2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
525.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 39-cu günü
• Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.
• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.
• Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, bir ədəd taktiki PUA-sı, üç ədəd hərbi yük maşını sıradan çıxarılıb.
• Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.
• İşğalçı ordunun 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin bir ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə vurulub.
• Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 4-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2734 ev, 98 çoxmənzilli yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.