Bakı Dövlət Universitetində (BDU) "Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili" layihəsi çərçivəsində hazırlanmış üç kitabın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
525.az Azərtac-a istinadən xəbər verir ki, təqdimat mərasimində çıxış edən layihənin ideya müəllifi və rəhbəri rektor Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən söz açıb. Rektor BDU-da həyata keçirilən "Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili" layihəsinin uğurla başa çatdığını bildirib. E.Babayev 44 günlük savaşın bütün tarixinin yerli və xarici mediada əks olunduğunu, Vətən müharibəsinin müfəssəl tarixinin, 44 günün salnaməsinin kütləvi media vasitələrində təhlilinin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri" kitabında bu müsahibələrin informasiya cəbhəsində Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib. "Vətən müharibəsi yerli və xarici mediada" kitabında müvafiq dövrdə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub. "Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları" kitabında ali təhsil ocağının təmsilçilərinin, eləcə də tələbələrin kütləvi informasiya vasitələrində yayımlanmış yazılarının bir hissəsi toplanıb.
Tədbirdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov və digər çıxış edənlər kitabların gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı mənbə rolunu oynayacağına əminliklərini ifadə ediblər.
Qeyd olunub ki, layihənin İşçi qrupu 5 istiqamət üzrə fəaliyyət göstərərək, Azərbaycan Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası; Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları üzrə təhlillər aparıb.
İşçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, jurnalistikanın prinsip və normalarına, eyni zamanda beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad edilib.