|
|
|
|

Mayın 31-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a bildirilib ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında" məsələ daxil edildiyini diqqətə çatdırıb. Komitə sədrinin sözlərinə görə, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyət müddəti başa çatmış üzvlərinin yerinə iki yeni namizədin - Rəşad Temraz oğlu Orucovun və Əliyar Qəhrəman oğlu Məmmədyarovun təqdimatları daxil olub. Tahir Mirkişili Mərkəzi Bankın İdarə Heyətinin təşkili prinsiplərindən və onun üzvlərinə qanunvericilikdə qoyulan tələblərdən danışıb, təqdim olunan namizədlərin bu tələblərə cavab verdiyini bildirib.
O, Rəşad Orucovun və Əliyar Məmmədyarovun iş təcrübələri barədə məlumat verib. Qeyd edib ki, bank sektorunda 24 illik iş təcrübəsinin 22 ili Mərkəzi Bankla bağlı olan Rəşad Orucov 11 ilə yaxındır Mərkəzi Bankın baş direktorudur. Əliyar Məmmədyarov isə Mərkəzi Bankda 21 ilə yaxın iş təcrübəsinə malikdir və onun da son 6 ilini Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində çalışıb. Onların iş təcrübəsi, peşə keyfiyyətləri və makro-iqtisadi baxışlarını xarakterizə edən komitə sədri hər ikisini layiqli namizəd kimi dəyərləndirib.
Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev hər iki namizədin peşəkarlıqlarını, bank sisteminin təkmilləşdirilməsinə verdikləri töhfələri qeyd ediblər və onların Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər.
Sonra Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədlər Rəşad Orucov və Əliyar Məmmədyarov Azərbaycan Prezidentinə onlara göstərdiyi etimada görə minnətdarlıqlarını ifadə ediblər. Onlar komitə üzvlərinə onların namizədliklərini dəstəklədiklərinə görə təşəkkürlərini bildiriblər, bank sektorunun aktual məsələləri ilə bağlı Milli Məclislə əməkdaşlığa hazır olduqlarını söyləyiblər.
Müzakirələrin sonunda komitə üzvləri Rəşad Temraz oğlu Orucovun və Əliyar Qəhrəman oğlu Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunmalarına müsbət rəy veriblər. İclasda deputatlar Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.



