|
|
|
|

Rusiya-Ukrayna müharibəsi dünyanı ərzaq böhranı ilə üz-üzə qoyub. Müharibənin davam etməsi bu böhranın daha da kəskinləşməsinə gətirib çıxara bilər. BMT, Avropa İttifaqı və digər qurumlar bununla bağlı dəfələrlə çağırışlar edib.
Məlumata görə, dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı COVİD-19 pandemiyasından əvvəl 135 milyondan idisə, 2022-ci ilin əvvəlində bu rəqəm 276 milyona, hazırda isə 323 milyona çatıb. Qərb rəsmilərinə görə, Rusiya Ukrayna anbarlarında 20 milyon ton taxılı bloklayıb və qlobal bazara çıxmasına imkan vermir. Bu isə təkcə Ukrayna üçün deyil, dünya üçün ciddi problemlər yaradır. Çünki bir çox ölkələr Rusiya və Ukraynadan gələn taxıl və gübrələrdən çox asılıdır.
Bir neçə gün əvvəl İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bu istiqamətdə ciddi addım atılıb. Belə ki, tərəflər Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı dəhlizin yaradılmasında ilkin razılığa gəliblər. Görüşdən sonra açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, dördtərəfli görüşdə Ukrayna taxılının ixracı üzrə koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub: "Müsbət və konstruktiv atmosferdə keçən görüş nəticəsində İstanbulda bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanlarda birgə nəzarət və gəmilərin marşrutlarında təhlükəsizlik kimi əsas texniki məsələlər razılaşdırılıb".
Onun sözlərinə görə, məsələ ilə bağlı Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə yenidən Türkiyədə görüşəcək, tərəflər hər bir detalı nəzərdən keçirəcək və görülən bütün işləri imzaları ilə təsdiq edəcəklər.
BMT-nin baş katibi Antoniu Quterreş isə əldə edilən razılığı Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı daşınmasını təmin etmək istiqamətində mühüm addım adlandırıb: "Lakin bu gün əldə edilən irəliləyişin reallaşdırılması üçün daha çox texniki iş tələb olunacaq".
Quterreş hesab edir ki, Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracı ilə bağlı yekun razılaşma gələn həftə əldə oluna bilər.
"The Wall Street Journal" (WSJ) danışıqların gedişi ilə tanış olan qərbli diplomata istinadla yazıb ki, əldə edilmiş razılaşmaya görə, taxıl ixracı Ukraynanın üç limanı vasitəsilə həyata keçiriləcək. Bunun üçün minalardan təmizlənmə və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmi yoxlamalarında fəal iştirakı tələb olunur. Türkiyə donanması Ukrayna limanlarına gələn boş gəmiləri yoxlayacaq. Bu, Rusiyanın gəmilərin Qərb silahlarının daşınması üçün istifadə oluna biləcəyi ilə bağlı qorxularını aradan qaldırmaq üçündür. Həmçinin, minatəmizləmənin dəqiq necə aparılacağı müəyyən edilməyib. Qəzetin yazdığına görə, Ukrayna BMT-yə bildirib ki, minalanmış sahələrdən təhlükəsiz keçidi təmin edə bilər. Lakin üzən minalar da təmizlənməlidir.
Danışıqlarla tanış olan rəsmi şəxs bildirib ki, bəzi texniki detallar həll edildikdən sonra müqavilə yaxın günlərdə imzalana bilər. Onun ehtimalına görə, razılaşma gələn həftə Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı imzalana bilər. Ancaq bunun mütləq baş verəcəyini söyləmək də mümkün deyil. O, xəbərdarlıq edib ki, Rusiya prezidentindən hələlik cavab gəlməyib: "Ən əsası, hələ də Putinin yaşıl işığına ehtiyacımız var".
Ukraynadan taxıl ixracı ərzaq böhranının nəticələrini azaltmaq üçün həm dünya birliyi, həm də Ukraynanın özü üçün lazımdır. Ölkə istehlak edə biləcəyindən daha çox kənd təsərrüfatı məhsulları yetişdirir və Ukraynanın da ixracdan əldə edilən nağd pula ehtiyacı var. Bundan əlavə, yaxın vaxtlarda dənizlə təchizat yolu açılmasa, "əlavə" ərzaq saxlamaq üçün heç bir yer olmayacaq.
Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, yaxın günlərdə BMT-nin Baş katibi Antonio Quterreşlə "taxıl dəhlizi"nin yaradılmasının detallarını razılaşdırmağı planlaşdırır: "Biz həqiqətən də dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün əhəmiyyətli səylər göstəririk. Mən BMT-yə və Türkiyəyə müvafiq səylərə görə minnətdaram".
O vurğulayıb ki, bu uğur təkcə Ukrayna üçün deyil, bütün dünya üçün lazımdır.
Xatırladaq ki, iyunun 8-də Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçirilən danışıqlarda taxıl dəhlizinin yaradılması müzakirə olunub. İyunun 21-də Moskvada Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ukraynadan ixracın blokdan çıxarılması ilə bağlı danışıqlar aparılıb. Həmin vaxt Ukrayna taxılının ixracını əlaqələndirmək üçün Türkiyə, Rusiya Federasiyası və Ukraynanın hərbi qurumları arasında üç ölkənin hərbçilərinin cavabdeh olduğu qaynar xəttin yaradılması məlum olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30-da Madriddə keçirilən NATO Zirvəsindən sonra Ankaranın Qara dənizdən keçəcək kənd təsərrüfatı məhsullarını ixrac etməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Ukrayna limanlarında Türkiyəyə məxsus 20-yə yaxın ticarət gəmisi var və onlar daşımağa hazırdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyulun 8-də G20 (Böyük iyirmilik) ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirakın yekunlarına əsasən, Rusiyanın Ukrayna və Türkiyə tərəfləri ilə Ukrayna taxılının ixracına dair danışıqlara prosesinə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu prosesdə hərbçilər əsas rol oynayır.
PƏRVANƏ



