|
|
|
|

Diqqətli oxucularımız yəqin "Gəncənin adı gözəl, özü palçığa qərq olmuş Məhsəti qəsəbəsi" (bax "525-ci qəzet" 13.10.2021-ci il) adlı yazımızı xatırlayırlar. Həmin reportajımızda böyük və gözəl şairəmizin ismini daşıyan, amma özü zəruri yaşayış şərtləri baxımından uzun illərdir acınacaqlı durumda qalan, azacıq yağışlardan belə küçələri palçıqdan keçilməz hala gələn, kanalizasiya sistemi yerli-dibli olmayan, digər zəruri infrastruktur məsələləri də öz həllini gözləyən, 4 mindən çox evə, 16 min nəfərədək sakinə malik böyük bir qəsəbənin "gününə ağlamışdıq".
Amma Məhsəti sakinlərinin üzünə gün tam doğmasa da, onlar şad bir xəbərin sevincini yaşayırlar. Neçə onilliklər ərzində böyüyə-böyüyə, nəhayət, 2011-ci ildən rəsmi qəsəbə statusu almış bu yaşayış məntəqəsinə qaz xətlərinin çəkilməsinə başlanılıb.
Qəsəbənin sakinləri bu məkanda yaxşı işlərin başlanmasına çox sevinirlər.
"30 ildir ki, burada yaşayıram. Bizim ərazilərə qaz çəkilişinin ayağının sayalı olmasına inanıram və Məhsətinin digər problemlərinin də çözüləcəyinə ümid edirəm", - deyə qəsəbə sakini Müşfiq Səfərov bildirir.
Mavi yanacağın mənzillərə gəlməsinə, əlbəttə, qadınlar daha çox sevinirlər.
"Bizim qaz problemimizin həll olunmağına görə minnətdarlığımızı bildiririk. Nəhayət evlərimizdə, mətbəxlərimizdə rahatlıq olacaq", - deyə Sədaqət Süleymanova razılıq edir.
Qeyd etdiyimiz kimi, qəsəbə onilliklər ərzində necə deyərlər, xaotik şəkildə böyümüş və bu səbəbdən də onun ərazisində planlı təchizat işləri mümkün olmamışdır. Elə bu səbəbdən də Məhsətinin əksər zonaları mavi yanacaq xətlərindən kənarda qalmışdır. Hazırda aparılan planlı qazlaşdırma işlərinə qəsəbənin 17-ci və 13-cü küçələrindən başlanılıb. Bildirilir ki, qazlaşdırma mərhələ-mərhələ aparılacaq və bütün qəsəbəni əhatə edəcək. Qəsəbənin 150-yə yaxın sakinin yaşadığı 17-ci küçəsində artıq 1700 metrlik qaz xətti çəkilib. 100 ailənin yaşadığı 13-cü küçədə isə işlər davam edir.
"Hazırda qəsəbənin bu ərazisində xətlərin çəkilməsi işlərinin əsas hissəsi görülüb - bu küçəyə aid 750 metr xəttin 500 metri artıq çəkilib. Ümumiyyətlə nəzərdə tutulur ki, qış aylarınadək qəsəbənin qaz problemi həll olunacaq", - deyə Regional Qaz İstismarı idarəsinin Gəncə şəhəri üzrə sahə rəisinin müavini Samin Hacıyev bildirir.
Müsahib, həmçinin, Gəncənin hələ qazlaşdırılm`amış digər ərazilərində də işlərə başlandığını qeyd edib.
Zakir MURADOV, Gəncə



