyir ki, Pentaqon və Bayden Administrasiyası Ukraynanın ona verilən Qərb silahlarından Rusiyanın daxilinə də zərbə endirməsinə icazə versin. Söhbət ATACMS, "Storm Shadow" və "Scalp" kimi uzaqmənzilli raketlərdən istifadə etməklə Rusiya ərazindəki hədəflərə zərbə endirilməsindənn gedir.
Fransa prezidenti və ABŞ konqresmenləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq də Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiyadakı hərbi obyektlərə zərbə endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. "Müttəfiqlərin Ukraynaya təhvil verdikləri silahların istifadəsi ilə bağlı qoyduğu bəzi məhdudiyyətləri aradan qaldırmaları barədə düşünməyin vaxtı çatıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cosep Borrell də təxminən eyni fikirdədir. Borell bildirib ki, Ukrayna ordusunun Rusiya ərazisinə zərbələri "mütənasib şəkildə" vurması beynəlxalq hüquq normalarına uyğundur. Bununla belə, Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Kiyevin Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli raketlərdən istifadəsinə icazə verib-verməmək təhcizatçı ölkələr müstəqil şəkildə müəyyənləşdirməlidir. Məlum olduğu kimi, Ukrayna ABŞ istehsalı ATACMS, Böyük Britaniya istehsalı "Storm Shadow" və Fransa istehsalı "Scalp" raketlərinə malikdir. Böyük Britaniya və Fransa "Storm Shadow" və "Scalp" raketlərindən istifadə ilə bağlı Ukraynanın qarşısında heç bir qadağa qoymayıblar. Rəsmi London dəfələrlə bəyan edib ki, "Storm Shadow" raketlərindən harada və necə istifadə etməyi Ukrayna özü müəyyən etmək hüququna malikdir. Digər tərəfdən Böyük Britaniya hökumətinin ayrı-ayrı təmsilçiləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbə endirməsini dəstəkləməkdən çəkinmirlər. Ukraynanın Rusiya ərazisinə "Storm Shadow" raketləri ilə bir neçə dəfə zərbə endirməsi ilə bağlı iddialar da var.
Belə görünür ki, Ukrayna məhz ABŞ-nin ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə vurmasına icazə verilməsinə nail olmaq istəyir. Əlbəttə, ATACMS raketləri "Storm Shadow" və "Scalp"la müqayisədə daha effektli və güclüdür. Lakin belə görünür, Rusiya ərazisinə ATACMS raketləri ilə zərbə endirmək hərbi-texniki məsələ olmaqdan daha çox siyasi məsələdir. Rusiya ərazisinə onların silahı ilə zərbə vurulmasını sanksiyalaşdıran dövlətlər faktiki olaraq Rusiya ərazilərinin toxunulmaz olması ilə bağlı Moskvanın mövqeyi ilə hesablaşmadıqlarını nümayiş etdirirlər. Belə görünür ki, Ukraynanın ATACMS raketləri ilə Rusiya daxilinə zərbə endirməsinə Vaşinqtonin icazə verməsinə çalışanlar bununla ABŞ-nin Rusiya ərazisinin hücuma məruz qala biləcəyini tanıdığını və təqdir etdiyini nümayiş etdirməsinə nail olmağa çalışırlar.
Bu prosesə Fransa prezidentinin də qoşulması göstərir ki, Ukraynanın Rusiya ərazilərinə ABŞ istehsalı uzaq mənzilli raket və mərmilərlə zərbə endirməsinə maraqlı olan çox böyük qüvvələr var. Bu isə o deməkdir ki, Ukrayna tezliklə Rusiya ərazilərinə ABŞ istehsalı raketlərlə zərbə endirmək hüququnu qazanacaq. Bu isə münaqişənin tamamilə yeni mərhələyə keçməsinin başlanğacı ola bilər.