|
|
|
|
Azərbaycan elminin və ədəbiyyatının, eyni zamanda dünya ədəbi və elmi ictimaiyyətinin görkəmli nümayəndəsi olan Xalq yazıçısı, akademik Kamal Abdullanın dekabrın 4-də 71 yaşı tamamlanır.
Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdulla çağdaş elm və ədəbiyyatda müstəsna dərəcədə parlaq imza olmaqla yanaşı, müasir ictimai fikrimizin öncül simalarındandır. Ölkəmizin tarixinin son 40 illik dövrünü həm elmi və ədəbi-mədəni, həm də ictimai fəaliyyət baxımından Kamal Abdullanın yaradıcılığını, onun gördüyü dəyərli işləri, təşəbbüskarı və təşkilatçısı olduğu mühüm tədbirləri nəzərə almadan təsəvvür etmək çətindir. Eləcə də qeyd edilən sahələr üzrə Azərbaycanın dünyaya inteqrasiyasında, müxtəlif ölkələrlə sıx əlaqələr qurulması və münasibətlərin inkişaf etdirilməsi yönündə Xalq yazıçısı, akademik Kamal Abdullanın misilsiz xidmətləri var. Elə buna görədir ki, Kamal Abdullanın fəaliyyəti həm Azərbaycan dövləti tərəfindən bir sıra ali mükafatlarla, o cümlədən, "Şöhrət" və "Şərəf" ordenlərilə, həmçinin, dünyada elm və ədəbiyyat üzrə təsis edilmiş neçə-neçə yüksək ödüllə qiymətləndirilib.
Kamal Abdullanın romanları və digər janrlarda qələmə aldığı, müasir dünyanın nəbzini tutan başqa əsərləri şəffaf düşüncə, möhkəm iradə, təmiz şüur və yaddaşın məhsulu olduğu üçün Azərbaycanın hüdudlarını böyük sürətlə aşaraq, ədəbiyyat, kitab qədri bilən, dəyəri qiymətləndirən xarici oxuculara öz dillərində təqdim edilib. Bütün bunlar isə, heç şübhəsiz, təkcə müəllifin özünə yox, bütövlükdə Azərbaycan üçün, xalqımız, ədəbiyyatımız, elmimiz və mədəniyyətimiz üçün fərəhli hadisələrdir.
Görkəmli ədib və alim, qəzetimizin böyük dostu və sevimli müəllifi olan Xalq yazıçısı, akademik Kamal Abdullanı növbəti doğum günü - 71 yaşı münasibətilə, "525"in kollektivi olaraq, ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayırıq!