|
|
|
|
Prezident Cozef Baydenin gizli şəkildə Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsinin geosiyasi nəticələr doğuracağının ehtimalı barədə ötən yazılardan birində bəhs etmişdik. Belə görünür ki, proses artıq başlayıb. İstisna deyil ki, gələcəkdə tarixçilər son bir həftədə baş verən hadisələri müharibənin taleyini həll edən zaman kəsiyi kimi qiymətləndirəcəklər.
ABŞ prezidentinin Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə ABŞ silahları ilə zərbə endirməyə gizli şəkildə icazə verməsi xəbəri mətbuata sızdıqdan sonra Ağ ev bu hadisəni açıqlamağa qərar verdi. Vaşinqton Ukraynaya belə bir hüququ verdiyini nümayişkəranə sürətdə açıqladıqdan sonra Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardım üzrə xüsusi qərargahının rəhbəri, general-mayor Kristian Freydinq bildirdi ki, Kiyev Almaniyanın ona verdiyi Patriot hava hücumundan müdafiə sistemləri ilə Rusiya hava məkanında döyüş təyyarələrini vura bilər. Uzun müddət Ukraynanın Rusiya ərazisinə zərbə endirməsinə qətiyyətlə etirazını bildirən Almaniyanın mövqeyindəki bu dəyişikliyi bir neçə gün əvvəl təsəvvür etmək mümkün deyildi. Hətta general-mayor Kristian Freydinqin açıqlamasının rəsmi Berlinin mövqeyi olmadığını irəli sürənlər də vardı. Görünür, buna görə də Almaniyanın müdafiə naziri Boris Pistorius xüsusi açıqlama ilə çıxış edərək ölkəsinin Ukraynaya verdiyi silahlardan Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdiyini təsdiqlədi.
Almaniyanın mövqeyində bu dəyişiklik baş verdikdən sonra Ukraynanın Fransa istehsalı "Scalp" qanadlı raketləri ilə Kursk və Belqorod vilayətlərindəki hərbi hava limanlarına hücum etməsinə Parisin icazə verməsi təəccüblü olmadı. Bununla belə, Niderlandın Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün F-16-dan istifadə etməyə icazə verməsini açıqlaması gözlənilməz oldu. Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ölkəsinin Ukraynaya təhvil verəcəyi 24 ədəd F-16 qırıcıları işğalçı ölkə ərazisinə zərbələr endirmək üçün istifadə oluna bilər. Bu açıqlamanı nazir Kaysa Ollonqren Sinqapurda keçirilən "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumundakı çıxışı zamanı verib.
Ukrayna Niderlandla yanaşı, Danimarkanın da verəcəyi F-16 qırıcılarından Rusiya ərazisindəki hərbi hədəflərə hücum etmək üçün istifadə edə biləcək. Bu barədə Danimarkanın xarici işlər naziri Lars Lykke Rasmussen bildirib.
Nazir deyib ki, həmin obyektlər Rusiyanın daxilində olsalar belə, Rusiya onlardan Ukraynaya hücum etmək üçün istifadə etdiyi üçün qanuni hərbi hədəfdirlər: "Hücuma məruz qalan ölkənin özünü müdafiə etməsi müharibə qaydalarına tamamilə uyğundur". Xarici işlər naziri ilə Danimarkanın Baş naziri Mette Frederiksen də bəyan edib ki, Ukrayna Rusiya ərazisinə zərbə endirmək üçün Danimarkanın verdiyi silahlardan istifadə edə bilər. Baş nazir bildirib ki, bu özləri qorumaq fürsətinin bir hissəsidir: "Çünki indi hamı Rusiyanın davranışının son dərəcə qəddar olduğunu görür".
Bütün bu açıqlamalar və Ukraynanın ilk dəfə olaraq Amerika silahları ilə Rusiya ərazisindəki hərbi obyektə zərbə endirməsi münaqişə bölgəsində qaydaların nə qədər dəyişdiyini göstərir. Ukrayna Silahlı Qüvvələrinin HIMARS reaktiv yaylım atəş sistemindən istifadə edərək Belqorod vilayətində S-300 və S-400 hava hücumundan müdafiə sisteminin ən azı iki buraxılış qurğusunu və bir neçə köməkçi texnikasını məhv edib. Məlumata görə, bu hadisə iyunun 2-də səhər saatlarında Belqorod vilayətinin Koroçanski rayonunda baş verib.
Bütün bu hadisələrə isə Rusiya Xarici İşlər Nazirliyi sərt cavab verəcəkləri haqqında açıqlama ilə münasibət bildirib. Bu sərt cavabın nədən ibarət olacağı isə açıqlamada yer almayıb.
Hərb meydanında qüvvələr nisbətini dəyişən son bir həftənin başqa bir hadisəsi İspaniyanın Ukraynaya 1.13 milyard avro (1.23 milyard dollar) məbləğində ən böyük hərbi yardım paketi ayırmasıdır. Ukrayna bu yardım paketi çərçivəsində İspaniyadan 19 Leopard 2A4 tankı, Patriot raketləri, 155 mm-lik artilleriya mərmiləri, dron əleyhinə sistemlər, minaatanlar, böyük həcmdə müşahidə və kəşfiyyat üçün optik-elektron avadanlıqları əldə edəcək.
İspaniyanın hərbi yardım paketi böyük olsa da, həcminə görə İsveçin sonuncu dəfə ayırdığı yardımla müqayisə də zəif görünür. Belə ki, İsveçin Ukraynaya ayırdığı ən böyük hərbi yardım paketi 1.16 milyard avro məbləğində olmaqla yanaşı, yardım paketinə iki ASC 890 radar təyyarəsi daxildir. Bu iki radar təyyarəsi Ukraynaya uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verəcək. Bu radar təyyarələri eyni zamanda F-16 qırıcılarının daha effektli fəaliyyətini təmin edəcək. İsveç Ukraynaya "Gripen" qırıcı təyyarələri də verməyə hazır olduğunu bildirib. Lakin Qərb müttəffiqləri Ukraynanın hələlik F-16 qırıcıları ilə təmin edilməsinin daha doğru olacağını bildirərək İsveçi tələsməməyə çağırıblar. Buna görə İsveç Ukraynaya "Gripen" qırıcılarını verməyi təxirə salıb. Fransa və Böyük Britaniya da Ukraynaya dördüncü nəsil qırıcı təyyarələr verə bilər. Hələlik bu vəzifə Ukraynanı dördüncü nəsil qırıcı təyyarələrə təmin etmək öhdəliyini öz üzərinə götürmüş "F-16 koalisiyası" həyata keçirir.
"F-16 koalisiyası"na daxil olan 13 ölkədən biri olan Belçika Ukraynaya 30 ədəd qırıcı təyyarə verəcək. Belçika Ukraynaya 977 milyon avro məbləğində hərbi yardım da ayırıb. Buraya müasir zirehli texnika, Ukrayna Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin ehtiyacları üçün texnika, minalardan təmizləmə, artilleriya sursatları daxildir. Bundan başqa, Belçika Ukrayna ilə kəşfiyyat, kibertəhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı da dərinləşdirəcək.
Rusiya 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı "Xüsusi Hərbi Əməliyyat" adı verdiyi genişmiqyaslı hücuma başlayanda qarşısına iki vəzifə qoymuşdu. Onlardan biri Ukraynanın demilitarizasiyası (hərbsizləşdirmə) idi. Rusiya qarşısına qoyduğu bu vəzifəyə nail ola bilmədi, əvəzində isə Ukrayna təsəvvüredilməz dərəcədə hərbləşdi. İndi hərb meydanında qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyə başlayır. Bu prosesin nəticələrinin yaxın aylarda daha aydın şəkildə müşahidə olunacağı ehtimalı çox böyükdür.