|
|
|
|
Beynəlxalq münasibətlərdə və dünya nizamında baş verən ciddi dəyişikliklər son zamanlar özünü daha qabarıq büruzə verməyə başlayıb. Elə vəziyyət yaranıb ki, NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer haker hücumuna görə Rusiya ilə müharibəyə başlamağa hazır olduqlarını bildirir. Sinqapurda keçirilən "Şanqri-La Dialoq" təhlükəsizlik konfransında çıxış edən admiral Rob Bauer bildirib ki, kiberhücum NATO Nizamnaməsinin kollektiv özünümüdafiə haqqında 5-ci maddəsinə istinad etmək üçün səbəb ola bilər. Qeyd edək ki, admiral Rob Bauer bir neçə ay öncə Qərb ölkələrinin vətəndaşlarını Rusiya ilə total müharibəyə hazır olmağa çağırmışdı. İndi isə admiral NATO-nun məşhur 5-ci maddəsinin kiberhücuma görə işə düşəcəyinə eyham vurur.
Admiral Rob Bauerin bu mövqeyi NATO Baş katibi Yens Stoltenberqin ötən həftə gündəm olan bəyanatı ilə üst-üstə düşür. Şimali Atlantika Alyansının Baş katibi ötən həftə bəyan etmişdi ki, əgər kiberhücumlar geniş miqyaslı olacaqsa, o zaman biz 5-ci maddəyə müraciət edib, NATO müttəfiqlərini qorumaq üçün təkcə kiberməkanda deyil, həm də digər sahələrdə cavab verəcəyik.
Son zamanlar Rusiyaya qarşı kiberhücum ittihamı artıb. Belə ki, mayın əvvəlində Avropa İittifaqı və NATO birgə bəyanat yayaraq, Rusiyanı Almaniya və Çexiyaya qarşı kiberhücumlar həyata keçirməkdə ittiham etdi. Bəyanatda qeyd edilirdi ki, bundan öncə Polşa, Baltikyanı ölkələr, Slovakiya və İsveçdəki dövlət strukturları və qurumları Rusiya tərəfindən oxşar kiberhücumlara məruz qalıb.
Avropa İittifaqı və NATO ilə yanaşı, ayrı-ayrı ölkələr də Rusiyanı kiberhücumda ittiham edir. Çexiyanın nəqliyyat naziri Martin Kupka bildirib ki, Praqa Moskvanı kiberhücumlar vasitəsilə Çexiyanın nəqliyyat sistemini zəiflətmək üçün minlərlə cəhddə ittiham edir.
NATO-nun mülkü və hərbi rəhbərliyinin Alyansın Rusiya ilə müharibəyə hazır olduğu haqqında açıqlamalarının ardınca oxşar bəyanat Almaniyadan yayılıb. İyunun 2-də Şərqi Almaniya İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Olaf Şolts NATO-nun lazım gələrsə, özünü müdafiə etməyə hazır olduğunu xatırladıb və əlavə edib ki, Moskva bundan aydın şəkildə xəbərdar olmalıdır. Siyasi müşahidəçilər NATO ilə Rusiya arasında yaranmış indiki vəziyyətin hətta "soyuq müharibə" illərindən daha pis olduğunu qeyd edirlər. "Soyuq müharibə" illərində NATO ilə Sovet İttifaqı arasında ideoloji rəqabət olsa da, dünyanın taleyi üçün ümumi bir məsuliyyət hissi də vardı. Lakin indi belə bir hiss ortadan qalxıb. Bunu əsas səbəbi isə ondan ibarətdir ki, Qərbdə belə qənaət yaranıb ki, Rusiya beynəlxalq münasibətlərdə, xüsusilə də postsovet respublikalarının azad seçim etməsinə qarşı çox qəddar davranır. Qərb liderləri mövqelərini də rusların davranışının son dərəcə qəddar olması ilə izah edirlər. "Soyqu müharibə" illərində belə pis münasibət olmadığını, eyni zamanda İkinci Dünya müharibəsindən sonra ilk dəfə iki milyon hərbi qüvvənin iştirak etdiyi müharibə NATO-nun Rusiya ilə savaşını istisna etmir. Admiral Rob Bauer də Hərbi Komitəsinin rəhbəri olduğu Şimali Atlantika Alyansının Rusiya ilə açıq müharibə hazır olduğunu bəyan etməklə Moskvaya açıq mesajlar verir. Hərbi ekspertlər isə Ukraynaya qalib gələ bilməyən Rusiyanın 32 dövləti birləşdirən NATO ilə neçə saat döyüşə biləcəyini müzakirə edirlər. Moskvanın özündə də NATO ilə müharibə daha çox bədbin fikirlə müşahidə olunur. Bu mövzu oxucularımızı da maraqlandırdığı üçün araşdırmağa çalışacağıq.