|
|
|
|

İri aqrar rayonlarımızdan olan Göygöldə təsərrüfatların məhsuldarlığının yüksəldilməsi məqsədilə istehsalçıların zəruri gübrə vasitələri ilə təminatına xüsusi fikir verilir. Fermerlərə payızlıq əkin üçün mineral gübrələrin satılmasına noyabrın əvvəlindən başlanılıb. Onların işinin asanlaşdırılması məqsədilə rayonun kəndlərində də gübrə satışı məntəqələri açılıb.
Aqroservis ASC-nin Göygöl bölməsinin anbarlarına Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə payız əkin işləri üçün zəruri olan ammonium nitrat, ammofos, nitro ammofos və digər gübrələr gətirilib. Müraciət edən aqrar istehsalçılar həm kartla, həm də nağd üsulla ödəmə etməklə lazımi miqdarda gübrə əldə edə bilirlər.
"Əvvəlki illərdə xeyli sənəd toplayırdıq, gübrə almaq üçün müəyyən vaxt gedirdi. İndi asanlıqla gübrəni əldə edib, sahələrimizə səpirik. Gübrə satışında Aqroservisdə, onun məntəqələrində heç bir çətinlik yoxdur. Hansı gün müraciət etsək, nəğd satış da var, kartımızlada da ala bilirik", - deyə yerli fermer Vüqar Abbasov qeyd edir.
"Göygöl rayonunun Quşqara kəndində yaşıyıram. Özümüm pay torpağım var. İstənilən vaxt buradakı məntəqəyə, problemsiz, bir kimlik ilə yaxınlaşıram, gübrə alıram", - deyə daha bir yerli təsərrüfatçı Taleh Mustafayev razılığını bildirir.
Əkin dövründə sahələrə verilən mineral gübrə yetişən bitkilərin davamlılığını artırır, onlara xəstəlik və ziyanvericilərin təsirinin qarşısını alır, beləliklə, məhsuldarlığı daha da yüksəldir. Yerli mütəxəssislərin fikrincə, məhz elə bu amil səbəbilə bu il Göygöldə məhsul göstəricisi ötən illə müqayisədə 10 faiz çox olub.
"Bu il quraqlıq olmasına baxmayaraq, fermerlərə lazımi qədər yazlıq gübrə də vermişdik. Ona görə də məhsuldarlıq bol oldu. Hazırda payızlıq əkin üçün gübrə təminatı davam edir. Yazlıq əkin mövsümü üçün isə indidən anbarlarımızda 135 tona yaxın azot, kaliumum və digər gübrələrimiz var", - deyə Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsinin rəhbəri Altay Ələkbərov bildirir.
Hazırkı əkin üçün fermerlər onlara daha çox lazım olan ammofos gübrəsinin 50 kiloqramlıq torbasına 52 manat 50 qəpik, həmin miqdarda nitro ammofos üçün isə 39 manat pul ödəyirlər. Mərkəzi anbardan əlavə, Göygölün 10 kəndində gübrə satış məntəqələri yaradılıb.
Zakir MURADOV,
Göygöl



