|
|
|
|

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməlində vətəndaşların rifahının təmin edilməsi dayanır. Hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait artır. Ölkənin gəlirləri artdıqca bu, sosail sahədə yeni layihələrin həyata keçirilməsinə, əmək haqlarının, müavinətlərin, pensiya və təqaüdlərin artımına istiqamətlənir. Azərbaycan hökumətinin sosial siyasətinin məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması onların mənzilə olan tələbatının təmin olunması məsələsini daha da aktual etdi. Xüsusilə az və orta təminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilib.
Bu sahədə həyata keçirilən islahatların davamı olaraq dövlət başçısının 11 aprel 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, insanların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı.
Prezidentin “dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında24.11.2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi yaradıldı. Qurumun nizamnaməsinə əsasən Agentliyin əsas məqsədi Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.
İndiyədək həm paytaxtda, həmçinin bir sıra regionlarda mənzil tikintisi və satışı həyata keçirilib. Nəticədə çoxsayda insanın mənzil problemi həllini tapıb. Bu il martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənziln seçim prosesini təşkil edib. Lakin mənzillərin qısa müddətə, hətta bir neçə saniyə ərzində seçilməsi bir sıra suallar yaratdı. İstənilən prosesdə narazı qalanların olması təbiidir. Amma həmin narazılıqların, şübhə yaradan məqamların ciddi şəkildə arşdırılması həm şəffaflığı təmin edir, eyni zamanda prosesi həyata keçirən qurumun nüfuzuna müsbət təsir göstərir. Bu məqamlar nəzərə alınaraq həmin mənzillərin seçimi ilə bağlı nəticələr ləğv edildi.
Onu qeyd edək ki, MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşlar “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə əldə edirlər. Bu kateqoriya şəhid ailısinin üzvü, Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanı, onların ailə üzvləri, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs və digərləri daxildir. Onu da vurğulayaq ki, bir şəxs yanlız bir dəfə MİDA-dan ev əldə edə bilər. 30.03.2022 tarixində satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olub. Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib ki, mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb: “Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib”.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı birgə məlumatda isə vurğulanıb ki, “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib: “Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.
“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.
Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.
Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək".
Nəticələrin ləğvi, aparılan araşdırma bu prosesin şəffaf şəkildə həyata keçirildiyinin sübutudur. Eyni zamanda bu, vətəndaşın sosial evlərlə bağlı təşkil edilən seçim prosesinin obyektivliynə və şəffaflığına inamını artırmış olur.
Pərvanə



