|
|
|
|

Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif desfisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 8-22 % yuxarı qalxmasına səbəb ola bilər.
525.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.
FAO kənd təsərrüfatı xammalı və ərzaq məhsullarının iri istehsalçıları və ixracatçıları olan Rusiya ilə Ukrayna arasındakı müharibənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır.
“FAO-nun iki ölkə tərəfindən taxıl və günəbaxan toxumlarının ixracının ani və kəskin azalmasının potensial təsirini qiymətləndirən hesablamaları göstərir ki, bu çatışmazlıqlar 2022/2023 kənd təsərrüfatı mövsümündə alternativ mənbələr hesabına qismən kompensasiya edilə bilər. Bir çox ixracatçı ölkələrin istehsalı və tədarükü artırmaq imkanı yüksək istehsal və giriş xərcləri ilə məhdudlaşdırıla bilər”, - təşkilatın bəyanatında deyilir.
FAO-nun məlumatına görə, 2016/2017-dən 2020/2021 kənd təsərrüfatı mövsümünə qədər olan dövrdə arpa istehsalının 19 %-i, buğdanın 14 %-i, qarğıdalının isə 4 %-i Rusiya və Ukraynanın payına düşüb. Yağlı bitkilər kompleksində günəbaxan yağı istehsalının yarıdan çoxu onların payına düşür. FAO-nun məlumatına görə, bu yağın qlobal ixrac bazarında hər iki ölkənin payı 63 %-ə yaxındır.



