Meksika hökuməti Popokatepetl vulkanında son 8 gündə üçüncü dəfə püskürmənin baş verdiyini bildirib.
525.az dünya mediasına istinadən xəbər verir ki, Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin verdiyi açıqlamaya görə, ötən gecə yerli vaxtla saat 21:21-də Popokatepetl vulkanında püskürmə baş verib. Vulkanın püskürməsi nəticəsində çıxan lava və külün 3 min metr yüksəkliyə çatdığı bildirilib.
Mərkəz tərəfindən dərc edilən vulkanın gündəlik fəaliyyət hesabatında, son 24 saat ərzində püskürmə ilə yanaşı, 2 kiçik zəlzələ və 41 qaz və toz çıxışının qeydə alındığı bildirilib.
Səlahiyyətlilər, püskürmələr nəticəsində daş və çınqıl düşə biləcəyi üçün vətəndaşlara vulkandan uzaq olmaları barədə xəbərdarlıq edib, ətraf yaşayış məntəqələrində yaşayanlara kül və yağışla baş verə biləcək sel sularına və palçıq axınına qarşı tədbir görmələrini tövsiyə edib.
Qeyd edək ki, Aztek dilində "tüstü çıxaran dağ" mənasını verən Popokatepetl, 5 452 metr yüksəkliyi ilə Şimali Amerikanın ikinci ən böyük vulkanıdır. Kraterinin diametri 900 metr və dərinliyi 150 metr olan Popokatepetlin əkizi İztakkihuatl vulkanı isə ondan 16 km şimalda yerləşir.
Mançester Universitetinin alimlərinə görə, son 1 ildə aktivləşən vulkan yaxın bir neçə ildə püskürməsi gözlənilən vulkanlar arasında 5-ci yerdədir. Popokatepetl vulkanı 3 sentyabr və 30 avqust tarixlərində 2 ayrı püskürmə müşahidə edilib, bu ilin yanvarında 3 dəfə, martda 1 dəfə və ötən il ərzində 8 dəfə püskürmə qeydə alınıb.
Malik Atilay