|
|
|
|

AMEA Gəncə bölməsində akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildlik kitabının təqdimatı olub. Müəllif ilə keçirilən görüşə elmi ictimaiyyətin nümayəndələri qatılıblar.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş sözü ilə çıxış edərək, ölkəmizin tanınmış ziyalısını salamlayıb, onun beşcildliyini Azərbaycan iqtisad elminə böyük töhfə kimi dəyərləndirib. O, həmçinin, kitabın bir ensiklopedik bilgilər mənbəyi kimi, iqtisadçı alimlər və gənc tədqiqatçılar üçün olduqca faydalı olduğuna diqqət çəkib.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov "Azərbaycan iqtisadiyyatı 100 ildə" kitablar toplusunu ölkəmizin müasir iqtisadi həyatında öz izi olan akademik Ziyad Səmədzadənin bu yöndə yarım əsrlik fəaliyyət və fndamental araşdırmalarının məhsulu kimi dəyərləndirib.
Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhərrəm Hüseynov çıxışında Ziyad Səmədzadənin səmərəli elmi və ictimai fəaliyyəti haqda söhbət açıb. O qeyd edib ki, bu görkəmli iqtisadçı alim 500-dən çox əsərin müəllifidir; onun dünya ölkələrinin, o cümlədən, Çinin iqtisadi inkişaf yolu, neft iqtisadiyyatının xüsusiyyətləri və digər mövzularda analitik əsərləri var.
Azərbaycan Texnologiya Universitetinin marketinq kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nüşabə Hacıyeva, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Gəncə Dövlət Universiteti Menecment və turizm işi kafedrasının professor əvəzi, iqtisad elmləri doktoru Arzu Həsənov, Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Allahverdiyev öz çıxışlarında akademik Ziyad Səmədzadənin müasir Azərbaycan iqtisadiyyatının konseptual məsələlərinin yaradıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini də dövlətçiliyimizin iqtisadi əsaslarının möhkəmlənməsi işinə xidmət kimi dəyərləndiriblər.
Kitabın müəllifi, akademik Ziyad Səmədzadə çıxışında billdirib ki, beşcildliyin ərsəyə gəlməsinə əsas səbəb Ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndirdiyi fikirlər, təklif və tövsiyələr olub. Kitabın ana xəttinin üç fundamental prinsipə - milli maraqlar, iqtisadi təhlil və cəmiyyətin inkişafına söykəndiyini bildirən akademik Z.Səmədzadə "Bu materiallar Azərbaycanın gələcəyi üçündür", - deyə vurğulayıb.
Zakir MURADOV,
Gəncə



