|
|
|
|
Rusiya Müdafiə Nazirliyində həbslər davam edir. Bu prosesdə diqqət çəkən bir neçə məqam var. Birincisi, generalların rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsi Müdafiə Nazirliyinə 12 il rəhbərlik etmiş Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasından sonra baş verir. İkincisi, bu həbslər Rusiya ordusunun Ukraynada ciddi uğurlar əldə edə bilmədiyi, əksinə, çox böyük itkilər verdiyi bir zamanda həyata keçirilir. Üçüncüsü, bu həbslər orduda yeni qiyama hazırlığın getməsi haqqında məlumatların yayıldığı bir zamanda həyata keçirilir. Müdafiə Nazirliyinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarinin və 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popovun həbsi göstərir ki, generalların saxlanılması yalnız korrupsiya və rüşvətxorluqla bağlı deyil. General Papov qiyamçı Yevgeni Priqojin ilə yaxın münasibətləri ilə tanınır. Bundan başqa, Popov 58-ci ordunun rəhbərlik etdiyi vaxt “Vaqner” Özəl Hərbi Şirkətinin qiyamına qarşı çıxmayan generallardan biridir. General İvan Papovun qiyamçıların tələblərinə yaxın fikirlər səsləndirdiyi, müdafiə naziri Sergey Şoyqunu kəskin tənqid etdiyi də məlumdur.
Nüfuzlu “Financial Times” nəşri Kremlə yaxın mənbələrə istinad edərək yazır ki, ordunun təmizlənməsi prezident Vladimir Putinin şəxsi göstərişi əsasında həyata keçirilir. “Financial Times”ın bu məlumatı olmadan da generalların Putinin göstərişi olmadan həbs edilməsinin mümkün olmayacağı hər kəsə aydındır. Digər tərəfdən, rüşvətxorluğun sistemin əsas mexanizmlərindən biri olduğu rejimdə yüksək vəzifəli generalların korrupsiya və rüşvət ittihamı ilə həbs edilməsi də inandırıcı deyil. Burada Putinin Stalin kimi hərəkət edərək ali baş komandanın rəhbərlik keyfiyyətinə şübhə edən generalların zərərsizləşdirdiyi aydın görünür. Rusiya tarixindən məlumdur ki, generallar ali baş komandanın rəhbərliyə layiq olub-olmadığını şübhə altına alanda ordu silahı əks istiqamətə çevirə bilər. Birinci Dünya müharibəsi zamanı Rusiya ordusunun Baş Qərargahında generalların əksəriyyəti çar II Nikolayın ali baş komandan kimi qabiliyyətinə şübhə edirdilər və əsgərlərin kütləvi şəkildə cəbhəni özbaşına tərk etmələri də bununla izah edilir. Hərb tarixçiləri hesab edirlər ki, Stalinin İkinci Dünya müharibəsi zamanı döyüşən ordunun rəhbərliyində kütləvi həbslər aparması çar II Nikolayın aqibətinin əsas səbəblərindən birinin generalların zəif dövlət başçısını qorumaq istəməmələri idi. İndi də Putinin Stalin kimi davranaraq ali baş komandanın liderliyini şübhə altına alan generalları zərərsizləşdirdiyi aydın görünür. Digər tərəfdən keçmiş təklükəsizlik zabiti olan Putin Stalin kimi xüsusi xidmət orqanlarına daha çox etibar edir. Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi Ukraynadakı hərbi-siyasi uğursuzluğa görə generalların məhz xüsusi xidmət orqanlarını ittiham etdiyinin də fərqindədir. Bu mənada müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilməsi inandırıcı deyil. Xüsusilə ilə də 58-ci Ordusunun keçmiş komandanı, general-mayor İvan Popovun dələduzluq ittihamı ilə həbs edilməsi inandırıcı deyil. Belə görünür ki, Rusiyanın siyasi rəhbərliyi generalların qiyamçı Yevgeni Priqojinin yolu ilə gedəcəyindən ehtiyat edir və həbslər aparmaqla ehtimal olunan qiyamın qarşısını almağa çalışır. Siyasi müşahidəçilər hesab edir ki, generalların həbsi müəyyən effekt doğursa da, sonradan hakimiyyətin əleyhinə işləyəcək.