|
|
|
|

Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin təzahürü kimi, ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası daim diqqətdə saxlanılır. İxracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması amili də nəzərə alınaraq, bölgələrdə bu sahənin dirçəldilməsi təmin edilir.
Qazaxda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu rayonda artıq yeddinci ildir ki, ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kiloqram yaş baramanın istehsal ediləcəyi nəzərdə tutulub. Rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Orta Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər və Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 70 qutu ipəkqurdu toxumu paylanılıb və bu iş artıq öz bəhrəsini verir.
Tədarükün ilk günündə Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan məntəqədə kümçülər tərəfindən 1172 kiloqram barama məhsulu "Azəripək" MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.
Tovuz rayonu üzrə isə 61 nəfər kümçi-təsərrüfatçıya ümumilikdə 153 qutu tut ipəkqurdu verilib və onlardan 5800 kiloqramdan çox yaş barama tədarük ediləcəyi gözlənilir.
Baramaçılığın perspektivlərini nəzərə alaraq, bu sahədə istehsalın xüsusiyyətləri üzrə tədqiqiat aparan elmi müəssisələrdə də yeni tədbirlər aparılır. Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda da baramaçılıq istiqaməti üzrə təcrübələrə başlanılıb. Bu institutun tarixində ilk dəfə praktik olaraq baramanın yetişdirilməsinə başlanılıb, həmçinin, tut ipəkqurdları üzərində elmi təcrübələr üzrə yeni labaratoriyanın yaradılması da gündəmdədir.
İnstitutun adından da göründüyü kimi, onun əsas profili bitki mühafizəsi və pambıq, çuğundur, günəbaxan kimi texniki bitkilər üzərində elmi tədqiqat məsələlıərini əhatə edir. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bu institutun bazasında ipəkçi alimlər tərəfindən tut ipəkqurdların bəslənməsinə başlanılıb.
"Biz qısa müddət ərzində yüksək keyfiyyətli barama məhsulu alınmasına nail oluruq. Bu işlərin başlanması ilə itər ipəkçilik üzrə mütəxəssislərin işlərinin bərpası, istər də institutun maddi-texniki bazasının möhkəmlənməsi məsələləri baxımından əhəmiyyətlidir", - deyə İnstitutun direktoru Elçin Xəlilov bildirib.
"Bu mərhələdə, hesablamalarımıza görə, 15-200 kiloqram barama məhsulu çıxacağı gözlənilir. Artıq baramanın sarıma mərhələsi yekunlaşır, sonra qurudulma və təmizlənmə işləri aparılacaq və hazır material damazlıq stansiyasına təhvil veriləcək", - deyə entomoloq mütəxəssis Gülcamal Ələsgərova izah edib.
Göstərilən tədqiqat və istehsal üçün institutda 3 xüsusi otaq ayrılıb, həmçinin, tut ipəkqurdlarının bəslənməsi üçün yem bazası da yaradılır. Mütəxəssislər yeni barama sortları yaradılması üzərində tədqiqatlara da başlayacaqlar.
Zakir Muradov,
Qazax - Gəncə



