|
|
|
|

Respublikamızın ikinci şəhərinin ekoloji durumuna əhəmiyyətli dərəcədə müsbət təsir edəcək "Gəncə - Yaşıl şəhər" layihəsinin təqdimat mərasimi keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə reallaşdırılacaq uzunmüddətli layihə üçün əsas fəaliyyət istiqamətləri üzrə proqram hazırlanır. Gəncədəki görüşdə də AYİB-in ekspertləri tərəfindən məhz bu haqda ətraflı məlumat verilib.
Qeyd edilib ki, 300 min nəfərdən çox əhalisi olan Gəncə Azərbaycandan bu layihədə iştirak edən ilk şəhərdir. Avropada isə Yaşıl şəhərlər şəbəkəsinə 56 şəhər qoşulub.
Ekoloji problemləri və iqlim dəyişikliyi risklərini minimallaşdırmaq məqsədi daşıyan layihənin ilkin mərhələsində Gəncədə iki istiqamət üzrə proqram təsdiqlənib. Bunlardan biri bərk məişət tullantılarının idarə edilməsidir. Bu yöndə, Gəncədə tullantıların utilizasiyasını həyata keçirmək üçün poliqonun inşası nəzərdə tutulur.
Digər istiqamət isə küçə işıqlandırması məsələləri ilə bağlıdır. Bu proqram çərçivəsində ölkənin ikinci böyük şəhərində 900-dən çox küçənin işıqlandırma sistemi müasir səviyyədə yenidən qurulacaq və bu zaman alternativ enerjidən istifadəyə üstünlük veriləcək. Artıq hər iki layihə üzrə büdcə də təsdiqlənib.
"İlkin mərhələdə iki layihənin büdcəsi təsdiqlənib. Avropa İttifaqının qrantı şəklində bərk məişət tullantılarının idarə olunması layihəsi üçün 10, küçə işıqlandırılması üçün isə 2,5 milyon avro ayrılıb. Ümumi olaraq 25 milyon avro civarında məbləği əhatə edən layihələr artıq təsdiqlənib. Fəaliyyət proqramında digər prioritetlər müəyyən edildikdən sonra bir çox başqa layihələr də həyata keçiriləcək" - deyə, AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmodova bildirib.
"Yaşıl şəhər" layihəsi çərçivəsində 12 ay ərzində şəhərin bütün infrastruktur prioritetləri öyrənildikdən sonra uzunmüddətli proqramın tərtib edilməsi nəzərdə tutulur.
Zakir MURADOV,
Gəncə



