"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" - Ümummilli lider Heydər Əliyevin bu kəlamı hər zaman öz dəyərini qoruyub saxlamaqdadır. Təkrar kimi çıxsa da, bəli, həqiqət budur ki, millətin gələcəyi onun gəncliyindən asılıdır. Gəncliyin inkişafı üçün isə hər kəs öz imkanı çərçivəsində əlbir şəkildə çalışmalıdır. Bu yaxınlarda iştirak etdiyim "Dəmir Yumruq" layihəsi məni çox fərəhləndirdi. Sevindim ki, Poladların, Mübarizlərin, Məzahirlərin, Albertlərin, Əliyarların, Maislərin, Hikmətlərin davamçıları olan Azərbaycan gəncliyinin hərb sənətinə bu cür böyük marağı var. Sabunçu Gənclər Evi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi bu layihədə onlarla iştirakçı var idi. Onların arasında gələcəyin mühəndisi, həkimi, iqtisadçısı, hüquqşünası və başqa istiqamətlər üzrə təhsil alanlar, eləcə də əmək fəaliyyəti ilə məşğul olanlar görünürdü. İxtisasımızın fərqindən asılı olmayaraq, amalımız bir idi. Bizə görə, hərbi forma geyinildiyi zaman artıq hər kəs sırada əsgərdir, hər kəs bu dövlətin müstəqilliynin keşiyindədir.
Layihə çərçivəsində iştirakçılara əsl hərbçilər kimi təlimlər keçirildi. Bu təlimləri keçənlər isə hər biri ayrı-ayrılıqda öz sahəsinin peşəkarı idi. Təlimçilər iştirakçılara silaha necə qulluq edilməli olduğunu, özümüzü necə müdafiə etməyi öyrətdilər. Layihə boyu sıra hazırlığı, yaralının təxliyəsi və hərbi həyata xas zəruri təlimlər keçirildi. Təlimlərə ehtiyatda olan hərbi vəzifəli, keçmiş xüsusi təyinatlı Ceyhun Pəncəliyev gənclərin hazırlığı üçün bütün imkanlarını səfərbər etmişdi. O, bütün iştirakçıları, mümkün qədər ən yüksək səviyyədə hərbi şəraitə hazırlamağa çalışırdı.
Təlimlər zamanı biz N saylı hərbi hissənin qonağı olduq. Hərbi hissədə müxtəlif iri və xırda çaplı silahların göstəriciləri ilə tanış olduq, sökülüb-yığılmasını icra etdik. Tibb xidməti zabitləri və gizirləri müharibə şəraitində yaralılara ilkin tibbi yardım göstərməyin və təxliyə etməyin yollarını praktiki şəkildə izah etdilər. Əsgərlərimizlə birlikdə nahar yaddaqalan oldu. Əsgər süfrəsinin zənginliyi və verilən yeməklərin keyfiyyəti də mütləq qeyd olunmalıdır. Hərbi hissədə hər addımda dövlətimizin əsgərlərə qayğısının şahidi olduq. Növbəti təlimlərdə vətən müharibəsi iştirakçısı, "Dəniz Pişikləri" mənsubunun müharibə xatirələri şərəf tariximiz ilə bir az da yaxından tanış olmağımıza imkan verdi. Bundan başqa biz Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində də keçdiyimiz təlimlərdə özünümüdafiənin ilkin anlayışları ilə tanış olduq. Layihənin iştirakçıları və rəhbər heyəti yalnız təlimlərdə deyil, həmçinin, tədbirlərdə, əlamətdar günlərdə də həmrəy olmağı bacardı. Layihə bir-birimizi daha yaxından tanıyıb, bir-birimizə daha çox güvənməymizə şərait yaratdı.
Təlimin sonunda isə iştirakçılara sertifikatlar verildi, təntənəli şəkildı təltiflər təqdim olundu. İllərlə müharibə vəziyyətində olan millət kimi gənclərimizə hərb sənətini sevdirən bu cür layihələr təşkil olunmalı, təşkilatçılara isə xüsusi diqqət və dəstək göstərilməlidir. İnanırıq ki, Sabunçu Gənclər Evinin bu layihəsini davam və inkişaf etdirmək istəyənlər çox olacaq.
Toğrul İSMAYILLI