|
|
|
|

İnsan uşaqlıqda hansı təamı, yaxud meyvə-giləmeyvəni sevdisə, bütün ömrü boyu həmən sevgiyə sadiq olur. Çünki yaddaşın informativ xüsusiyyəti elədir ki, kiçik yaşlarından xoşladığın bir şeyin dadı və ya iyi qocaldıqda da könlünü oxşayıb, səni uşaqlığının xatirələrinə qaytara, sənə sanki o qayğısız anlarını bir daha yaşada bilir!
İndinin uşaqlarını deyəmmərəm, amma deyək ki, yarım əsr bundan qabağın kiçik sakinlərinin ən sevimli məşğuliyyətlərindən biri, heç şübhəsiz, çiyələk "dənləmək" olub. Bağ-bağatda bitən bir yana, hətta mürəbbə üçün alınanda belə, bu ləzzətli və xoş ətirli giləmeyvə doğrudan da bir göz qırpımında uşaqlar tərəfindən "dənlənib" yarıya düşürdü. Özü də bu proses çiyələyi saplağından incəliklə tutub, özün-özünü sanki quş kimi yemləmək şəklində baş verdiyindən, doğrudan da həmişə zövqlü bir iş olub.
Nə isə... Bu sentimental mülahizələrdən sonra çiyələyin bugünkü ərzi-halına nəzər salmaq da pis olmazdı. Fikir vermisinizsə, son bir neçə ildə bu giləmeyvə, xüsusən ilin bu vaxtlarında olduqca boldur. Özü də deyək ki, 4-5 il bundan qabaq bazarları bürümüş tamsız və ətirsiz sortlar ilə müqayisədə, indiki məhsulların həmin göstəriciləri xeyli yaxşılaşıb və o dediyimiz "köhnə xatirələri yada sala bilir". Bu, onu göstərir ki, artıq fermerlərimiz bu sahənin incəliklərindən də "baş çıxara" bilirlər. Bu məsələdə dövlətin dəstəyinin də həlledici rolu var. Belə ki, son iki ildə çiyələk istehsalçılarımız üçün xaricdən gətirilən əkin məhsullarının çeşidi çoxaldılıb. Misal üçün, keçən ildən etibarən respublikamızdakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərənin bir şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə layihə ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqini nəzərdə tutur. Layihə çərçivəsində İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və yüksək məhsuldarlıq göstəriciləri olan sortların becərilməsi fermerlərə tövsiyə edilir.
Çiyələkçilik daha çox cənub bölgəsi üçün ənənəvi sayılsa da qərb rayonlarında da bu sahədə canlanma hiss olunur. Mövsümi məhsul kimi bazarda tələbat və qiymət sarıdan problemi olmayan çiyələyin Şəmkirin də sahə və istixanalarında da istehsal tempi artırılıb. Hazırda Şəmkir rayonunda ümumi hesabla 50 hektardan çox sahədə çiyələk bitkisi becərilir. Bu sahədə 200 nəfərə yaxın insan ilboyu işlə təmin olunur. Şəmkirdəki çiyələk istehsalçıları məhsuldarlığı ilə seçilən "Murano", "Albion" və "Cleri" növünə daha çox üstünlük verirlər. Çiyələkçi fermerlərin sözlərinə görə, sahələrə göstərilən qulluğun keyfiyyətindən asılı olaraq, bir hektar çiyələk sahəsindən 20-30 ton məhsul yığmaq mümkündür.
Doğrudan da çiyələk, özü kimi incə və həssas qulluq tələb edir. Son dövrlər çiyələk sahələrində səmərəli texnologiyalar tətbiq olunur. Belə ki, çiyələyin tirəsi polietilen örtüklə əhatələnir. Bitki yalnız örtükdə açılmış deşikdən boy verir. Bu, bitkini qənaətcil damcı üsulu ilə suvarmağa imkan verir, qidalandırıcı maddələr də həmin yolla bitkiyə çatdırılır. Həmçinin, çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır, şoranlaşmanı aradan qaldırır və qışda şaxtalar zamanı bitkinin köklərinin donmasının qarşısını alır. Odur ki, isti şəraitdə bir neçə dəfə məhsul yığmaq mümkün olur.
Çiyələkçiliyin perspektivləri haqda mülahizələrini bizimlə bölüşən bağçı-meyvəçi alim, biologiya elmləri namizədi, Gəncədəki Aqrar Universitetin dosenti Hüseyn İdrisov çiyələyin istehsalını ilboyu ritmə salmaq üçün məhsulun saxlanılması məsələlərini də həll etməyin zəruriliyini bildirir.
"Mənşəyi Amerika qitəsi olan, dünyanın dörd bir tərəfində yetişdirilən, bizdə də tarix boyu ənənəvi becərilən çiyələyin istehsalının yüksəldilməsi bu tez xarab olan məhsulun saxlanılması üçün xüsusi anbarların yaradılmasından asılıdır. Ümumiyyətlə, hər bir meyvə-giləmeyvə məhsulu kimi, çiyələk məhsulunun da istehsal-satış-emal zənciri üzrə məsələlərinin həll edilməsi vacibdir. Qabaqcıl aqrar ölkələrdə xüsusən emal sahəsinə xüsusi diqqət yetirilir" - deyə o, bildirir.
Müsahib həmçinin, ölkəmizdə çiyələk becərilməsinin demək olar ki, tamamilə xaricdən gətirilmiş sortlar üzərində qurulduğunu qeyd edir.
"Rayonlarımızda müxtəlif çiyələk sortlarının becərilməsi üzrə rəngarənglik var. Yəni ayrı-ayrı yerlərdə ABŞ, İspaniya, İtaliya, İngiltərə, Rusiya və digər ölkələrdən gətirilmiş ən müxtəlif sortlar becərilir. Yerlərdə həm təbii, həm də istixana şəraitində çiyələk becərilməsi üzrə kifayət qədər təcrübə var. O cümlədən, məhsuldarlıq göstəricisinin hər hektardan 50-60 tona çatdırmaq da realdır. İşlərin düzgün təşkil edilməsi şəraitində bu sahədə böyük uğurlara nail olmaq, mümkündür" - deyə, H. İdrisov vurğulayır.
Onu da yada salaq ki, bu ilin may ayında ölkəmizdə ilk dəfə olaraq, Cəlilabadda "Çiyələk festivalı" da keçirilib.
Zakir Muradov, Gəncə-Şəmkir



