Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində kreativ iqtisadiyyat mövzusunda onlayn görüş keçirib.
Səfirlikdən “525”ə verilən məlumata görə, missiya rəhbərinin müavini Abdalla AlShamsi qonaqları salamlayaraq qeyd edib ki, müasir dünya dinamik inkişaf edir: “Biz innovasiyaların, yeni biliklərin və yeni təcrübələrin şahidi oluruq. Bu baxımdan, kreativ iqtisadiyyat getdikcə daha çox iqtisadi artımın əsas aparıcı qüvvəsinə çevrilir”.
O deyib ki, kreativ iqtisadiyyat sənayeləri incəsənət, dizayn, moda, kino, musiqi, ifaçılıq sənəti, nəşriyyat, media, televiziya və radio, tədqiqat və inkişaf, proqram təminatı, kompüter oyunları kimi sahələri əhatə edir.
“BƏƏ niyə kreativ iqtisadiyyatı dəstəkləyir? Çünki bunun sayəsində biz iş yerləri yarada, gənclərin və qadınların hüquqlarını genişləndirə, investisiya cəlb edə, biznesin asanlığını təşviq edə, beynəlxalq əməkdaşlığı dəstəkləyə və yaradıcı turizmi inkişaf etdirə bilərik”, – Abdalla AlShamsi vurğulayıb.
O, əlavə edib ki, BƏƏ uğurlu kreativ iqtisadiyyata malikdir: hökumət siyasəti, proqramlar, maliyyələşdirmə, siyasi və iqtisadi sabitlik, tolerant cəmiyyət, beynəlxalq səviyyəli infrastruktur, azad ticarət zonaları, təhsil və coğrafi mövqe”.
Sürətlə inkişaf edən təmiz texnologiya klasteri, biznes azad zonası olan Masdar City haqqında danışaraq, diplomat Masdar şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığı vurğulayıb: “Biz Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi olaraq inanırıq ki, Azərbaycan tərəfi ilə birlikdə kreativ iqtisadiyyatın perspektivlərindən istifadə edərək, ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək və inkişaf etdirəcəyik”.
Görüşdə qonaqlar çıxış edərək, Azərbaycanda kreativ iqtisadiyyat və nailiyyətlər, həmçinin bu sahədə BƏƏ ilə əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin rəisi Mehman Hüseynov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi katibliyinin rəhbəri Elmar İsayev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinin Biznesin inkişafı və investisiyaların təşviqi şöbəsinin müdiri Sədi Eminov mövzu ilə bağlı çıxış ediblər.
PƏRVANƏ