2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
525.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 38-ci günü
• Prezident İlham Əliyevlə Rusiya Prezident Vladimir Putin arasında telefon danışığı olub.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd KUB zenit-raket kompleksi, doqquz ədəd müxtəlif tipli topu və iki ədəd sursatla dolu yük maşını sıradan çıxarılıb.
• Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən iki sursat anbarının məhv edilməsinin videogörüntüsünü yayıb.
• Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
• Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib.
• Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu top mərmiləri ANAMA tərəfindən partlayış yolu ilə zərərsizləşdirilib – AZƏRTAC-ın foto və videoreportajı.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.