
Dahi Nizami özünün "İsgəndərnamə"sində qılıncla ucalan fateh ilə sadəlik yoluyla müdrikliyə çatan qadın hökmdarı görüşdürür.
İsgəndəri ibrətamiz misalları ilə fəth edən bu qadının adı Nüşabədir. Bəşəriyyətin ən güclü poetik-fəlsəfi yaradıcılıq təcəssümü olan Nizami Gəncəvi "dirilik suyu", "həyat cövhəri" mənası verən "nüşabə" ifadəsini taxt-tacı Azərbaycanın köksündə bərqərar olan nəcib qadın obrazının adı üçün heç də əbəs yerə seçməyib. Nizaminin müdrikliyə və ədalətə işarə olan, "dirilik suyu" kimi, insani keyfiyyətləri qoruya bilən "Nüşabə"sinə olan sevgi də yüzillər boyu azərbaycanlıların qəlbində özünə əbədi taxt-tac qurub. Əsrlər ötür, nəsillər dəyişir, amma Nüşabə xalqımızın ən sevilən qadın adlarından, özü də həm ənənəvi, həm də müasir səslənən, həm gənc, həm yaşlıya yaraşan isim kimi yaşamaqda davam edir.
Gəncənin də əməlləri öz adının yuxarıda sadaladığımız yüksək məqamları ilə neçə onilliklərdir ki, səsləşən öz Nüşabəsi var. O, 1968-ci ildən, ilk yazısı çap üzü gödükdən bu yana, 20-ci əsrin axırının 32, 21-ci əsrin əvvəlinin isə hələlik 22 ilini, yəni üst-üstə yarım əsrdən çox bir dövrü haqq və ədaləti tərənnüm və müdafiə edən fəal yaradıcılıq və ictimai fəaliyyət içrə keçirib.
Yazıçı-dramaturq, publisist, ictimai xadim, əməkdar jurnalist Nüşabə Əsəd Məmmədlinin yaradıcılıq gecəsi Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdrarəsinin dəstəyi və "Cavad xan" Tarix-Mədəniyyət Fondunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasının böyük salonunda keçirilib.
Yaradıcılıq gecəsinin ab-havasını da bu ziyalı xanımın millətsevərliyi, vətəndaş mövqeyi, insanları yüksək amallara, qəhrəmanlığa səsləyən yaradıcılığı, həmçinin, onun bir mahir yazıçı kimi əsərlərində klassik və müasir ədəbi priyomları ustalıqla istifadə edə bilməsi haqda söylənilənlər müəyyən edirdi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk də iştirak edib və təbrik nitqi söyləyiblər. Niyazi Bayramov Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə Nüşabə Məmmədliyə "Təşəkkürnamə" təqdim edib.
Onlarla insan - həmkarlar, sənət adamları, ziyalılar, sadə gəncəlilər yaradıcılıq gecəsinin səbəbkarı haqda ürək sözlərini çatdırıblar. Çıxış edənlərin sayı olduqca çox olduğundan görüş dörd saata yaxın müddət ərzində davam edib.
Çıxışlarda Nüşabə xanımın bioqrafiyasının zəngin faktları haqda da geniş söhbət açılıb.
Nüşabə Əsəd qızı Məmmədova 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Elə həmin ildən Gəncənin rusca çıxan "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin baş redaktoru olub. O, Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistləri təşkilatının üzvüdür. Nüşabə Əsəd Məmmədlinin əsərləri rus, ingilis, polyak, türk, gürcü, fars dillərinə tərcümə edilib, onun kitabları İngiltərə, Rusiya, Ukrayna, ABŞ, Polşa və Gurcüstanda çap olunub.

Nüşabə xanim sovet dövründə, 1987-ci il fevralın 13-də Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənin adının qaytarılması məsələsini qaldirıb və buna gorə müxtəlif səviyyələrdə təqiblərə məruz qalıb.
Nüşabə xanım 1992-ci ildə "Tomris" Analar Cəmiyyətini yaradıb və bu təşkilat qaçqın və məcburi köçkün həyatı yaşayan bir çox ailələrə mənəvi və maddi yardım göstərib.
Qızıl Qələm və Zərdabi mükafatları laureatı Nüşabə xanım həmçinin bir neçə səhnə əsəri və kinossenarilərin də müəlliffdir.
O, Azərbaycanın mərd oğlu, əyilməz Cavad xan haqqında yazılmıs ilk bədii əsərin - eyni adlı pyesin müəllifidir. Gəncə Dövlət Dram Teatrında oynanılmış bu əsər Milli Televiziyanın Qızıl Fonduna daxil olunub.
Bu xüsusda, "Cavad xan"ın 32 il əvvəlki premyerasında yaşanan qürurlu anları yada salmamaq olmur. Taleyin hökmünə bax ki, azadlıq yolunda canından keçmiş Cavad xanın əhvalatı 1990-cı ilin qanlı 20 Yanvarından sonra işğalçılar tərəfindən tətbiq olunmuş fövqəladə vəziyyət dövründə göstərilirdi.
Həmin işğalın təzəcə yaşandığı dövrlərdə, 1990-cı ilin aprelin 29-da (! - ilk tamaşaya gəlmiş alim və ictimai xadim Rafael Hüseynov tamaşadan sonrakı çıxışında həmin günü, daha doğrusu, aprelin 28-ni nəzərdə tutaraq "azadsızlığımızın 70-ci ilində..." ifadəsi işlətmişdi) Gəncə Dövlət Dram Teatrında, hələ 80-ci illərdən Gəncənin adının bərpası və qəhrəmanlarımızın tariximizdəki yerinin müəyyənləşdirilməsi üçün sözün həqiqi mənasında mübarizə aparan dəyərli yazıçı-jurnalist Nüşabə xanımın "Cavad xan" pyesinin ilk tamaşası göstərilirdi. Salonu ağzınacan doldurmuş tamaşaçılar səhnədə cərəyan edən hadisələrlə müasir dövrdə yaşanan proseslər arasında bir eyniyyət görərək (işğal həmişə işğaldır) vətənpərvər şüarlar qışqırmaqdan, Cavad xanın cəsarətini şövqlə alqışlamaqdan çəkinmirdilər.
Amma taleyin daha bir hökmü vardı! Bir neçə ay əvvəl, Nüşabə Məmmədlinin "Cavad xan" pyesi 32 ildən sonra, 2022-ci ilin yanvarın 15-də, Cavad xanın anım günündə, səhnəyə qayıtdı. Yeni quruluşda, artıq cəmiyyətimizin qələbə ovqatının da hopduğu tərzdə təqdim olunan tamaşa alqışlarla qarşılandı. "Cavad xan"ın yeni quruluşlu premyerası zamanı istər müəllif, istər də qonaqlar tərəfindən söylənilən fikirlər də Vətən, qəhrəmanlıq, işıqlı gələcəyə inam mövzusunda oldu. Tamaşa paytaxtda da Akademik Milli Dram Teatrının səhnəsində də nümayiş olundu.
Doğrudan da Nüşabə xanımın şah əsəri olan həmin "Cavad xan"ın 32 ildən sonra "qeybdən qayıtması"nda bir hikmət görünməkdədir. 1990-cı ilin 20 Yanvarında əliyalın dinc xalqın qətl edilməsi ilə üstümüzdə dolanmağa başlayan şər qüvvələrin məkrli planları 2020-ci ilin 8 noyabrında darmadağın edildi. Cavad xanın ruhu da bizim görüşümüzə bir başqa ovqatla qayıtdı.
Sonda təbrikli, təsirli, sözlü, musiqili, gül-çiçəkli yaradıcılıq gecəsinə dönərək bildirək ki, tədbir zamanı "Cavad xan" Tarix-Mədəniyyət Fondu tərəfindən Nüşabə Məmmədliyə "Cavad Xan" medalı da təqdim edilib.
Zakir Muradov,
Gəncə



