|
|
|
|

Martın 24-də Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışı baş tutub.
525.az-ın məlumatına görə, tədbirdə bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan iri investisiya, maliyyə-iqtisadi təşkilatlar və şirkətlərin, rəsmi strukturların rəhbər və nümayəndələri iştirak edirlər.
Martın 26-dək davam edəcək forumda Özbəkistanda nəqliyyat infrastrukturunun, biznesin, “yaşıl” enerjinin, maliyyə bazarının inkişafı üçün yaradılan şərait, eləcə də turizm, tekstil istehsalı, tikinti materialları, kənd təsərrüfatına investisiyaların cəlb olunması üçün güzəşt və imtiyazlar müzakirə olunacaq. Bundan əlavə, forum çərçivəsində ticarət və investisiya sazişlərinin imzalanması mərasimləri keçiriləcək.
Forum zamanı “Mərkəzi Asiyada ticarət axınlarının transformasiyası və onların kapitallaşması”, “İslahatlar keçirilərkən makroiqtisadi sabitliyin dəstəklənməsi” mövzusunda dəyirmi masalar və “Nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması”, “Mərkəzi Asiyanın investisiya potensialı”, “Turizm sektoruna investisiya cəlb olunması perspektivləri”, “Ticarətin liberallaşması və iqtisadi inteqrasiya”, “Gələcək nəsillər üçün “yaşıl” enerji”, “Nəqliyyat-logistika infrastrukturunun inkişafında yeni mərhələ”, “Səhiyyə və əczaçılıq sahəsinin inkişaf perspektivləri mövzusunda panel müzakirələri keçiriləcək”.
Forum çərçivəsində, həmçinin Özbəkistan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının iclası və Özbəkistan-Çin investisiya forumu təşkil olunub.






