ABŞ-da elektron siqaret istehsalçısı "Juul" 33 ştatda gəncləri nikotinə aludəçilik törətdiyinə görə aparılan iki illik istintaq çərçivəsində məhkəməyə təzminat ödəməyə razılaşıb.
525.az xəbər verir ki, Konnektikut ştatının baş prokuroru Uilyam Tonq 33 ştat adından verdiyi açıqlamada "Juul" firması ilə əldə olunan razılaşmaya əsasən, şirkətin 6-10 il müddətində 438,5 milyon dollar təzminat ödəməyə razılaşdığını bildirib. Razılığın "Juul" məhsullarının marketinqinə dair bir çox məhdudiyyətləri də ehtiva etdiyi və yaxın həftələrdə müvafiq ştatlarda təsdiqləndikdən sonra rəsmi şəkildə yekunlaşacağı bildirilib. Sözügedən təzminatın məbləği "Juul"un keçən il ABŞ-da 1,9 milyard dollarlıq satışlarının təxminən 25%-dir.
"Juul" 2015-ci ildə buraxıldıqdan sonra gənclər arasında elektron siqaret istifadəsi sürətlə artdı və ABŞ Qida və Dərman İdarəsi (FDA) gənclər arasında nikotin asılılığı riski üçün epidemiya elan etdi. FDA ilk dəfə 2020-ci ilin yanvarında meyvə, şirniyyat, nanə və şirin dadlı bütün elektron siqaretlərin istehsalı və satışının qadağan edildiyini açıqladı və bu ilin 23 iyununda bütün Juul məhsullarının rəflərdən çıxarılmasını tələb etdi.
Qeyd edək ki, ABŞ hökumətinin məlumatlarına görə, ölkədəki hər dörd orta məktəb şagirdindən biri qadağaya baxmayaraq elektron siqaretdən istifadə edir.
Məhəmməd Tağıyev