|
|
|
|

Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair prosesə start verildi. Bu məqsədlə hər iki tərəfdən xüsusi nümayəndələr təyin edilib. Ermənistanı danışıqlarda parlamentin sədr müavini Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç təmsil edir. Tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada keçirilib. Ankara bu prosesi Bakı ilə koordinasiyalı şəkildə həyata keçirir. Bir neçə gün əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk telefon danışığı baş tutub. Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər. Ermənistan və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə, Ərdoğan isə öz növbəsində Paşinyanı Vardavar bayramı ilə əlaqədar təbrik ediblər.
Mətbuat iyulun 1-də Vyanada keçirilən E
rmənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşündən sonra prosesdə müəyyən irəliləyişin olduğunu yazır. Məlumata görə, tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, habelə iki ölkə arasında yüklərin birbaşa hava daşınmasına icazə verilməsi barədə razılığa gəliblər. "GazeteKars" isə Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanıldığını yazıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd olunub ki, gündəlikdə duran əsas məsələ "Doğukapı" sərhəd-keçid məntəqəsinin, "Alican" avtomobil və dəmir yolunun açılmasıdır.
Həm ABŞ, həm də Rusiya prosesi dəstəklədiklərinə dair bəyanat veriblər.
"ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını güclü şəkildə dəstəkləyir. Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirlərin qarşısını almaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa aparacaq potensialına malikdir. Bu, Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir. ABŞ bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə dəstəkləməyə hazırdır", - deyə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Moskvanın bu prosesi daim dəstəklədiyini deyib: "Biz bundan sonra da Ermənistan-Türkiyə dialoquna hər cür kömək etməyə hazırıq. Güman edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına uyğundur".
Erməni ictimai xadim Vahram Atanesyan açıqlamasında deyib ki, Ermənistan-Türkiyə dialoqunda irəliləyiş var: "Ərdoğanla Paşinyanın telefon danışığı tərəflərin ciddi münasibətindən xəbər verir. Ermənistan-Türkiyə dialoqu Rusiya-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır. Bu gün prioritet Ermənistanın öz suverenliyini nə qədər qoruyub saxlaya biləcəyidir. Türkiyə subyektiv Ermənistanla məşğul olmaqda maraqlıdır".
Mövzunu "525"ə şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar bildirib ki, dialoq aparmaq hər zaman faydalıdır. Ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır: "Amma açıq desək, Ermənistan sülh prosesindən, siyasi proseslərdən öz mənfəəti üçün istifadə etmək niyyətində olan ölkədir. Məqsədi sülh prosesini gecikdirməkdir. Əgər bu ölkə həqiqətən sülh istəyirsə, o zaman düşüncəsini, paradiqmanı dəyişdirməlidir. Lakin mən problemə yanaşmanın, paradiqmanın dəyişdirilməsini çox da görmürəm. Ermənistan rəsmilərinin verdikləri açıqlamalar Türkiyə və Azərbaycanla münasibət qurmaq məqsədindən irəli gəlmir. Bu açıqlamalar daha çox Türkiyə və Azərbaycanın diqqətini yayındırmaq şəklindədir. Azərbaycanın müharibədə əldə etdiyi uğurları siyasi və diplomatik olaraq tamamlaması lazımdır. Ermənistan kimi bir ölkə onu himayə edənlərlə birlikdə "haqqınızı təslim edim" deməz. Haqqı ondan almaq lazımdır".
A.Ağar hesab edir ki, dialoq prosesində Ermənistanın əvvəldən "ayaq sürüdüyü", mənfəətlərini qorumaq və bundan istifadə edərək itirdiklərini qazanmaq adına istifadə etmək istədiyini görürük: "Ermənistan bu günə qədər Rusiyanın himayəsi altına hər hansı bir müsbət addım atmadı. Bunu görmək lazımdır. Təbii ki, burda təkcə Ermənistan məsələsi deyil. Əslində prosesə Rusiya və Avropa İttifaqı müdaxilə edib. Qarabağ müharibəsindən sonra qalan məsələlərin tamamilə həlli, Zəngəzur dəhlizinin açılması Azərbaycanın haqqıdır. Azərbaycan öz addımlarını beynəlxalq hüquq çərçivəsində, razılaşmalara uyğun olaraq atır. Lakin Qarabağ müharibəsində olduğu kimi, əgər güc lazım gələrsə, iradə və təsir göstərməliyik. Ermənistanın münasibəti problemin həllinə yönəlik bir müsbət addımların atılmasını bu günə kimi görmədim. Onların siyasi diplomatik prosesi gecikdirməsi real addımlar atmaq istəmədiklərindən irəli gəlir”.
Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi, o cümlədən, digər iddialarından əl çəkməsi ehtimalına gəlincə, ekspert deyib ki, türkü özünün düşməni hesab edən bir dövlətin bu iddialarından, xəyallarından, ehtiraslarından əl çəkəcəyini gözləmək xəyalpərəstlik olardı: "Bunun üçün sağlam düşüncə lazımdır. Düşünürəm ki, qarşı tərəfin zaman-zaman Türkiyə ilə əlaqəsi, təması onlara xətalarını göstərəcək. Ermənistan illər ərzində iddialarından əl çəkmədi, əksinə, müharibə ilə birlikdə çarəsizcə bu iddialara sarıldığını düşünürəm. Yəni qolu-qanadı qırıldı, amma iddialardan vaz keçmədi. Çünki dövlətini, onun siyasi, sosioloji, psixoloji, mədəni strukturunu bu şəkildə qurub. Bu, təbii ki, çox təhlükəlidir. Bizə də təhlükə hasil edir. Ermənistan illərlə Qarabağı işğal altında saxladı, minlərlə insanın həyatını itirməsi bahasına başa gələn siyasət, strategiya apardı. Bu əxlaqı, siyasəti, strategiyanı dəyişdirdimi, məncə, yox. Dəyişdirdiyini düşünmək böyük bir sadəlövhlük olardı. Sadəcə indi gücünü itirmiş, qolu-qanadı qırılmış vəziyyətdədir. Toparlandığı zaman iddialarını davam etdirəcəyinə dair niyyət və məqsədlərini sezirik".
Pərvanə SULTANOVA



